Çətin günlərdə qardaşımızın yanındayıq
Türk dünyası

Çətin günlərdə qardaşımızın yanındayıq

Bu gün qardaş Türkiyənin çətin günüdür. Ölkənin bir hissəsi təbii fəlakət, zəlzələ nəticəsində dağılıb. İnsanlar pərişan, çaşqın. Hər an yaxınların, doğmaların dağıntılar altdan çıxarılan cansız bədəni ümidləri bir az da azaldır. Soyuq, şaxtalı havada küçələrdə gecələyən ailələr, zəlzələdən sağ çıxan insanlar müxtəlif ölkələrdən gələn yardım çadırlarında gecələyir. Fəlakətin vurduğu ziyan o qədər böyükdür ki, bölgə viran qalmış vəziyyətdədir. Üstəlik insanların aldığı psixoloji zərbə fəlakətin törətdiyi dəhşətlərin göstəricisidir. Bütün bunlara baxmayaraq, insanlar ümidlərini, inamlarını itirmir, hər an dağıntılar altından kiminsə sağ çıxacağını ümidlə gözləyirlər.

Faciənin baş verdiyi ilk saatlardan Türkiyəyə ilk yardım edən məhz Azərbaycan oldu. Çünki bu, bir qardaşlıq borcu, dost vəfasıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmən qardaş Türkiyəyə zəlzələdə həyatını itirənlərlə bağlı başsağlığı verdi. Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğanla əlaqə saxladı, vəziyyətlə maraqlandı. Və bütün qüvvəmizlə yanınızdayıq dedi. Fevral ayının 8-də isə Türkiyə Respublikasının ölkəmizdəki səfirliyini ziyarət edərək bir daha qardaş ölkənin çətin günlərində yanında olduğumuzu vurğuladı.

Prezident İlham Əliyevin tapşırığı ilə dağıdıcı zəlzələnin fəsadlarını aradan qaldırmaq və axtarış-xilasetmə əməliyyatına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin ilkin mərhələdə 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş Türkiyəyə yola düşmək üçün hazırlandı. İşlər bununla bitmədi, çadırlar, yataq dəstləri, tibbi ləvazimatlar və digər lazım olan zəruri vasitələrlə dolu təyyarə fəlakət bölgəsinə yola salındı. Prezident İlham Əliyevin tapşırığı ilə 16 xüsusi təyinatlı nəqliyyat vasitəsi Gürcüstan ərazisindən keçərək fəlakət bölgəsinə tələsdi. Yardım kampaniyasına bu dəfə 830 dəst çadır, 279 ədəd soba və digər avadanlıqlar daxil idi. Daha sonra isə Azərbaycan Müdafiə Nazirliyinin Mühəndis Qoşunlarının təminatından yüksəkgərginlikli generatorlar göndərilmişdir. Bu çətin günlərdə təkcə dövlət deyil, bütün Azərbaycan ayağa qalxdı. "Biz, həmişə səninləyik, Türkiyə" şüarı altında səfərbər oldu. Hər kəs, hər bir azərbaycanlı fəlakətin dəhşətini öz qəlbində, canında hiss etdi. Ölkənin hər yerində, şəhər və kəndlərində insanlar yardımlar toplayır, imkanları çatan qədər zərərçəkmiş qardaşlarımıza kömək etməyə çalışırlar. Kimliyindən, yaşından, imkanından asılı olmayaraq bütün soydaşlarımız yardım edir. Toplanan yardımlar könüllü vətəndaşlar tərəfindən çeşidlənir, qablaşdırılaraq avtomobillər vasitəsilə qardaş ölkəyə yola salınır. Yardım olunan əşyalar arasında əsasən isti paltarlar, ərzaq, isti yatacaq, generator və digər ləvazimatlar var. Türkiyənin acısı acımız, sevinci sevincimizdir deyir, Azərbaycan.

Hər zaman olduğu kimi, bu dəfə də Heydər Əliyev Fondu zəlzələdən əziyyət çəkən insanlara edilən yardım və dəstəyi ilə fərqləndi. Elə ilk andan Fondun prezidenti Mehriban Əliyevanın göstərişi ilə qardaş ölkəyə humanitar yardım göndərildi. Faciədən zərərçəkənlərə lazım olan dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və eləcə də isti geyimlərlə ilkin yardımlar olundu.

Sadalananlar ilkin yardımlar idi. Bu gün Azərbaycan yenə də öz qardaşının - Türkiyə dövlətinin yanındadır. Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi Mehriban Əliyevanın göstərişinə əsaslanaraq, Türkiyənin Azərbaycandakı səfirliyinin vətəndaşlarımıza etdiyi çağırışa cavab olaraq Bakı şəhərində yardım kampaniyasına başlamışdır. Heydər Əliyev Fondu edilən yardımlarla yanaşı, həm də bölgəyə Fondun könüllülərini cəlb edib. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsinə səfəri zamanı Heydər Əliyev Fondunun humanitar yardımını çatdıran azərbaycanlı könüllülərlə görüşərək, ilk dəqiqədən yanlarında olduğu üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya öz təşəkkürünü bildirmişdir.

Ramidə YAQUBQIZI,

"Respublika".