Cənublu soydaşlarımızın haqq səsi
Güneydən səslər

Cənublu soydaşlarımızın haqq səsi

Azərbaycanın yeri beynəlxalq arenada o qədər yüksəkdir ki, onun inkişafı, tərəqqisi bir çox ölkələr tərəfindən rəğbətlə qarşılanır. Bu baxımdan dost ölkələrin ölkəmizə göstərdikləri mənəvi dəstək özünü təkcə siyasətdə deyil, idman sahəsində də göstərir.

Belə ki, İran İslam Respublikasının paytaxtı Tehranda yerləşən Azərbaycanın səfirliyinə qarşı təşkil olunmuş terror aktına Təbrizin "Traktor" komandası da münasibət bildirmişdir. Futbol klubu Azərbaycana dəstəyini açıq şəkildə nümayiş etdirmişdir. Əslində bu, o qədər də təəccüblü məsələ deyil, çünki sözügedən klub Azərbaycanın yanında olduğunu hər zaman öz şüarları ilə də təsdiqləmiş, tarixi vətənlərinin problemlərini öz problemləri olaraq vurğulamışlar. "Traktor" Güney Azərbaycanda yaşayan soydaşlarımızın haqq səsidir. Cənubda yaşayan həmvətənlərimiz üçün "Traktor" Azərbaycan müstəqillik, azadlıq, doğma dil deməkdir. Fars rejiminin qoyduğu qadağalarla azadlıqları əllərindən alınan, öz tarixindən ayrı düşən, doğma dillərində təhsil ala bilməyən soydaşlarımız üçün "Traktor"un hər ev oyunu mühüm əhəmiyyət kəsb edir. "Səhənd" stadionu Arazın o tayındakı həmyerlilərimizin özlərini bəlkə də ən azad hiss etdikləri məkanlardan biri hesab olunur. Vaxtilə bu stadionda Azərbaycanın Qarabağ bölgəsinin və ətraf rayonlarının ermənilərin zor gücü ilə işğal olunması əleyhinə şüarlar səsləndirilmişdir. 2010-cu il fevralın 26-da Tehranın "İstilazin" klubu ilə keçirilən oyun zamanı təbrizli azarkeşlər Xocalı soyqırımının qurbanlarını da yad etmişlər. "Traktor" futbol klubunu həm də Cənubi Azərbaycandakı həmvətənlərimizin dünyaya çatdırmaq istədikləri haqq səsi də hesab etmək olar.

"Türk dilində mədrəsə, olmalıdır hər kəsə", "Azərbaycan var olsun, istəməyən kor olsun", "Təbriz-Bakı-Ankara, biz hara, farslar hara", "Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun" deyə nümayiş etdirilən şüarlar mövcud vəziyyəti dünya ictimaiyyətinin də nəzərinə çatdırıb. Amma futbol klubunun Azərbaycana dəstək olması farslar tərəfindən heç də yaxşı qarşılanmır.

Futbol komandasının ölkəmizə dəstək göstərməsinə baxmayaraq, cənub qonşumuzun bizə qarşı xain planları gündəmi zəbt edib. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsini İrandakı bəzi qüvvələr hələ də qəbul edə bilmir. Əfsuslar olsun ki, özünü "din qardaşı" adlandıran İran ölkəmizin sevincinə şərik olmaq əvəzinə qələbəmizdən sözün əsl mənasında sarsıntı keçirir. Hər nə qədər boyun qaçırsalar da 44 günlük Vətən müharibəsi dövründə Ermənistana gizli dəstək verən ölkələrdən biri də məhz İran idi. Bəs müsəlmanlıqdan, qardaşlıqdan danışan ölkə bu gün nə üçün belə addımlar atır? Niyə cənub "qonşumuz" ölkəmizdə mövcud olan İslam dininə hörməti gözardı edərək Allahın evində donuz saxlayan, yaşayış yerlərini viran qoyan, mədəni abidələri yox edən Ermənistan hökumətinin tərəfini tutur? Əslində, Azərbaycan tarix boyu belə xəyanətlərə məruz qaldığı üçün məsələ o qədər də təəccüb doğurmur.

Xatırladaq ki, Azərbaycan şəhərlərinin raket və top atəşinə tutulduğu, bayrağa bükülü şəhid cənazələri qəbul etdiyi bir vaxtda özünü "dost" adlandıran "din qardaşlarımız" həm quru, həm də hava imkanlarını səfərbər edərək Ermənistan tərəfini silah-sursatla təmin etməklə məşğul idi. Hətta İranın xarici işlər naziri Ermənistanın təhlükəsizliyi regionun təhlükəsizliyidir deyərək bir daha ölkəsinin düşmənlə tərəfdaş olduğunu açıq şəkildə bəyan etmişdir. Qeyd edək ki, İran Zəngəzur dəhlizinin açılmasını Azərbaycanın sərhədləri dəyişdirmə cəhdi kimi qəbul edərək bir daha öz qərəzli siyasətini beynəlxalq sistemdə sərgiləyir.

Nəzrin ELDARQIZI,

"Respublika".