Çexiyanın ölkəmizdəki yeni səfiri işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri barədə məlumatlandırılıb
Digər xəbərlər

Çexiyanın ölkəmizdəki yeni səfiri işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri barədə məlumatlandırılıb

İyulun 1-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Milan Sedlaçeki qəbul edib.

Nazirliyin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, Ceyhun Bayramov Milan Sedlaçekin etimadnaməsinin surətini qəbul edib və səfiri təyinatı münasibətilə təbrik edib.

Azərbaycanın Çexiya ilə əlaqələrin inkişafına önəm verdiyini qeyd edən nazir ölkələrimiz arasında yüksək siyasi dialoqun və qarşılıqlı anlaşmanın mövcud olduğunu söyləyib. Çex Respublikasının Azərbaycanın strateji tərəfdaşlıq münasibətləri qurduğu Avropa İttifaqının 9 üzv ölkəsindən biri olduğu vurğulanıb.

Səfir Milan Sedlaçek təbriklərə görə nazirə təşəkkürünü ifadə edib. O, öncəki təyinatlarında yaxın bölgədə çalışmaq təcrübəsinin olduğunu bildirib. Səfir ikitərəfli əlaqələrin inkişafı üçün böyük potensialın mövcudluğunu və bu potensialdan əlaqələrin inkişafı naminə istifadə olunması üçün səylərini əsirgəməyəcəyini qeyd edib.

Tərəflər iki ölkə arasında siyasi məsləhətləşmələrin davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər, habelə bir sıra sahələrdə, o cümlədən iqtisadi, nəqliyyat, energetika, humanitar istiqamətlər üzrə əlaqələrin perspektivləri imkanları üzrə fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov yeni səfirə bölgədə münaqişə sonrası mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, Ermənistan ilə münasibətlərin normallaşması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, ölkəmizin beynəlxalq hüququn prinsiplərinə ciddi riayət olunması əsasında bölgədə sülhün və sabitliyin təmin edilməsinə yanaşmasına dair məlumat verib.

Nazir Çex Respublikasının yeni təyin edilmiş səfirinə ölkəmizdəki diplomatik fəaliyyəti müddətində müvafiq dəstəyin göstərilməsinə hazır olduğunu ifadə edib və ona uğurlar arzulayıb.

AZƏRTAC