Cəsur döyüşçünün xatirəsi anılıb
Region

Cəsur döyüşçünün xatirəsi anılıb

Kürdəmir rayon ictimaiyyətinin iştirakı ilə rayonunun Sığırlı kəndində torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Feyruz İslam oğlu Tarverdiyevin anım mərasimi keçirildi. Şəhidin məzarı ziyarət edilib, önünə gül dəstələri düzüldü, ruhuna dualar oxundu və ehsan süfrəsi təşkil edildi. Sığırlı kənd tam orta məktəbinin şagirdlərinin şəhidlər haqqında hazırladıqları bədii kompozisiya dinlənildi.

Tədbirdə şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər, şəhidin döyüş yoldaşları, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının vəzifəsini müvəqqəti icra edən, YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli, Kürdəmir Rayon İcra Hakimiyyətinin şöbə müdiri Mirmahmud Mahmudov, YAP Kürdəmir rayon təşkilatının aparat işçiləri, din xadimləri, mədəniyyət və təhsil işçiləri, rayonun fəal gəncləri, ağsaqqalları və ziyalıları iştirak edirdilər.

Ağali Kərimli bildirdi ki, şəhidlərimizin ruhu bizim üçün əzizdir, bugünkü qələbəni bizə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirik, şəhid analarına dərin minnətdarlığımızı bildiririk. 44 günlük Vətən müharibəsi və tarixi qələbəmiz Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdi. Xalqımızın birliyi, Ali Baş Komandanımızın qətiyyəti, Ordumuzun gücü, əsgər və zabitlərimizin peşəkarlığı, qəhrəmanlığı parlaq zəfərimizin qazanılması ilə nəticələndi.

Anım mərasimində çıxış edənlər şəhid Tarverdiyev Feyruz İslam oğlunun keçdiyi şərəfli həyat yolundan və döyüşlərdə göstərdiyi igidliyindən söhbət açdılar.

Tədbirdə çıxış edən şəhidimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıdan razılıqlarını bildirib, Prezident, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.

Vətən müharibəsi şəhidi Tarverdiyev Feyruz İslam oğlu 22 iyul 1996-cı ildə Kürdəmir rayonunun Sığırlı kəndində anadan olub. Orta təhsilini Sığırlı kənd orta məktəbində alan Feyruz 2015-ci ilin iyul ayında həqiqi hərbi xidmətə gedib. 2017-ci ilin yanvar ayında ordudan tərxis olunub. 2020-ci ilin sentyabrında cəbhəyə səfərbər olunan Feyruz quru qoşunlarında baş atıcı kimi noyabr ayınadək Xocavənd istiqamətində döyüşlərdə igidliklə döyüşüb. Noyabrın 6-da şəhid olan Feyruzun nəşi neytral ərazidə qaldığı üçün noyabrın sonunda tapılaraq, doğma kəndinə gətirilib və 30 noyabrda Sığırlı kənd qəbiristanlığında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi, şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Feyruz Tarverdiyev "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.

T.YADULLAOĞLU,

"Respublika".