Ceyhun Bayramov: Yeni fürsətlərin xalqlarımızın və dövlətlərimizin mənafeləri naminə reallaşdırılması üçün birgə fəaliyyət gücləndirilməlidir
Siyasət

Ceyhun Bayramov: Yeni fürsətlərin xalqlarımızın və dövlətlərimizin mənafeləri naminə reallaşdırılması üçün birgə fəaliyyət gücləndirilməlidir

Təşkilatımıza səmərəli sədrliyinə görə Türkiyə Respublikasına xüsusi təşəkkür edirəm. Türkiyənin sədrliyi dövlətlərimiz arasında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinə töhfə verən çoxsaylı tədbir və fəaliyyətlərlə zəngin olub.

İnanıram ki, bugünkü müzakirələrimiz bu il noyabrın 11-də Özbəkistanda təşkil ediləcək növbəti Zirvə Görüşünə hazırlıq baxımından faydalı olacaq. Qardaş Özbəkistanın Təşkilatımıza üzv olduqdan sonra ilk dəfə belə bir Zirvə Görüşünə ev sahibliyi edəcəyi faktı özü-özlüyündə böyük rəmzi əhəmiyyətə malikdir. Bundan əlavə, əminik ki, növbəti Zirvə Görüşü Təşkilatımızın daha da güclənməsində mühüm bir mərhələ təşkil edəcək.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışında bildirib.

Zirvə Görüşü zamanı bir sıra mühüm sənədlərin, o cümlədən Türk Dövlətləri Təşkilatının 2022-2026-cı illər üzrə Strateji Yol Xəritəsinin, Təşkilatın Prosedur Qaydalarının və digər sənədlərin qəbul olunmasının nəzərdə tutulduğunu bildirən nazir deyib: "Ümid edirəm ki, ekspertlərimiz bu sənədlərin Zirvə görüşünə qədər tamamlanmasına nail olacaqlar. Bu xüsusda konstruktiv əməkdaşlığa görə bütün üzv və müşahidəçi dövlətlərə, eyni zamanda, TDT-nin Baş katibi cənab Bağdat Amreyevə və Katibliyin heyətinə gərgin rejimdə səmərəli iş fəaliyyətinə görə təşəkkürümü bildirmək istərdim.

Biz TDT-nin 2022-2026-cı illər üzrə Strateji Yol Xəritəsinin qəbul edilməsinə xüsusi əhəmiyyət veririk. Hesab edirik ki, bu sənəd qısa və hədəfyönümlü olmaqla, qarşıya qoyulan məqsədə çatmağa imkan verəcək".

Gündəlikdə Katibliyin heyətində də bir sıra dəyişikliklərin edilməsinin yer aldığını vurğulayan nazir qeyd edib: "Həmçinin Azərbaycan davamlı olaraq Katibliyin gücləndirilməsinin tərəfdarı kimi çıxış edir, bu anlayışla hərəkət edərək üzv və müşahidəçi dövlətlər tərəfindən irəli sürülən namizədlərin hər biri tərəfimizdən dəstəklənib. Eyni zamanda, Azərbaycan tərəfi də Türk Akademiyasının Prezidenti və TDT-nin Baş katibinin müavini vəzifələri üçün öz namizədlərini təqdim edib, həmin namizədlərin dəstəklənəcəyinə ümid edirik".

Qeyd edilib ki, növbəti Zirvə Görüşünə doğru irəlilədiyimiz bir vaxtda Təşkilat çərçivəsində, habelə ikitərəfli əsasda əlaqələrimizin inkişaf etdiyini, dialoqun intensivləşdiyini müşahidə etmək məmnunluq doğurur. Bu kontekstdə, Prezident İlham Əliyevin Türkiyə, Özbəkistan, Qırğızıstan və Qazaxıstana son səfərləri dövlətlərimiz arasında əlaqələrin ortaq düşüncə və qarşılıqlı maraqlara söykənən xüsusi xarakterli münasibətlər olmasını bir daha nümayiş etdirir.

 Bildirilib ki, Şuşa şəhərinin Türk dünyanın 2023-cü ildə mədəniyyət paytaxtı seçilməsinə verdiyimiz xüsusi əhəmiyyəti ayrıca vurğulamaq istərdim. Təşkilatımızın Şuşa şəhərinin təbliğ və təşviq edilməsində xüsusi rol oynadığını, burada Təşkilatın himayəsi ilə müxtəlif tədbirlərin təşkil edilməsini məmnunluqla izləyirik.

 Bu xüsusda, bu il sentyabrın 16-da keçirilən Şuşa Türk Biznes Forumu Azərbaycanın azad edilən Qarabağ bölgəsinin dağıdıcı işğaldan sonra inkişafının dəstəklənməsinin konkret istiqamətlərinin müəyyən edilməsində Təşkilatın oynaya biləcəyi rolun və xüsusi istiqamətlərin müəyyən edilməsi baxımından olduqca faydalı olduğuna inanırıq.

 Eyni qaydada, Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin rəsmi beyin mərkəzlərinin bu ilin iyul ayında Şuşada keçirilən görüşü də dövlətlərimiz arasında əməkdaşlıq və tərəfdaşlığın inkişaf etdirilməsi ilə bağlı ciddi müzakirələrin aparılması üçün vacib bir platform olub.

Nazir, eyni zamanda, diqqətə çatdırıb: "Geniş coğrafiyamızda baş verən sürətli proseslər və regionumuzun, eləcə də ümumilikdə türk coğrafiyasının əhəmiyyətinin artması fonunda, bir tərəfdən ortaya çıxan yeni çağırışlarla mübarizənin səmərəli təşkili, digər tərəfdən isə yeni fürsətlərin xalqlarımızın və dövlətlərimizin mənafeləri naminə reallaşdırılması məqsədilə birgə fəaliyyətimiz gücləndirilməlidir. Bu məqsədlərə nail olmaq üçün TDT çox əhəmiyyətli platformadır.

 Azərbaycan tərəfi TDT-nin fəaliyyətini hər zaman dəstəkləyir və bundan sonra da TDT-nin çətiri altında qardaş xalqlarımız arasında münasibətlərin daha da möhkəmləndirilməsi üçün səy göstərəcək. Bu xüsusda, TDT-nin əlaqəli qurumları da fəaliyyətlərinin daha artırması, o cümlədən Koordinasiya Komitəsinin işinin gücləndirilməsi olduqca vacibdir".

Dost və qardaş dövlətlərimiz qarşıya qoyulan bütün məqsədlərə çatmaq üçün çiyin-çiyinə fəaliyyətlərini davam etdirərək, Türk dünyasının parlaq gələcəyinə bundan sonra da töhfə verməyə davam edəcəklərini vurğulayan nazir iclasın yüksək səviyyədə təşkilinə görə Türkiyə tərəfinə bir daha təşəkkürünü bildirib.

AZƏRTAC