Cəsur döyüşçü
Region

Cəsur döyüşçü

Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılan 2020-ci il qüdrətli Azərbaycan dövlətinin erməni faşizmi üzərindəki 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük zəfər, unudulmaz tarixi Qələbə ilə xatırlanacaq.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun bəxş etdiyi bu möhtəşəm qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissilə yaşayır. Otuz illik həsrətə son qoyaraq düşmən tapdağında olan torpaqlarımızın işğaldan azad edilməsində respublikamızın bütün bölgələrindən olduğu kimi, İmişli rayonunun igid, mərd oğulları da döyüşlərdə qəhrəmanlıq göstərərək uca zirvəyə-şəhidlik zirvəsinə yüksəldilər. Belə oğullarımızdan biri də 36 yaşında Şəhidlik zirvəsinə yüksələn XTQ-nin giziri Quliyev Əli Tədbir oğludur. Bu gün yaşasaydı, 37 yaşını qeyd edəcəkdi. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Əli Quliyev oktyabrın 27-də Xocavənd döyüşləri zamanı şəhid olub və anadan olduğu İmişli rayonunun Otuziki kəndindəki qəbiristanlıqda dəfn edilib. Döyüş meydanında göstərdiyi igidliyə görə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidimizin doğum günü münasibətilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Aparatın məsul işçiləri, kənd sakinləri və şəhidimizin doğmaları Əli Quliyevin doğum gününü məzarı başında qeyd etdilər. Qəhrəman şəhidimizin məzarı önünə gül-çiçək dəstələri düzüldü, ruhuna dualar oxundu və əziz xatirəsi böyük ehtiramla yad edildi. Mərasimdə İcra başçısı Elçin Rzayev çıxış edərək Vətən müharibəsində qazandığımız tarixi Qələbəyə görə Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu bildirdi. Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin, o cümlədən də Əli Tədbir oğlu Quliyevin xatirəsinin daim əziz tutulacağını vurğuladı. Şəhid atası Tədbir kişi isə Əli və onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr edəcəyini, qürur duyacağını söylədi.

Ərəstun ABDULOV,

“Respublika”.