Coğrafi sərhədləri geniş olan Türk dünyası böyük bir ailədir
Türk dünyası

Coğrafi sərhədləri geniş olan Türk dünyası böyük bir ailədir

2022-ci il noyabrın 11-də türk dünyasında birlik, həmrəylik və qardaşlıq növbəti dəfə nümayiş etdirildi. Bu dəfə dostluğumuzun, müttəfiqliyimizin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirə Özbəkistan evsahibliyi etdi. Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin liderlərinin Səmərqənddə keçirilən IX Zirvə görüşü eyni kökə, ənənəyə, mədəni dəyərlərə malik türk xalqlarının və dövlətlərinin daha da yaxınlaşması, təşkilatlanması və birliyinin möhkəmlənməsi baxımından çox böyük tarixi əhəmiyyət daşıyır.

"Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə görüşündə çıxışı zamanı bildirib. Dövlətimizin başçısı deyib ki, Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. Türk dünyasının böyük bir ailə olduğunu deyən Azərbaycan Prezidenti qeyd edib ki, bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq.

Prezident İlham Əliyev böyük iqtisadi potensiala, enerji ehtiyatlarına, nəqliyyat yollarına, müasir hərbi imkanlara malik olan 200 milyonluq türk dünyasının problemlərini və onların həlli üçün səylərin birləşdirilməsinin, əməkdaşlığı genişləndirməyin vacibliyini vurğulayıb. Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin və milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatdığını bildirib.

Dövlət başçısı qeyd edib ki, Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları məsələsi daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır. Azərbaycan dövlətinin xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirdiyini vurğulayan İlham Əliyev bildirib: "Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələri heç vaxt kəsməmələri üçün səylərimizi davam etdirəcəyik".

Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Türk dövlətləri və xalqları arasında siyasi-mədəni bağların möhkəmləndirilməsi yaşadığımız dövrdə yeni mərhələyə yüksəlib. Türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilmiş Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə uyğun olaraq Türk Şurası yaradıldı. O zaman Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləri olmuşdular. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən başlayaraq Türk Dövlətləri Təşkilatı böyük inkişaf yolu keçmişdir.

TDT-nin 12 noyabr 2021-ci il tarixində Türkiyənin İstanbul şəhərində keçirilən VIII Zirvə görüşündə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev təşkilatın təməlində təbii müttəfiqlərin yerləşdiyini vurğulamışdı. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) adının "Türk Dövlətləri Təşkilatı"na dəyişdirilməsinin çox böyük tarixi əhəmiyyət daşıdığını qeyd edən dövlətimizin başçısı demişdi: "Çünki bu təşkilatın təməlində təbii müttəfiqlər yerləşir və həm tarix, həm mədəniyyət, həm bizim ənənələrimiz, bizim adət-ənənələrimiz, bax, bu, birliyi diktə edir. Eyni zamanda, indiki dünyada təhlükələr hər ay, hər il yaranır və əfsuslar olsun ki, dünyanın aparıcı ölkələri bu təhlükələrə qarşı düzgün addımlar ata bilmirlər və əminəm ki, Türk Dövlətləri Təşkilatının təkcə ölkələrimiz, xalqlarımız üçün deyil, dünya üçün önəmi bundan sonra da artacaq". Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk dünyasının təəssüf ki, indiyə qədər çoxlu zərbələr aldığını və bu zərbələrə görə istədiyi hədəflərə çata bilmədiyini ifadə edib: "Əvvəlki dönəmdə sədrlik etdiyimiz İstanbul Zirvəsi əslində türk dövlətləri üçün dönüş nöqtəsi oldu. Bu sammitlə biz Türk Şurasını Türk Dövlətləri Təşkilatı adlı beynəlxalq təşkilata çevirdik".

Türk Dövlətləri Təşkilatı yarandığı zaman onun dörd üzv ölkəsi - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan olduğu halda, bu gün artıq təşkilatda beş üzv və iki müşahidəçi ölkə var. Türkmənistan və Macarıstan müşahidəçi statusuna malikdir. Təşkilatın ofisi fəaliyyət göstərən Macarıstanın bu təşkilata qoşulması, eləcə də onlarla digər ölkənin müşahidəçi statusu almaq istəyi TDT-nin çəkisini və perspektivini daha da artırır. Səmərqənd Zirvə görüşündə təşkilata sədrlik Türkiyədən Özbəkistana keçib. Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Türk Dünyasının Ali Ordeni" ilə təltif edilməsi türk dünyasının Türkiyə Prezidentinə olan hörmət və ehtiramın parlaq ifadəsi idi. Qeyd edək ki, Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) katibliyi və Türk Mədəniyyəti və İrsi Fondunun katibliyi Azərbaycanda yerləşir. Türk Dövlətləri Təşkilatı yarandıqdan sonra Almatı, Bişkek, Qəbələ, Bodrum, Astana, Çolpan-Ata, Bakı və İstanbul olmaqla səkkiz Zirvə görüşü keçirilib.

Bu baxımdan, Səmərqənd Zirvə görüşü qloballaşan dünyada get-gedə daha güclü platformaya, daha böyük söz sahibinə çevrilən TDT-nin gələcək fəaliyyətinin istiqamətlərinin müəyyənləşdirilməsi üçün mühüm imkan yaradacaq. 44 günlük Vətən müharibəsi Azərbaycanın Zəfəri ilə başa çatdı və 30 ildən sonra torpaqlarımıza qovuşduq. Müharibə zamanı türkdilli dövlətlərin Azərbaycana dəstəyini xüsusi vurğulamaq lazımdır. "Qarabağla əlaqədar çox ciddi mübarizə aparan və bu mübarizəni hazırda infrastrukturun qurulması ilə ən yüksək səviyyədə davam etdirən İlham Əliyev qardaşımın bu sahədə iki ildə nələr bacardığını, nələri ortaya qoyduğunu görürük". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

2021-ci ildə İstanbul Zirvə görüşündə Azərbaycan ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi Qələbəyə görə Prezident İlham Əliyev "Türk Dünyasının Ali Ordeni" ilə təltif edilib. Türk Dövlətləri Təşkilatı Azərbaycanın keçmiş münaqişə ilə bağlı haqlı mövqeyini hər zaman dəstəkləyib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın azad olunmuş torpaqlara üç dəfə səfər etdiyini, Şuşada, Füzulidə, Zəngilanda və Cəbrayılda olduğunu vurğulayan Prezident İlham Əliyev bildirib: "Mən digər türk dövlətlərinin başçılarını da Qarabağa və Şərqi Zəngəzura dəvət edirəm. Fürsətdən istifadə edərək, mən işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən tikiləcək məktəbə və Qazaxıstan tərəfindən inşa olunacaq yaradıcılıq mərkəzinə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlığımı bildirirəm. Bunlar Azərbaycan-özbək və Azərbaycan-qazax xalqları arasında olan qardaşlığın təzahürüdür".

Mustafa KAMAL,

"Respublika".