Cənubi Qafqazın ən böyük və alternativsiz partiyası
Digər xəbərlər

Cənubi Qafqazın ən böyük və alternativsiz partiyası

Tariximizin təlatümlü dövründə ulu öndər Heydər Əliyev tərəfindən yaradılan Yeni Azərbaycan Partiyası səriştəsiz siyasi hakimiyyətin uğursuz daxili və xarici siyasəti nəticəsində ölkə daxilində yaranmış gərgin ictimai-siyasi vəziyyətin, xaos və anarxiyanın, siyasi qarşıdurmanın və ən əsası vətəndaş müharibəsinin qarşısını alaraq ümumxalq partiyasına çevrildi. Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının yaranması haqqındakı fikirləri o  dövrün mürəkkəb ictimai-siyasi şəraitini özündə əks etdirir: "1992-ci ildə Naxçıvanda ağır bir şəraitdə, böyük təzyiqlər altında biz partiyanın yaranması ilə əlaqədar xeyli işlər gördük və ilk konfrans keçirdik. Yeni Azərbaycan Partiyası o vaxtkı mövcud vəziyyətdə bütün Azərbaycan xalqının mənafelərinə xidmət etmək üçün və xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələblərinə uyğun olaraq, zərurətdən yaranmış bir partiyadır".

 Xalqın ulu öndərimiz Heydər Əliyevə olan inamı tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Ümummilli liderimizin rəhbərlik etdiyi partiya həqiqətən də ümidləri doğrultmağı bacardı. XX əsrin sonlarında bu partiya ətrafında Azərbaycanı sevən, onun gələcəyini düşünən vətənpərvər insanlar, ziyalılar, ictimai-siyasi xadimlər, gənclər birləşməyə, həmrəylik nümayiş etdirməyə başladılar.

Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Yeni Azərbaycan Partiyasının inkişaf tarixində də yeni bir mərhələnin əsasını qoydu. Partiya və onun yüz minlərlə üzvü dövlət əhəmiyyətli məsələlərin həlli istiqamətində öz gücünü səfərbər etdi. Yeni Azərbaycan Partiyasının sənədlərində öz əksini tapmış dövlətçilik ideologiyası - Azərbaycan dövlətçiliyinin təməl prinsiplərini özündə əks etdirən yeni azərbaycançılıq ideologiyasının cəmiyyətə təqdimatı və ulu öndər Heydər Əliyevin müəllifi olduğu bu ideologiyanın uğurla həyata keçirilməsi də YAP-ın öz tarixi inkişaf yolunda Azərbaycan xalqına, dövlətinə bəxş etdiyi ən qiymətli töhfələrdəndir. Ötən müddət ərzində partiyanın yaxından iştirakı ilə həyata keçirilən bütün tədbirlər, görülən işlər Azərbaycanın milli maraqlarına tam cavab verib, ölkəmizin müstəqilliyinə, milli təhlükəsizliyimizə, Azərbaycan vətəndaşlarının maddi rifah halının gündən-günə daha da yaxşılaşmasına, respublikamızın tərəqqisinə xidmət edib.

İqtidar partiyası kimi YAP ölkəmizin daxili və xarici siyasətinin əsasında durur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun 44 gün ərzində 30 illik işğala son qoyması və nəticədə beynəlxalq səviyyədə tanınmış sərhədlərimizin və ərazi bütövlüyümüzün bərpa edilməsi məhz Yeni Azərbaycan Partiyasının qurucusu ulu öndər Heydər Əliyevin və böyük dühanın siyasi varisi möhtərəm Prezident cənab İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsidir. Bunlarla yanaşı, Yeni Azərbaycan Partiyasının beynəlxalq siyasi partiya təşkilatlarında da müvəffəqiyyətlə təmsil olunması ölkəmizin milli maraqlarının regional və qlobal səviyyədə qorunması baxımından böyük önəm daşıyır. Şübhəsiz ki, Azərbaycanın və regionun ən güclü siyasi partiyalarından olan YAP-ın beynəlxalq münasibətlərinin yüksələn xətt üzrə inkişaf etməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığın coğrafiyasının genişlənməsi, keyfiyyətcə zənginləşməsi siyasi önəm daşımaqla ölkəmizin xarici əlaqələrinin daha da möhkəmlənməsinə əhəmiyyətli və vacib töhfədir. 

Möhtərəm Prezidentimiz İlham Əliyevin Yeni Azərbaycan Partiyasının cəmiyyətimizdəki rolu haqqındakı fikirləri də partiyanın taleyüklü məsələlərin həllindəki rolunu aydın ifadə edir: "Azərbaycanın bugünkü sürətli inkişafında, ölkəmizin beynəlxalq nüfuzunun artmasında, bütün sahələrdə tərəqqisində aparıcı siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının çox mühüm və davamlı rolu vardır. Yeni Azərbaycan Partiyası Vətənin tərəqqisinə, dövlətçiliyin möhkəm təməllər üzərində qurulmasına mühüm töhfələr verir. Bu gün partiyanın sıraları genişlənir və fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Bu, Yeni Azərbaycan Partiyasının cəmiyyətdə qazandığı böyük nüfuzun nəticəsidir".

Bu il Cənubi Qafqazın ən böyük və alternativsiz partiyası 30 yaşını qeyd edir. Otuz il ərzində Azərbaycanın inkişaf dinamikasını izləməklə partiyanın həyatın bütün sahələrində hansı dərəcədə inkişaf və tərəqqiyə nail olduğunu görmək mümkündür. XX əsrin sonlarındakı Azərbaycan ilə müasir Azərbaycan arasında əsaslı fərqlər uğurlu və uzaqgörən siyasətin məntiqi yekunudur.

Yeni Azərbaycan Partiyasının hər bir qurultayı respublikamızın siyasi-ictimai həyatında böyük hadisə kimi yadda qalır. Qurultaylar cəmiyyətimizdəki yeniliklər və pozitiv dəyişikliklər fonunda keçirilir. Sonuncu VII qurultay göstərdi ki, ölkənin aparıcı siyasi qüvvəsi kimi YAP bundan sonra da qarşısında dayanan vəzifələri layiqincə yerinə yetirəcək.

İlham MƏMMƏDOV,

Milli Məclisin deputatı.