Ceyhun Bayramov Rusiya XİN-in Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə nümayəndəsi ilə görüşüb
Digər xəbərlər

Ceyhun Bayramov Rusiya XİN-in Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə nümayəndəsi ilə görüşüb

İyulun 22-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə bölgədəki cari vəziyyət, o cümlədən Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində müxtəlif istiqamətlər üzrə atılan addımlar barədə fikir mübadiləsi aparılıb.

Tərəflər bölgədə sülh və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatların müddəalarının tam icrasının vacibliyini vurğulayıblar. Normallaşma prosesinin irəli aparılması və konkret nəticələrin əldə olunması üçün bütün səylərin səfərbər edilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər müzakirə edilib.

AZƏRTAC