Cəsur döyüşçü ehtiramla anılıb
Region

Cəsur döyüşçü ehtiramla anılıb

Hacıqabul şəhərində anadan olmuş, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Sətdar Raqif oğlu Mehtiyevin xatirəsi onun doğum günündə məzarı önündə anılıb. Xatirə tədbirində rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin  nümayəndələri, şəhidin ailə üzvləri və yaxınları iştirak etdilər.

Şəhidlər Xiyabanında şəhidlərin məzarları ziyarət olunub, üzərinə tər qərənfillər düzüldü. Vətən müharibəsi şəhidlərinin keçdikləri döyüş yolundan, göstərdikləri qəhrəmanlıqlarından söhbət açıldı. Rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov şəhidin valideynlərinə başsağlığı verdi, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsində dünyanı heyrətə salan daxili və xarici siyasətindən, ordumuzun qələbəsindən söhbət açdı. Bu gün şəhid ailələrinə, müharibə iştirakçılarına və müharibədə sağlamlığını itirmiş vətəndaşlara ölkə rəhbərliyinin göstərdiyi hərtərəfli diqqət və qayğısından danışdı. Şəhid ailələrinin qayğılarının hər zaman dövlət başçısının diqqətində olduğu vurğulandı. Şəhid Sətdar Mehtiyevin şərəfli həyat yolundan söhbət açıldı.

 Sətdar Raqif oğlu Mehtiyev 17 oktyabr 2020-ci ildə Tərtər uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Göstərdiyi qəhrəmanlıqlara görə, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “İgidliyə görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəsur döyüşçü”  medalları ilə təltif edilmişdir. Şəhidin valideynləri, əzizləri xatirələrini bölüşdülər, şəhid ailələrinə göstərilən qayğı və diqqətə görə öz minnətdarlıqlarını bildirdilər.

                                           Tofiq HÜSEYN,

                                          “Respublika”.