Ceyhun Bayramov Azərbaycanın diplomatik nümayəndəliklərinin rəhbərləri, o cümlədən yeni təyin olunmuş səfirləri ilə görüşüb
Digər xəbərlər

Ceyhun Bayramov Azərbaycanın diplomatik nümayəndəliklərinin rəhbərləri, o cümlədən yeni təyin olunmuş səfirləri ilə görüşüb

İyulun 30-da xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin rəhbərləri, o cümlədən yeni təyin olunmuş səfirləri ilə görüşüb. Görüşdə, həmçinin Xarici İşlər Nazirliyinin rəhbər heyəti iştirak edib.

XİN Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir Ceyhun Bayramov müstəqillik tariximizin ən önəmli dövrünü yaşadığımızı qeyd edərək, ərazi bütövlüyümüzün təmin olunması uğrunda apardığımız Vətən müharibəsi nəticəsində şanlı Zəfərin qazanılması münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq ifadə edib, habelə qüdrətli Ordumuza fəxarətlə istinad edərək, Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu önündə baş əydiyimizi vurğulayıb.

Nazir yeni səfir təyinatları münasibətilə həmkarlarını təbrik edib.

Ceyhun Bayramov müasir dövrün çağırışları fonunda hazırkı postmünaqişə mərhələsində ölkəmizin milli maraqları əsasında dövlətimizin başçısının müəyyənləşdirdiyi xarici siyasət kursu çərçivəsində qarşımızda duran əsas məqsəd və vəzifələr, o cümlədən qazanılmış Zəfərin möhkəmləndirilməsindən bəhs edib. Nazir dinamik şəkildə dəyişən mövcud vəziyyətdə Azərbaycanın diplomatik nümayəndəliklərinin əsas fəaliyyət istiqamətləri barədə danışıb.

Ceyhun Bayramov, eyni zamanda, diplomatik nümayəndəliklərin rəhbərlərinə müxtəlif istiqamətlərdə fəaliyyət səmərəliliyinin artırılması üzrə görülmüş işlər barədə məlumat verib, onlara bu xüsusda tövsiyə və tapşırıqlarını çatdırıb.

AZƏRTAC