Cəsur kəşfiyyatçının hünər dastanı
Region

Cəsur kəşfiyyatçının hünər dastanı

İkinci Qarabağ müharibəsində tarix yazıb şəhidlik zirvəsinə ucalan Əmrah Şahid oğlu Əkbərov  ömrünün 22-ci baharına təzəcə qədəm qoymuşdu.  Dağlar diyarı Lerik rayonunun Livədirqə kəndində dünyaya göz açmış, igidimiz Heydər Əliyev adına Ali Hərbi Məktəbi təzəcə bitirmişdi. Leytenant rütbəsində Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlamışdı. Doğma Azərbaycana sədaqətlə qulluq etmək onun həyat amalı idi.

Vətənə, torpağa bağlı, köksündə qəhrəman ürəyi döyünən  Əmrah Əkbərov müharibə başlanan andan baş kəşfiyyatçı kimi döyüşə atılır.  Füzuli, Cəbrayıl  istiqamətlərində  gedən döyüşlərdə yağı düşmənin texnikasını, canlı qüvvəsini  məhv edir.  Əmrah hər dəfə odun-alovun içinə atılanda  yağıdan  sona qədər  döyüşərək qisasını alacağına and içir.

12 oktyabrda  Hadrut  qəsəbəsinin azad olunması uğrunda ağır savaş başlanır. Həmişə olduğu kimi, Əmrah yenə qalib olmaq istəyi ilə döyüşür. Düşmən çoxlu itki versə də, Əmrahın dəstəsi mühasirəyə  düşür. O, yoldaşlarını xilas etmək üçün özünü  düşmənin səngərinə atır və üzərindəki qumbaranı  partladır. Beləcə, Vətən, torpaq, əqidə  naminə  Əmrah öz həyatını qurban verir, yoldaşlarını qoruyur, düşmən məğlub olur. Həm də igid leytenantın torpağa axıtdığı bu qan onun Vətənə son övladlıq borcu olur.

Bəli, indi bütün Azərbaycan xalqı öz qəhrəman oğlu ilə fəxr edir, onun keçdiyi şərəfli həyat yolunu Vətənə sədaqət nümunəsi  bilirlər. Dövlət də öz növbəsində igid Əmrahının   haqq savaşımızda göstərdiyi qəhrəmanlığına yüksək dəyər vermişdir. Ölümündən sonra  “Vətən uğrunda”,  “Cəbrayılın  azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medallara layiq görülüb.

Zəfər ORUCOĞLU.