Ceyhun Bayramov Vətən müharibəsində Azərbaycanın haqq işinə dəstək verən bütün dövlətlərə minnətdarlıq edib
Siyasət

Ceyhun Bayramov Vətən müharibəsində Azərbaycanın haqq işinə dəstək verən bütün dövlətlərə minnətdarlıq edib

Bu gün Azərbaycanın müstəqillik tarixinin ən böyük günlərindən biridir. Düz bir il bundan əvvəl Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın əmrinə əsasən əks-hücum əməliyyatlarına başlayaraq torpaqlarımızın 30 illik işğalına son qoydu. Məhz sentyabrın 27-dən başlayan Zəfər yolu Vətən müharibəsində Qələbə ilə nəticələndi. Bununla da 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad edildi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələrin xarici işlər nazirlərinin fövqəladə iclası çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında bildirib.

C.Bayramov deyib: "Ötən müddətdə, həmçinin Vətən müharibəsi dövründə Azərbaycanın haqq işinə dəstək nümayiş etdirən bütün dövlətlərə minnətdarlığımı bildirmək istəyirəm. Burada Türkiyə Respublikasının rolunu xüsusi qeyd etmək istərdim. Vətən müharibəsinin ilk günündən etibarən Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türkiyənin dövlət rəsmiləri, siyasi partiyalar, vətəndaş cəmiyyəti və bütün türk xalqı Azərbaycan xalqı və dövlətinin yanında olduqlarını bəyan etdilər. Bu siyasi və mənəvi dəstək bizim üçün çox vacib idi. Bu dəstək bizə əlavə güc verdi. Bu, bizim birliyimizin və qardaşlığımızın inancına çevrildi".

AZƏRTAC