Çingiz  Qurbanov
Sosial həyat

Çingiz  Qurbanov

Azərbaycanın  Milli  Qəhrəmanı Çingiz  Salman  oğlu  Qurbanov  24 noyabr  1994-cü ildə Qusar rayonunun Həzrə kəndində anadan olub. 2012-ci ildə orta məktəbi bitirən Çingiz Qurbanov elə həmin ildə Azərbaycan Texniki Universitetinə daxil olur. 2016-cı ildə universitetin məzunu olan Çingiz həmin ilin iyul ayında həqiqi hərbi xidmətə yollanır.

Əsgər Çingiz Qurbanov 2016-cı ilin dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhədində ermənilərin kəşfiyyat qrupunun təxribatının qarşısını alarkən ermənilərin qurduğu pusquya düşür və qəhrəmancasına şəhid olur. Buna baxmayaraq, bir neçə erməni zabitini məhv edir. Nəticədə Çingizin nəşi üç həftədən artıq erməni tərəfində qalır. Bütün beynəlxalq normaları pozan ermənilər 2017-ci il fevralın 5-də Çingizin nəşini Azərbaycana  təhvil verir. Çingiz Qurbanov doğulduğu  Qusar şəhərindəki Şəhidlər Xiyabanında  dəfn edilir.

Prezident  İlham Əliyevin  7 fevral 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Fevralın 9-da Prezident İlham Əliyev  Çingiz Qurbanovun ailə üzvlərini qəbul edərək şəhidin atası Salman Qurbanova "Qızıl Ulduz" medalını və Bakı şəhərində yerləşən üçotaqlı mənzilin orderini təqdim etmişdir. Çingizə məxsus əşyalar  bu gün Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda qorunur.

2017-ci il aprelin 1-də Azərbaycan Texniki Universitetdə bu ali məktəbin məzunu, Milli Qəhrəman Çingiz Qurbanov haqqında filmin təqdimatı olmuşdur. 2021-ci ildə Çingiz Qurbanovun xatirəsinə Qusar Dövlət Ləzgi Dram Teatrında "Çingiz dastanı" tamaşası hazırlanmışdır.

Milli Qəhrəmanın atası Salman Qurbanov: “Torpaqlarımızın azadlığı uğrunda canından keçən hər bir oğul və qızlarımızla fəxr edirəm. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Çingizin qəhrəmanlığını, fədakarlığını, Vətənə bağlılığını layiqincə qiymətləndirərək, ona Azərbaycanın Milli Qəhrəmanı adını verib. Çingiz və onun kimi Vətən oğullarının xatirəsi qəlbimizdə daim yaşayacaq”.

Anası Nailə Qurbanova oğlunun yoxluğuna inanmağın çox çətin olduğunu söyləyir: “23 yaş gəncliyin ən gözəl dövründə Çingiz Vətən yolunda şəhid oldu. Bircə ona görə təsəlli tapıram ki, oğlum qəhrəman kimi bu dünyadan köçdü. Bu gün də hər kəsin xatirəsində bir qəhrəman kimi yaşayır. Hərdən elə bilirəm ki, olub-bitənlər bir yuxudur. Mən bu yuxudan ayılacam və Çingiz qapını açıb içəri girəcək. Oğlumu hər yuxuda görəndən sonra elə bil rahatlıq tapıram. Hər dəfə də mənə deyir ki, “yerim çox rahatdır, məndən narahat olmayın. Yuxularda mənə cənnətdə olduğunu işarə verir. Ondan sonra bir qədər rahatlıq tapıram”.

Qardaşı Beytulla: “Qardaş kimi əvəzsiz idi. Çox mehriban, sirrini də ancaq mənimlə bölüşürdü. Hər ikimiz təhsil aldığımıza görə, Bakıya ailəlikcə köçmüşdük. Dərsə də bir yerdə gedib-gəlirdik. Məndən iki kurs yuxarıda oxuyurdu. O qədər mehriban idi ki, hətta mənim kurs yoldaşlarım da onunla dostluq edirdi. Uşaqlığımız da elə bu kənddə keçib. Burada böyümüşük. Nə deyim, elə bir qardaşı itirdik ki… Amma mən xoşbəxtəm. Bilirsinizmi niyə? Çünki Milli Qəhrəman qardaşıyam. 

Çingizin adı Qusar şəhərində bir küçəyə və Həzrə kəndində vaxtilə təhsil aldığı tam orta məktəbə verilib. Ç.Qurbanovun adını daşıyan küçədə onun barelyefi qoyulub.

Müşfiq MİRZƏ,

“Respublika”.