Çıraqov və digərləri Ermənistana qarşı
Digər xəbərlər

Çıraqov və digərləri Ermənistana qarşı

Hələ bir neçə il bundan əvvəl Ermənistanın havadarlarına arxalanaraq BMT-nin qəbul etdiyi qətnamələri saya salmadığı, Azərbaycana qarşı törətdiyi işğalı ört-basdır etdiyi bir dövrdə 6 nəfər laçınlı məcburi köçkün düşmən ölkənin təcavüzünə qarşı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etdi. Ermənistana qarşı iddia qaldırmış laçınlıları müdafiə və təbliğ edən "Respublika" qəzeti öz səhifələrində onların haqq səsinin eşidilməsinə yardımçı oldu. Laçınlıların müraciəti həmin vaxt çox geniş əks-səda doğurdu. Həmin müraciəti imzalayanların bəziləri ilə görüşüb həmsöhbət olduq. Qəzetin növbəti sayında "Çıraqov və digərləri Ermənistana qarşı" sərlövhəli yazı çap olundu. Həmin müraciəti imzalayanlardan biri Laçın rayonunun Kamallı kənd sakini Fəxrəddin Paşayevlə yenidən görüşərək qaldırdıqları iddianın hansı mərhələdə olduğunu öyrəndik. Fəxrəddin Paşayev dedi:

- Laçın rayonunun Kamallı kəndində doğulmuşam və Ermənistan Laçını işğal edənə qədər orada yaşamışam. Ulu babalarımız həmin kənddə yaşayıb, ömür-gün sürüblər. Əfsuslar olsun ki, 1992-ci il may ayının 18-də doğma yurdum düşmən tərəfindən işğal edildi. Təcavüzkar və işğalçı Ermənistan öz havadarlarına arxalanaraq Laçın şəhərini və kəndlərimizi xarabalığa çevirib. Erməni faşistlər, sözün əsl mənasında vəhşi toplum, xaricdən gətirilmiş muzdlular, daşnaklar evlərə, təbiətə ağlagəlməz dərəcədə ziyan vuraraq düşünüblər ki, bundan sonra bir daha bura yerli sakinlər qayıtmayacaq. Öz torpağı, öz vətəni olmayan ermənilərin düşüncəsi və təfəkkürü də əməlləri kimi dəhşət saçır. Ancaq böyük səhv ediblər. Bizim bu torpağa böyük məhəbbətimiz, sevgimiz var.

Laçının təbii gözəlliklərindən, doğma kəndlərində keçirdiyi günlərdən, yurd yeri ilə bağlı xatirələrindən ətraflı söz açan Fəxrəddin Paşayev Ermənistanın hərbi təcavüzünə qarşı başladıqları mübarizə haqqında ətraflı məlumat verərək deyir:

- 2005-ci ildə 6 laçınlı məcburi köçkün və müharibə veteranı - mən, Elxan Çıraqov, Adışirin Çıraqov, Ramiz Cəbrayılov, Akif Həsənov və Qaraca Cəbrayılov Ermənistanın hərbi təcavüzü nəticəsində pozulmuş hüquqlarımızın bərpa edilməsi və bizə dəyən maddi ziyanla bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etdik. Özünü demokratiyanın və insan hüquqlarının beşiyi sayan Avropa eşitdiyimiz kimi özünü büruzə vermədi, on il dayanmadan iddialarımızı müdafiə etdik. Çox uzun və gərgin mübarizədən sonra 2015-ci ildə məhkəmə "Çıraqov və digərləri Ermənistana qarşı" işi üzrə xeyrimizə qərar çıxardı. Lakin Ermənistan hələ də qərarın icrasını yerinə yetirmir. Onlar utanmadan bizim əleyhimizə Avropa Məhkəməsində iddia qaldırırlar. Məhkəmə ermənilərin iddialarını rədd edir.  Avropa Məhkəməsi simvolik olaraq 6 zərərçəkmişin xeyrinə 6 min avroluq qərar çıxarıb. Hansı ki, bizə dəyən ziyan 2 milyon civarındadır. Biz bunları faktlarla sübuta yetirmişik. Bundan sonra da iddialarımız tam təmin olunana qədər Ermənistana qarşı öz mübarizəmizi dayandırmayacağıq.

Söhbət əsnasında Fəxrəddin Paşayev digər laçınlılara da müraciət etdi:

- Biz istəyirik ki, digər laçınlı məcburi köçkünlər də Ermənistana qarşı iddia qaldırsınlar. Biz həmin şəxslərlə öz təcrübəmizi bölüşməyə hazırıq və onlara dəstək göstərə bilərik. Biz bütün dünyaya sübut edəcəyik ki, Ermənistan işğalçı dövlətdir.

Qeyd edək ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən zərərçəkmiş kimi tanınan həmin 6 nəfər laçınlı keçmiş məcburi köçkün bu günlərdə doğma Laçın rayonuna səfər edib. Yaşadığı həyəcanı, kövrək duyğularını, sevincini dilə gətirən Akif Həsənov danışır ki, otuz ildir ki, bu cənnətməkanın həsrəti ilə gecələri gündüz eləmişəm, xatirələr mənə təsəlli olub, yurdsuzluğun kədəri ilə yaşamışam. Ağbulaq kəndində doğulub boya-başa çatmışam, ən xoşbəxt günlərim kəndimizdə keçib, onun havası, suyu bir məcun idi. Uzun illərdən sonra doğma torpağımıza ayaq basdığım üçün sevincimin həddi-hüdudu yoxdur. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə bizi doğma yerlərə qovuşdurduğu üçün həmyerlilərim adından dərin minnətdarlığımı bildirirəm.

Otuz ildən artıq torpaq həsrəti ilə yaşadıq, tək bircə gün də olsun, inamımızı, ümidimizi itirmədik. Laçının özünəməxsus mənəvi dəyərləri var, ədəb-ərkan, böyüyə hörmət, ata-anaya ehtiram, dostluğa sədaqət, qonaqpərvərlik bu torpağın ən böyük sərvəti hesab olunur. Uzun illər ərzində yurd həsrəti yaşaya-yaşaya həm də bu didərginliyin səbəbkarı olan, işğalçı Ermənistana qarşı 2005-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsində iddia qaldırdıq. On il məhkəmə çəkişməsi apardıq. Çox şükürlər olsun ki, nəticə etibarilə Azərbaycan tarixində ilk dəfə olaraq hüquqi müstəvidə ermənilərin işğalçı bir xalq və dövlət kimi tanınmasına nail olduq. Təbii ki, dövlətimizin diqqəti və köməyi sayəsində biz Ermənistanı işğalçı kimi tanıda bildik. Doğma yerlərə ayaq basmaq çox sevindiricidir, şəhidlərimizin qanı bahasına, ordumuzun qəhrəmanlığı sayəsində biz yenidən yurd yerlərinə qayıtmışıq. Daha bu torpaqlarda düşmən at oynada bilməyəcək, Azərbaycan etibarlı əllərdədir.

Salman ALIOĞLU,

"Respublika".