Çinli investorlar Ələt Azad İqtisadi Zonasının imkanları barədə məlumatlandırılıb
İQTİSADİYYAT

Çinli investorlar Ələt Azad İqtisadi Zonasının imkanları barədə məlumatlandırılıb

Aprelin 27-də Azərbaycanın Çindəki səfirliyində "Ələt Azad İqtisadi Zonası - Azərbaycan-Çin iqtisadi əlaqələrində yeni əməkdaşlıq imkanları" mövzusunda biznes forum keçirilib.

Azərbaycanın Çindəki səfirliyinin, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun, Çin Maşınqayırma və Elektron Məhsulların İdxalı və İxracı Ticarət Palatasının (CCCME) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əksəriyyəti palatanın üzvü olmaqla, 100-ə yaxın Çin şirkətinin nümayəndəsi iştirak edib.

Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı iki ölkə münasibətlərinin dostluğa, qarşılıqlı hörmət və etimada əsaslanan, böyük inkişaf dinamikası ilə seçilən çoxtərəfli tərəfdaşlıq əlaqələri olduğunu vurğulayaraq, dövlət başçıları İlham Əliyev və Si Cinpin arasındakı siyasi dialoqun ölkələrimizin bütün sahələrdə əməkdaşlığının dərinləşməsinə imkan yaratdığını bildirib. O, Azərbaycanın iqtisadi inkişafı, ümumi daxili məhsulun (ÜDM) və qeyri-neft sektorunun artımı barədə danışıb, iqtisadiyyatın müxtəlif sektorlarına yatırılan yerli və xarici, o cümlədən Çin investisiyalarının həcminin ildən-ilə çoxaldığını deyib.

Səfir Ə.Zeynallı Azərbaycanın Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğunu qeyd edərək, ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcminin əvvəlki illə müqayisədə 21 faiz artaraq, 2,2 milyard ABŞ dollarına çatdığını deyib. Hazırda Azərbaycanda 200-dən çox Çin kapitallı şirkət fəaliyyət göstərir. Həmin şirkətlər əsasən sənaye, enerji, infrastruktur, informasiya texnologiyaları, ticarət, kənd təsərrüfatı sahələrində çalışırlar.

Qeyd olunub ki, irimiqyaslı nəqliyyat-logistika layihələri ilə regional tranzit-logistika qovşağına çevrilən Azərbaycan "Bir kəmər, bir yol" strategiyası üzrə çox vacib ölkə kimi yüklərin Çindən Avropaya və əksinə istiqamətdə daşınması üçün əlverişli şərtlər təklif edir. Son vaxtlar Azərbaycan üzərindən daşınan yüklərin miqdarında əhəmiyyətli artım var.

Çin Maşınqayırma və Elektron Məhsulların İdxalı və İxracı Ticarət Palatasının sədri Can Yuycin təmsil etdiyi qurumun Azərbaycanın müxtəlif qurumları ilə sıx işçi əlaqələri olduğunu bildirib. O, bu cür əlaqələr sayəsində Azərbaycanın iqtisadiyyatı, investisiya mühiti barədə əldə etdikləri məlumatları palatanın üzvləri ilə bölüşdüklərini, həmin məlumatların çinli investorlarda Azərbaycana böyük maraq oyatdığını deyib.

Can Yuycin biznes forumu yeni əməkdaşlığın başlanğıcı kimi dəyərləndirdiyini vurğulayaraq, Çin Maşınqayırma və Elektron Məhsulların İdxalı və İxracı Ticarət Palatasının Azərbaycan ilə böyük əməkdaşlıq planlarının olduğunu, palatanın üzvü olan şirkət və investorların Ələt Azad İqtisadi Zonasının rezidenti olmaları üçün təşviqat və məlumatlandırma aparacaqlarını, il ərzində Azərbaycana, o cümlədən Ələt Azad İqtisadi Zonasına biznes missiyanın planlaşdırıldığını deyib.

Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov rəhbərlik etdiyi qurum haqqında geniş təqdimat edib. O, Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın şaxələndirilməsi, ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində çox vacib layihələrin icra olunduğunu bildirib, bu çərçivədə Ələt Azad İqtisadi Zonasının Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcəyini, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracağını söyləyib.

V.Ələsgərov Ələt Azad İqtisadi Zonasının Azərbaycana innovativ texnologiyalara əsaslanan, əlavə dəyər yaradan ixracyönümlü istehsal müəssisələrinin yaradılması üçün münbit şərait təqdim etdiyini diqqətə çatdıraraq, investorlara unikal qanunvericilik bazası, fiskal və qeyri-fiskal imtiyazlar, əlverişli logistika və nəqliyyat infrastrukturu, habelə istehsalatın yaradılması üçün bütün zəruri infrastruktur ilə təchiz olunan torpaq sahələri təklif edildiyini deyib. Valeh Ələsgərov Çin şirkətlərini Ələt Azad İqtisadi Zonasında yaradılmış əlverişli şəraitdən yararlanmağa dəvət edib.

Sonra çinli investorları maraqlandıran suallar cavablandırılıb.

Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərovun Çin Maşınqayırma və Elektron Məhsulların İdxalı və İxracı Ticarət Palatasının sədri Can Yuycin ilə görüşündə birgə əməkdaşlıq sahələri, çinli investorların Ələt Azad İqtisadi Zonasına cəlb olunması üçün müxtəlif tədbirlərin, məlumatlandırma işinin, biznes missiyaların təşkili məsələləri müzakirə olunub.