Ceyms Şarp:  Azərbaycan-Böyük Britaniya münasibətlərinin artan gücünü bir daha qeyd etmək üçün əla fürsət olacaq
MÜSAHİBƏLƏR

Ceyms Şarp:  Azərbaycan-Böyük Britaniya münasibətlərinin artan gücünü bir daha qeyd etmək üçün əla fürsət olacaq

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarp AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.

–Cənab səfir, Azərbaycan ilə Böyük Britaniya arasında əlaqələr tarixi və strateji xarakter daşıyır. Böyük Britaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Ölkələrimiz arasında münasibətlərin bugünkü vəziyyəti və perspektivləri barədə nə deyə bilərsiniz?

–Azərbaycan ilə Böyük Britaniya arasında əlaqələr davamlı olaraq güclənməkdədir. İki il bundan əvvəl mən Bakıya gələndə Azərbaycanda "Əsrin müqaviləsi"nin 25-ci ildönümü qeyd olunurdu. Bu hadisə mənə ölkələrimiz arasında ikitərəfli münasibətlərin nə qədər güclü olduğunu və Böyük Britaniyanın Azərbaycanın inkişafını dəstəkləmək üçün nə qədər böyük işlər gördüyünü bariz şəkildə nümayiş etdirdi.

Biz tədricən ikitərəfli münasibətlərimizdə neft və qaz sektorlarından başqa, digər istiqamətlərdə də əlaqələrin yarandığını görürük. İnsanlarımız arasında əlaqələrin inkişafı məni xüsusilə sevindirir. Böyük Britaniyada təhsil almış, işləmiş, Britaniya mədəniyyətini sevən və ya ölkəmizə səfər edən çox sayda azərbaycanlı var. Gələcəyi düşünsək, bu halların hər biri bütün sahələrdə növbəti əlaqələr üçün tutarlı əsas verir. Hesab edirəm ki, "insan" elementi və ya "insan kapitalı" təkcə bizim münasibətlərimizin gələcəyi üçün deyil, həm də Azərbaycanın inkişafı üçün çox vacibdir. Təhsil və ingilis dili getdikcə biliyə arxalanan qlobal iqtisadiyyatda hər bir ölkənin gələcəyi üçün əsas təşkil edir və hər bir fərdin istedadından maksimum istifadə etmək xüsusi əhəmiyyətə malikdir.

Azərbaycanda aztəminatlı ailələrdən olan uşaqların ingilis dilini öyrənmələri, kənd yerlərində tibbi xidmətlər və əlilliyi olan insanların məşğulluq imkanlarını dəstəkləyirik. Bundan əlavə, münaqişənin təsirinə məruz qalmış qadınlar üçün gender bərabərliyinin və imkanların təşviqində fəal iştirak edirik. Növbəti ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və BMT-nin İnkişaf Proqramının Azərbaycan ofisi ilə birlikdə keçmiş təmas xəttinə yaxın şəhərlərdə bir neçə Qadın Resurs Mərkəzi açmağı planlaşdırırıq. Biz, həmçinin münaqişədən sonra xüsusilə vacib hesab etdiyimiz Qadınlar, Sülh və Təhlükəsizlik üzrə Milli Fəaliyyət Planının layihəsinin hazırlanmasını maliyyələşdirmişik. Fikrimizcə, regionda davamlı, uzunmüddətli sülhə nail olmaq üçün Qələbənin yaratdığı yeni imkanlardan istifadə etmək həqiqətən vacibdir. Bu baxımdan, qadınların müxtəlif yanaşmaları və perspektivləri ilə sülhün bərqərar olmasına və barışığa kömək edə biləcəyini təmin etməliyik.

Azərbaycan xalqına göstərdiyimiz dəstəklə həqiqətən fəxr edir və diplomatik münasibətlərimizin 30-cu ildönümünü qeyd edəcəyimiz gələn ili səbirsizliklə gözləyirəm. 2022-ci il münasibətlərin artan gücünü bir daha qeyd etmək üçün əla fürsət olacaq.

–Böyük Britaniyanın "Champan Taylor" şirkəti Şuşanın Baş planının hazırlanması üzrə tenderin qalibi olub. Azərbaycan Energetika Nazirliyi ilə BP arasında Qarabağda günəş elektrik stansiyasının tikintisinə dair icra sazişi imzalanıb. Britaniya şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirakı ilə bağlı daha hansı planlar var?

–Təbii ki, əsas məsələ ilk olaraq ərazilərin minalardan təmizlənməsidir. Məcburi köçkünlərin evlərinə qayıtmaları üçün onlar minalardan xəsarət almaq qorxusundan azad olmalıdırlar. İndiyədək minalardan xeyli sayda insan həyatını itirib. Britaniya ekspertləri ANAMA-ya dəstək olmaq üçün cəlb olunurlar. Bizim şirkətlər və təşkilatlar minatəmizləmə işlərinə kömək edirlər. Onlar ANAMA işçilərinə təlim keçməklə və ya mina sahələrinin xəritəsini müəyyənləşdirmək üçün innovativ dron texnologiyasından istifadə etməklə yardımçı olurlar. Daha geniş mənada, sözügedən ərazilərin inkişafı üçün Böyük Britaniyanın kommersiya baxımından cəlbedici tərəfləri olan təhsil, səhiyyə, informasiya texnologiyaları və təmiz enerji kimi sahələrdə Azərbaycana çoxlu imkanlar təqdim edə bilər. Əminliklə deyə bilərəm ki, Böyük Britaniya şirkətləri əməkdaşlıq etməkdə maraqlı olacaq. Bir sıra hallarda şirkətlər hansı imkanların olduğunu və ya ətraflı məlumatı necə əldə edəcəklərini dəqiq bilmirlər. Aydın məsələdir ki, inkişaf planları hələ də hazırlanmaqdadır. İnanıram ki, yaranan imkanlara dair məlumatın paylaşılması və açıq tenderlər kimi sistemli yanaşma Azərbaycana ən yaxşı və qiymət baxımından ən sərfəli xarici şirkətləri cəlb etməkdə fayda verəcək.

–Xəzər dənizinin Azərbaycan sektorunda neft hasilatında Böyük Britaniya şirkətləri uzun illərdir iştirak edirlər. Bu, uğurlu əməkdaşlığın nümunəsidir. Sizcə, qeyri-neft sektoru - bərpa olunan enerji, kənd təsərrüfatı, səhiyyə, elm-təhsil və digər sahələrdə nə kimi əməkdaşlıq imkanları mövcuddur?

–Bəli, tamamilə doğrudur və biz həqiqətən fəxr edirik ki, Böyük Britaniya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərirlər. Hazırda Azərbaycan iqtisadiyyatını şaxələndirməyə çalışdıqca və dünya ölkələri iqlim dəyişikliyi ilə mübarizə apararkən biz də diqqəti daha çox qeyri-neft sektoruna yönəltməkdəyik. Biz bu yanaşma dəyişikliyini may ayında Bakıda keçirilən Birgə Hökumətlərarası Komissiyanın nazirlər səviyyəsində iclasında qeyd etdik və 14 müxtəlif sahədə əməkdaşlığımızı gücləndirmək barədə razılığa gəldik. Qeyd etdiyiniz kimi, əməkdaşlıq sahələrinə bərpaolunan enerji, kənd təsərrüfatı, səhiyyə, təhsil, informasiya texnologiyaları, maliyyə sektoru və yaradıcı sənaye daxildir. Eyni zamanda, təmiz enerjiyə keçid sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb və enerji bazarının liberallaşdırılması, enerji səmərəliliyi, dəniz külək enerjisinin imkanları kimi sahələrə dəstək göstərməkdəyik. Həmin sektorlarda əməkdaşlıq etmək istəyən Böyük Britaniya şirkətlərinə dəstək olmaq üçün Azərbaycanda Britaniya Ticarət Palatasını da yaratmışıq. Beləliklə, əminəm ki, bir çox sahələrdə gələcək ticarət və investisiya əməkdaşlığı üçün ciddi bazamız formalaşıb.

–Cənab səfir, siz bu yaxınlarda işğaldan azad edilmiş Ağdam şəhərində olmusunuz. Təəssüratlarınız necədir?

–ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqerlə birgə dekabrın əvvəlində Ağdama səfər etdim. Bizi orada qarşılayan və şəhərlə tanış edən Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynova minnətdarlığımı ifadə etmək istəyirəm. Təbii ki, ərazi dağıdılmış vəziyyətdədir, amma mənim əsas təəssüratım yaranan imkanlar barədədir. Şəhərin yenidən qurulması planları heyrətamiz görünür və Azərbaycanı dünyaya tanıtmaq üçün gözəl fürsətdir. Söhbət yalnız texnologiyadan deyil, daha çox insan elementindən gedir. Məsələn, biz "Ağıllı şəhər" və "Ağıllı kənd" layihəsinin əlilliyi olan insanların ehtiyaclarına uyğun qurulmasının və qadınların perspektivlərinin nəzərə alınmasının vacibliyindən danışırıq. Bu, Azərbaycan üçün həm münaqişədən, həm də COVID-19 pandemiyasından sonra "daha mükəmməlini bərpa etmək" üçün əla fürsətdir. Mən Ağdamın necə inkişaf edəcəyini səbirsizliklə gözləyirəm və Ağdamda olarkən Emin Hüseynova yeni şəhərin simasını şəxsən görmək üçün beş ildən sonra yenə buraya gələcəyimi dedim. Sadəcə, onu da əlavə etməliyəm ki, şəhərdə və ətraf ərazilərdə minalara dair məlumatlandırma lövhələrini görmək məni çox sevindirdi. Bu, insanlar arasında mina və partlamamış hərbi sursatların riskləri barədə məlumatlılığın artırılması üçün ANAMA ilə əməkdaşlıq çərçivəsində maliyyələşdirdiyimiz əlavə proqramın mühüm hissəsidir.

–Vaxtilə İngiltərədə azərbaycanlı futbol hakimi Tofiq Bəhramovu yaxşı tanıyırdılar. 55 il bundan əvvəl İngiltərə yığmasının futbol üzrə dünya çempionu olmasına onun ədalətli hakimliyi əhəmiyyətli dərəcədə təsir göstərmişdi. Sizin bu haqda bilginiz varmı?

–Əlbəttə. İngiltərədə hər kəs ölkəmizin dünya kubokunu qazandığı həmin yeganə matçı hələ də çox gözəl xatırlayır. Hazırda yenidən qalib gəlməyə çox yaxınıq. 2018-ci ildə dünya çempionatının yarımfinalına, bu il isə Avropa çempionatının finalına qədər yüksəldik. Beləliklə, 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında qalib gəlmək üçün ciddi şansın olduğunu düşünürük. Ümidavaram ki, oradakı oyunu da azərbaycanlı hakim idarə edəcək.

Futboldan və Azərbaycandan danışarkən, "Avro-2020"də Uels yığmasının Bakıda keçirdiyi hər iki oyunu izlədim və demək istəyirəm ki, matçların təşkili məndə çox müsbət təəssürat yaratdı. Həmçinin azərbaycanlı azarkeşlərin Uels komandasına qarşı qonaqpərvərliyinin şahidi oldum. Həm komanda, həm də azarkeşlər Azərbaycanda olmaqdan zövq aldılar. Bir müddət əvvəl ictimaiyyət üçün xüsusilə vacib məsələ haqqında məlumatlılığı artırmağa xidmət edən "Neftçi"nin "Qadına qarşı zorakılığa son!" şüarı ilə narıncı formada çıxdığı oyuna da getmişdim. Futbol komandası tərəfindən bütün kişi azarkeş və tamaşaçılar qarşısında sözügedən mühüm mesajın paylaşılması çox güclü təsirə malikdir.

–Siz artıq üçüncü ildir ki, Azərbaycanda fəaliyyət göstərirsiniz. Ölkəmiz və onun insanları, adət-ənənələrimiz sizə necə təsir bağışlayır?

–Əslində, iki ildən bir qədər çox vaxt keçib. Ancaq ilk gündən insanların mənə qarşı isti və mehriban münasibət bəslədiyinə heyran oldum. Bu münasibət yalnız mənə qarşı deyil, eyni zamanda, Böyük Britaniyaya da şamil olunur. Böyük Britaniya ilə müqayisədə Azərbaycanda ailə bağlılığının nə qədər dərin olması, insanların öz çoxsaylı qohumlarına kömək və dəstək verməsi məni valeh edir. Bəlkə də bu səbəbdən ölkənin hər tərəfi, istər paytaxt Bakıda, istərsə də bölgələrdə insan özünü çox təhlükəsiz hiss edir. Pandemiyaya baxmayaraq, müxtəlif bölgələri ziyarət etmək, fərqli mənzərələri və cəmiyyətin müxtəlif tərəflərini görmək imkanına çox sevinirəm. Əslində, mənim ən çox sevdiyim iş insanlarla, xüsusən də gənclərlə təmas qurmaq, onların gələcəyə ümidləri və dünyaya marağı ilə tanış olmaqdır. İşimi daha dəyərli edən sırf bu kimi amillərdir.

–Azərbaycan mətbəxində ən çox xoşladığınız yeməklər hansılardır?

–Kifayət qədər çətin sualdır. Azərbaycanda restorana dəvət alanda hər zaman həyəcan keçirirəm. Əsasən qızardılmış badımcan və müxtəlif kabab növlərini sevirəm. Qutablar isə nahar üçün əladır - yüngül və çox dadlı. Sözsüz ki, bölgələrin mətbəxini də sevirəm. Unudulmaz yeməklərdən biri isə məşhur Şəki pitisidr. Yeməkdən həzz almaq çox vaxt yalnız təamlarla bağlı deyil, həm də ümumi yaşadığın təcrübə ilə əlaqədardır. Bu səbəbdən məhz piti yemək üçün Şəkiyə bir daha getdim, möhtəşəm idi.

–Cənab səfir, Böyük Britaniya bu yaxınlarda Qlazqoda BMT-nin COP26 iqlim sammitinə ev sahibliyi edib və həmin tədbirdə Azərbaycan nümayəndə heyəti də iştirak edib. COP26-nın nəticələri haqqında nə deyərdiniz?

–Əslində, ilk növbədə, Qlazqo sammitindən əvvəl bir çox müsbət nəticələrə imza atmağa müvəffəq olduq. Bir çox ölkələr emissiyaların azaldılması ilə bağlı daha iddialı hədəflərə imza atmışdılar. Beləliklə, dünya iqtisadiyyatının 90 faizindən çoxu hazırda "xalis sıfır" hədəflərə fokuslanıb. Xatırladım ki, COP26-da sədrlik Böyük Britaniyaya keçdiyi vaxtda həmin göstərici 30 faizdən aşağı idi. Sammitdə 200-ə yaxın ölkə iqlimlə bağlı fəaliyyətini intensivləşdirəcək Qlazqo İqlim Paktına razılığını ifadə etmişdirlər. Tətbiq etdiyimz yeniliklərdən biri öhdəliklərin meşələr, nəqliyyat vasitələri və kömürdən imtina kimi daha konkret istiqamətlər üzrə təyin olunması idi. Beləliklə, məsələn, bir çox ölkə 2040-cı ilə qədər bütün yeni avtomobil satışlarını sıfır emissiyalı etməyə, kömürdən istifadəni mərhələli şəkildə dayandırmağa və meşələrin qırılmasına son qoymağa razılaşdılar. Mən çox şadam ki, Azərbaycan da bütün bu öhdəliklərə qoşulub və hətta daha iddialı hədəflər seçib.

Əlbəttə ki, ciddi məsələ iqlim dəyişikliyinin sürətini azaltmağa və qlobal istiləşməni 1,5 dərəcə səviyyəsində saxlamağa nail olub, olmamağımızdır. Əslində, 1,5 dərəcə hədəfi hələ də qüvvədə qalır, lakin biz həmin hədəfə çatmaq yolundan uzaqlaşmışıq. Buna görə də, ölkələr gələn il emissiyaların azaldılması üzrə daha iddialı hədəflərə qayıdacaqlar. Bütün ölkələrin öz öhdəliyini yerinə yetirməsi həqiqətən vacibdir. Böyük Britaniyanın iqlim sammitinə sədrliyi gələn ilin sonuna kimi, yəni COP27-yə qədər davam edəcək. Məhz bu səbəbdən, digər ölkələrlə bərabər, Azərbaycanı da 2015-ci il Paris Sazişində nəzərdə tutulduğu kimi 2030-cu ilə qədər emissiyaların azaldılması hədəfini gücləndirməyə və əsrin ortalarına qədər xalis sıfır emissiyaya nail olmağa təşviq etməyə davam edəcəyik. Artıq xalis sıfra sadiq olan BP və onun Azərbaycandakı tərəfdaşı SOCAR şirkəti bu işdə mühüm rol oynayacaq, lakin daha ciddi nəticələr üçün enerji sektoru, nəqliyyat, tullantıların idarə edilməsi və bir sıra digər sektorları əhatə edən geniş əhatəli səylər tətbiq olunmalıdır. İqtisadiyyat böyüdükcə emissiyaların azaldılması ilə bağlı çətinliklərin olduğunu bilirəm, lakin Böyük Britaniya bunun uğurlu nümunəsini təqdim etməkdədir: 1990-cı və 2019-cu illər arasında iqtisadiyyatımızın 78 faiz artmasına baxmayaraq, emissiyalarımızın səviyyəsini 44 faiz azaltmağa müvəffəq olmuşuq.

–Cənab səfir, müsahibə üçün təşəkkür edirik.

AZƏRTAC