Cinayət cəzasız qalmamalıdır
Siyasət

Cinayət cəzasız qalmamalıdır

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ermənistan silahlı qüvvələri tərəfindən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin kaset tipli raketlərlə atəşə tutulmasının ildönümü ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, Ermənistan silahlı qüvvələri 2020-ci ilin 27 sentyabr tarixindən başlayaraq beynəlxalq səviyyədə qadağan edilmiş silahlardan, o cümlədən əməliyyat-taktiki ballistik raket kompleksindən istifadə etməklə Azərbaycanın cəbhə bölgəsindən uzaq məsafədə yerləşən yaşayış məntəqələrini qəsdən intensiv şəkildə atəşə tutmaqla kifayətlənməmiş, region üçün ciddi ekoloji fəsadlara səbəb ola biləcək müharibə cinayətləri törətmişlər.

Ermənistan silahlı qüvvələri ötən ilin bu günü - 06 oktyabr 2020-ci il tarixində gecə saat 23 radələrindən başlayaraq hərbi əməliyyatların aparıldığı bölgədən uzaqda yerləşən Yevlax rayonunun ərazisindəki Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərini də kaset tipli raketlərlə atəşə tutmuşdur.

Azərbaycan, Gürcüstan, Türkiyə, bütövlükdə bölgə, eləcə də Avropa və dünya dövlətləri üçün həm iqtisadi-siyasi baxımdan, həm də enerji təhlükəsizliyi cəhətdən böyük strateji əhəmiyyətə malik olan həmin boru kəmərinin 10 metrliyinə düşmüş 300-dən çox kaset tipli bombanın qəlpələrinin ətrafa yayılması mülki əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükə yaratmışdır.

Bununla əlaqədar Ermənistan tərəfindən törədilən həmin müharibə cinayətinə sərt şəkildə reaksiya verilməsi, region və Avropanın enerji təhlükəsizliyinə təsir edəcək, o cümlədən ciddi ekoloji fəsadların baş verməsinə səbəb ola biləcək bu kimi cinayətkar əməllərin dayandırılması üçün təcili tədbirlərin görülməsi məqsədilə Ombdusman dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara müraciətlər ünvanlamışdır.

Lakin təəssüflər olsun ki, Ermənistan tərəfindən törədilən digər çoxsaylı müharibə cinayətləri kimi, bu cinayət faktı ilə bağlı da beynəlxalq səviyyədə heç bir tədbir görülməmişdir. Halbuki beynəlxalq əhəmiyyətə malik neft boru kəmərinin qadağan olunmuş silahlarla atəşə tutulması ilə törədilmiş həmin müharibə cinayəti yalnız Azərbaycana qarşı deyil, bütünlükdə region və Avropa dövlətlərinə yönəlməklə, qlobal enerji təklükəsizliyinə zərbə vurmaq və region üçün ciddi ekoloji fəsadlar törətmək məqsədi daşımışdır.

Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin kaset bombalarla atəşə tutulmasının birinci ildönümü ilə əlaqədar yaydığı bəyanatda Azərbaycan Resoublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombdusman) bir daha dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara müraciət edərək, beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozmaqla mülki əhalinin qətlə yetirilməsi ilə nəticələnən çoxsaylı müharibə cinayətləri törətmiş Ermənistana qarşı müvafiq sanksiyaların tətbiq edilməsi, bu cinayətlərin törədilməsində bilavasitə iştirak etmiş həmin dövlətin siyasi-hərbi rəhbərliyində təmsil olunan şəxslərin məsuliyyətə cəlb edilərək cəzalandırılması istiqamətində qətiyyətli, ədalətli addımlar atmağa çağırır.

Zümrüd ABDULLAYEVA,

“Respublika”.