Ceyhun Bayramov: Ermənistan tərəfindən işğal altında olmuş Azərbaycan ərazilərində urbisid, kultursid və ekosid cinayətləri törədilib
Siyasət

Ceyhun Bayramov: Ermənistan tərəfindən işğal altında olmuş Azərbaycan ərazilərində urbisid, kultursid və ekosid cinayətləri törədilib

Bildiyiniz kimi, 2019-cu il oktyabrın 15-də Türk Şurasının Bakıda keçirilən VII Zirvə görüşündə Azərbaycan təşkilata sədrliyi öz üzərinə götürüb. Azərbaycanın sədrliyinin COVID-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, təşkilat tam gücü ilə fəaliyyətini davam etdirib, həm üzv ölkələri arasında əməkdaşlıq daha da inkişaf edib, həm də təşkilatın beynəlxalq müstəvidə rolu artıb. Bu xüsusda, üzv dövlətlərlə əməkdaşlıq çərçivəsində başda baş katib Bağdat Amreyev olmaqla, Türk Şurası Katibliyinin heyətinin fəaliyyətini təqdir edirik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Xarici İşlər Nazirlərinin VIII Zirvə toplantısında çıxışı zamanı bildirib.

Hazırda Türk Şurasının inkişaf dövrünü yaşadığını bildirən nazir bu gün və sabah dövlətlərimiz tərəfindən qəbul ediləcək önəmli sənədlərin bunun bariz göstəricisi olduğunu ifadə edib: "2020-ci il aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə COVID-19 pandemiyasına həsr olunmuş fövqəladə Zirvə görüşü keçirilib. Bu görüş beynəlxalq təşkilatlar çərçivəsində COVID-19 pandemiyasına həsr olunmuş ilk tədbir olub. Zirvə görüşünün nəticəsi olaraq ölkələrimiz arasında pandemiya və sonrakı dövr ərzində əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı prezidentlərin təlimatlarına uyğun olaraq, iqtisadiyyat, nəqliyyat, səhiyyə, energetika, gömrük və miqrasiya sahələrindən məsul nazirlərin görüşləri keçirilib, qarşıya qoyulan hədəflər müzakirə olunub. Təqdirəlayiq haldır ki, sədrliyimiz dövründə səhiyyə, miqrasiya, kənd təsərrüfatı, energetika, prokurorluq, ədliyyə və humanitar sahədə nazirlər və qurum rəhbərləri səviyyəsində yeni əməkdaşlıq mexanizmləri qurulub.

Bununla yanaşı, cari il martın 31-də videokonfrans vasitəsilə Türk Şurasının qeyri-rəsmi Zirvə görüşü baş tutub.

Eyni zamanda, ötən il fevralın 6-da Bakı şəhərində Türk Şurasına üzv ölkələrin xarici işlər nazirlərinin növbədənkənar iclası, həmçinin 2021-ci il sentyabrın 27-də İstanbul şəhərində "Əfqanıstandakı vəziyyət və son inkişaflar işığında onun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzv dövlətlərinə təsiri" mövzusunda Türk Şurasına üzv ölkələrin xarici işlər nazirlərinin fövqəladə iclası keçirilib. Belə ki, məmnunluqla vurğulamaq istərdim ki, Azərbaycanın sədrliyi dövründə aidiyyəti nazirlərin mütəmadi toplantıları ilə yanaşı, dövlət başçıları, eləcə də xarici işlər nazirləri səviyyəsində iclaslar keçirilib.

2018-ci ildə Macarıstanın təşkilatda müşahidəçi statusu alması ilə Türk Şurası Avropaya doğru açılıb. Sevindirici haldır ki, Macarıstan ilk günlərdən təşkilatda çox fəal olub və bunun sübutudur ki, 2019-cu ildə Macarıstanın təşəbbüsü ilə Budapeştdə Türk Şurası ilə Avropa təsisatları arasında əməkdaşlığı hədəfləyən və önəm kəsb edən Türk Şurası nümayəndəliyinin ofisi fəaliyyətə başlayıb".

Türk Şurası ilə əlaqəli fəaliyyət göstərən TÜRKPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətlərinə xüsusi önəm verildiyini bildirən nazir deyib: "Eyni zamanda, sözügedən təşkilatlar arasında əlaqələndirmə vacibdir, bu xüsusda Bakıda keçirilən sonuncu Zirvə görüşü zamanı yaradılan koordinasiya şurasının işi daha da aktivləşməlidir".

Sədrliyimiz dövründə Azərbaycan üçün olduğu qədər bütün Türk dünyası üçün böyük önəm kəsb edən 44 günlük Vətən müharibəsi və bunun regionda yaratdığı yeni geosiyasi reallıqlar barədə məlumat verən nazir deyib: "Bildiyiniz kimi, ötən əsrin 80-ci illərinin sonunda Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları, təxribatları, terror əməlləri ilə başlamış münaqişə Azərbaycana qarşı hərbi təcavüz ilə nəticələnmişdir. Otuz ilə yaxın müddət ərzində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərinin 20 faizi işğal altına düşmüş, bir milyondan çox azərbaycanlı doğma torpaqlarından didərgin salınıb, taleyi bu günə qədər bəlli olmayan 4000-ə yaxın soydaşımız itkin düşübdür.

Ötən il sentyabrın 27-də təcavüzkar Ermənistanın silahlı qüvvələri Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini, təmas xəttində olan kəndləri və digər mülki infrastruktur obyektlərini atəşə tutmaqla növbəti genişmiqyaslı hərbi təxribata əl atmışdır. Ermənistanın hərbi təcavüzünü dəf etmək, mülki şəxslərin və yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək əks-hücum əməliyyatlarına başlayıb. 44 gün davam edən əməliyyat nəticəsində Ermənistan məğlub olaraq kapitulyasiya aktını imzaladı, bununla da münaqişə sona çatdı. Beləliklə, Azərbaycan BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin icrasını özü təmin etdi.

Təqribən son 30 il ərzində Ermənistan tərəfindən işğal altında olmuş Azərbaycan ərazilərində urbisid, kultursid və ekosid cinayətləri törədilib, bütün mədəni və dini abidələr viran qoyulub, 9 şəhər və yüzlərlə kənd yer üzündən silinib".

Türkiyənin ölkəmizə dəstəyindən danışa Ceyhun Bayramov bildirib ki, müharibənin ilk saatlarından qardaş Türkiyə Azərbaycana dəstək verib. 44 gün ərzində Türkiyənin ən yüksək səviyyədə ölkəmizə verdiyi siyasi və mənəvi dəstəyi şanlı Qələbənin əldə edilməsində əvəzsiz rol oynayıb. "Bu müddət ərzində qardaşım Mövlud Çavuşoğlu beş dəfə Azərbaycana səfər edib. Fürsətdən istifadə edərək, xarici işlər nazirinin simasında qardaş Türkiyəyə təşəkkürümü bildirirəm. Türk Şurası 44 günlük müharibə dövründə Azərbaycana dəstək olan bir sıra açıqlamalar verib. Həm Türk Şurasına, həm də bizə dəstək olan bütün dost ölkələrə buna görə təşəkkürümüzü bildiririk", - deyə Azərbaycanın xarici işlər naziri əlavə edib.

"Bir neçə gün öncə, noyabrın 8-də Zəfərimizin birinci ildönümünü qeyd etdik. Münaqişənin başa çatması ilə əlaqədar Azərbaycan münaqişə sonrası bərpa və yenidənqurma mərhələsinə qədəm qoyub. Bundan sonra regionda proseslər yaranmış yeni reallıqlar əsasında inkişaf edəcək. Dünya birliyinin bu inkişafa dəstəyi regionda sülhün, sabitliyin və rifahın möhkəmlənməsinə xidmət edə bilər.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixli birgə Bəyanatı, xüsusilə regionda kommunikasiya xətlərinin açılması ilə əlaqədar 2021-ci il 11 yanvar tarixli üçtərəfli Bəyanatı ilə daha da inkişaf etdirilib, regionda nəqliyyat kommunikasiya xətlərinin açılması üçün konkret istiqamətlərdə fəaliyyətə başlanılıb.

Nəqliyyat, kommunikasiya, infrastruktur layihələri iştirakçı dövlətlərin hər birinin maraqlarına uyğun gəlir. Əminəm ki, bu, regionda sülh, təhlükəsizlik və inkişafa töhfə verəcək və bütün türk dünyası, eyni zamanda, digər ölkələr üçün də əlavə imkanlar yaradacaq. Regionda yeni kommunikasiya və nəqliyyat dəhlizlərinin, o cümlədən çox önəmli Zəngəzur dəhlizinin, yaradılması əməkdaşlığı daha da gücləndirəcək, habelə ticarət dövriyyəsinin artmasına xidmət edəcəkdir. Ümid edirik ki, tərəfdaş ölkələr də bu imkanlardan istifadə edəcəklər.

Ölkəmizin işğaldan azad edilmiş ərazilərində irimiqyaslı tikinti işləri həyata keçirilməkdədir. Azərbaycan müasir şəhərsalma üsulları, "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyalarını tətbiq edərək, sıfrdan yeni şəhərlər və kəndlər inşa edir, bütün bu işləri öz maddi imkanları hesabına görür. Dost ölkələrin şirkətlərinin qeyd olunan yenidənqurma işlərində iştirakı bizim üçün önəm kəsb edir. Bu kontekstdə, cari ilin sentyabrında Bakıda, eləcə də Budapeştdə baş tutmuş Türk Şurasının biznes forumları əhəmiyyət kəsb edir", - deyə nazir bildirib.

Əsas çətinliyin azad edilmiş ərazilərdə Ermənistan tərəfindən yerləşdirilmiş çoxsaylı minaların mövcudluğu ilə bağlı olduğunu vurğulayan Ceyhun Bayramov deyib: "Müharibə bitdikdən bu günə qədər minaların partlaması səbəbindən 33 nəfər həlak olub, 134 nəfər isə yaralanıb. İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və yenidən qurulması ölkəmizin əsas prioritetlərindəndir, dost ölkələrin şirkətlərinin bu prosesdə yaxından iştirakı önəmlidir.

Tarixi Şuşa Bəyannaməsinin imzalanması ilə qarşılıqlı münasibətləri strateji müttəfiqlik üst səviyyəsinə ucalan Azərbaycan və Türkiyənin nümunəvi əməkdaşlığı, iki ölkənin bölgədə həyata keçirilən genişmiqyaslı təşəbbüslərdə iştirakı, habelə hazırda aparılan quruculuq işlərində birgə layihələrin həyata keçirilməsi, eyni zamanda, geniş regional əməkdaşlığı təşviq edir. Bu xüsusda, münaqişə sonrası regional əməkdaşlığı nəzərdə tutan və bölgənin bütün böyük dövlətləri tərəfindən dəstəklənən 3+3 formatı fikrimizcə, ölkələrimiz üçün faydalı əməkdaşlıq mexanizmi ola bilər".

Azərbaycanın sülhün tərəfdarı olduğunu qeyd edən nazir vurğulayıb: "Azərbaycan nəinki öz regionunda, həmçinin dünyanın bütün bölgələrində dayanıqlı sülhün və sabitliyin təmin olunmasını dəstəkləyir".

AZƏRTAC