CƏNUBİ QAFQAZIN SÜLH GÜNDƏLİYİ
Siyasət

CƏNUBİ QAFQAZIN SÜLH GÜNDƏLİYİ

Altı həftədən artıqdır ki, ekoaktivistlərin Laçın-Xankəndi yolunda davam edən dinc aksiyası Cənubi Qafqazın sülh gündəliyində müzakirə olunan əsas məsələlərdən birinə çevrilib. Aksiya iştirakçılarının əsas tələbləri Laçın dəhlizindən yalnız humanitar məqsədlərlə istifadə olunması, rus sülhməramlılarının müvəqqəti nəzarəti altında olan bölgələrdə milli sərvətlərimizin qeyri-qanuni istismarının dayandırılması və yerli monitorinq qrupunun həmin əraziyə baxış keçirməsinin təmin edilməsi, ekoloji terrora son qoyulması və Qarabağ iqtisadi rayonunun ərazisinin separatçı erməni silahlı birləşmələri tərəfindən minalanmasının dərhal qarşısının alınmasıdır.

İlk gündən aksiya iştirakçıları tərəfindən açıq şəkildə ifadə olunan bu tələblər dəyişməz olaraq qaldığı halda, hər fürsətdə sülh prosesinə zərbə vurmağa çalışan Ermənistan tərəfi və "erməni" təfəkkürünə sahib qüvvələr qlobal media platformalarında paylaşılan informasiyaları manipulyasiya etməklə bu aksiyadan anti-Azərbaycan təbliğat kampaniyaları üçün istifadə etməyə cəhd edirlər. Təbii ki, erməni təbliğat maşınının artıq ənənə halını almış, heç bir hüquqi əsası və reallığı ifadə edən arqumentləri olmayan nifrət zəminli bəyanatlarının araşdırılması və təkzib olunması heç də çətin proses deyil. Amma təəssüflər olsun ki, hüquqi prinsiplərin bütün suveren dövlətlər üçün bərabər şəkildə təmin olunduğu beynəlxalq sistem mövcud olmadığı kimi, bu sistem daxilində qərar qəbuletmə prosesinə təsir imkanı olan bəzi önəmli aktorlar da ədalətin bərqərar olmasında maraqlı deyillər. Ona görə də milli maraqlarımızı qoruyaraq ədaləti bərpa etmək missiyası bu dəfə də təkbaşına bizim üzərimizə düşür və tələblərimiz yerinə yetirilənə qədər mübarizəmiz davam edəcək.

Məlum olduğu kimi, ilkin tələb Laçın dəhlizindən keçidə nəzarətin təmin olunması ilə bağlıdır. Belə ki, 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli Bəyanatın müddəalarına əsasən Laçın dəhlizi yalnız Qarabağın erməni əsilli sakinlərinin humanitar ehtiyaclarının qarşılanması üçün istifadə oluna bilər. Ancaq həmin Bəyanatın imzalandığı andan 12 dekabr 2022-ci il tarixində aksiyaların başlandığı günə qədər rus "sülhməramlılarının" müşayiəti ilə Laçın dəhlizindən qeyri-qanuni erməni silahlı birləşmələrinin, üçüncü dövlətlərin vətəndaşlarının, siyasi xadimlərin, blogerlərin, media nümayəndələrinin və hətta terror qruplaşmalarının üzvlərinin Azərbaycan Respublikasının rəsmi məlumatı və icazəsi olmadan keçidinin təmin olunması ilə bağlı kifayət qədər əsaslı faktlar var. Paralel olaraq, erməni diversant qruplarının silahlandırılması məqsədilə hərbi texnikanın keçidi də təmin edilmiş və işğaldan azad olunmuş torpaqlarımızın minalanması prosesi davamlı şəkildə həyata keçirilmişdir. Dəfələrlə bununla bağlı Azərbaycan tərəfindən rəsmi bəyanatlar verilməsinə baxmayaraq, üçtərəfli Bəyanatın öhdəlikləri nə Ermənistan, nə də rus sülhməramlıları tərəfindən icra edilməyib. Əslində, çox araşdırma aparmadan sadəcə erməni əsilli "iş adamı" Ruben Vardanyanın Rusiya Federasiyasının vətəndaşlığından imtina edərək birdən-birə Xankəndi ərazisində necə peyda olması sualının cavabı belə Azərbaycanın tələblərinin haqlılığını sübut etmək üçün yetərlidir.

Digər tərəfdən, Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan bölgələrdə, xüsusilə də "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarında Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarı nəticəsində ətraf mühitə vurulan ziyanın dəyərləndirilməsi məqsədilə yerli monitorinq qrupunun bölgəyə buraxılmaması haqlı etirazların daha da artmasına səbəb olan hadisələrdən biridir. Belə olduğu halda, Azərbaycan vətəndaş cəmiyyətinin üzvləri ilk öncə Rusiya Federasiyasının Bakıda akkreditə olunmuş diplomatik nümayəndəliyinə yazılı şəkildə müraciət edərək rus sülhməramlılarının müşayiəti ilə monitorinq qrupunun yerində qiymətləndirmə aparması üçün şərait yaradılmasını tələb edirlər. Yazılı müraciətə heç bir rəsmi cavab verilmədiyinə görə, tələblərin birbaşa olaraq Rusiya sülhməramlıların komandanlığına çatdırılması üçün onların müvəqqəti nəzarəti altında olan Laçın-Xankəndi yolunda dinc aksiyanın keçirilməsi labüd xarakter alır. Bu halda belə Rusiya sülhməramlılarının komandanlığı aksiya iştirakçılarının tələblərinə nəinki heç bir cavab vermir, hətta dəhliz üzərindən keçid yolunu bağlayır. Bundan istifadə edən ermənilər isə beynəlxalq ictimaiyyətin diqqətini tamamilə başqa istiqamətə yönləndirmək üçün məqsədli şəkildə "humanitar böhran" ssenariləri yazmağa başlayırlar. Belə ki, azərbaycanlı aksiya iştirakçılarının yolu bağladığını iddia edən ermənilər yenə də "məzlum" və "günahsız" erməni portreti yaratmaqla Qarabağda yaşayan ermənilərin blokadada olduğunu iddia edirlər və beləliklə də, Azərbaycana qarşı yeni təzyiq mexanizmləri yaratmaq planları ortaya çıxır. Halbuki, hər gün onlarla mülki avtomobilin və təcili tibbi yardım maşınlarının keçidinin təmin olunmasına dair kifayət qədər faktlar və videogörüntülər var. Təəssüf yaradan əsas məqam isə ondan ibarətdir ki, heç bir əsası və sübutu olmayan erməni yalanları ikili standartların hökm sürdüyü beynəlxalq sistem daxilində dünyada sülh və sabitliyin qarantı kimi qəbul edilən BMT-nin Təhlükəsizlik Şurasında müzakirə predmetinə çevrilən məsələlər arasına belə daxil edilə bilir. Təbii ki, bu məsələdə ermənidən daha çox erməni "sevgisinə" sahib olan Fransanın qeyd-şərtsiz dəstəyini də unutmamaq lazımdır. Həmçinin, erməni lobbisinin təsir imkanları altında olan nüfuzlu media qurumlarının aksiya ilə bağlı qərəzli və reallıqdan uzaq paylaşımlar etməsi də beynəlxalq ictimai fikrə təsir edən əsas faktorlardan biri olaraq istisna edilməməlidir.

Nəticə etibarilə, Laçın-Xankəndi yolunda davam edən aksiyanın dayandırılması üçün bütün vasitələrdən istifadə edən ermənilər heç nə əldə etməməklə yanaşı, sülh danışıqları çərçivəsində özlərinin "siyasi manevr" imkanlarını da bir-bir itirməyə davam edirlər. Amma görünən odur ki, hər bir addımı Azərbaycan diplomatiyası qarşısında əvvəl-axır məğlub olmağa məhkum olan Ermənistan üçün davamlı məğlubiyyətlər belə yetərli dərs olmayıb və hələ də öz havadarlarının dəstəyilə Azərbaycanın beynəlxalq nüfuzunu ləkələyə biləcəyinə inanır. Beləliklə də, öz torpağı, dövlətçilik ənənəsi və hətta tarixi belə olmayan Ermənistan bu yolla məğlubiyyətin ağır nəticələri ilə barışmamaq üçün vaxt qazanaraq növbəti ssenarilər əsasında özünə qurtuluş yolu yaratmağa ümid edir. Halbuki, Ermənistan üçün yeganə şans və qurtuluş yolu Azərbaycanın sülh çağırışına cavab verməkdir. Əks halda, onun dövlət olaraq mövcudluğu belə sual altında ola bilər.

Aytən QURBANOVA,

BDU-nun Beynəlxalq Münasibətlər

kafedrasının müəllimi, politoloq.