Cənubi Qafqazda toqquşan maraqlar
Digər xəbərlər

Cənubi Qafqazda toqquşan maraqlar

Cənubi Qafqazın geosiyasi mövqeyi, yeraltı və yerüstü təbii sərvətlərinin zənginliyi bu regionu hər zaman iri dövlətlər üçün cəlbedici etmişdir. Hazırkı dövrdə regionda əsas maraqlar Türkiyə, Rusiya, İran və Qərb arasında toqquşmaqdadır. Təbii ki, söhbət Cənubi Qafqazın əsas faktorları olan Azərbaycan, Gürcüstan və Ermənistandan  gedir.

Azərbaycan ilə dostluq və qardaşlıq prinsipləri əsasında müttəfiq olan  Türkiyənin,  Xəzər və Qara dəniz arasında yerləşən ərazidəki vəziyyətin normallaşmasını, ilk növbədə sülh və təhlükəsizliyin təmin olunmasında görür. Əfsuslar olsun ki, digər iri dövlətlər haqqında bunu söyləmək çətindir. Yuxarıda qeyd olunan digər ölkələrin istəyi nəzərə alınmadığı təqdirdə, hətta silahlı toqquşmalar belə baş verib. 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında baş verən silahlı toqquşmanın əsas səbəbi kimi onu göstərmək olar ki, rəsmi Tiflisin açıq-aşkar qərbyönümlü siyasət aparması Rusiyada qıcıq yaratmışdı. Regionun "şahı"  sayılan Azərbaycanla isə müstəqillik dövrünün ilk illərində hakimiyyətin səriştəsizliyi ucbatından qonşu Rusiya, İran və Qərb arasında münasibətlər soyusa da, ümummilli lider Heydər Əliyevin xalqın xahişi ilə hakimiyyətə gəlməsindən sonra balanslaşdırılmış siyasət aparıldı və qonşu dövlətlərlə isti münasibətlərə keçid dövrü başladı. Bir də regionun terror, separatizm və işğalçılıqla məşğul olan Ermənistan adlı monodövləti var. Hansı ki, bu ölkə müstəqil xarici siyasət aparmır, zaman-zaman müxtəlif dövlətlərin əlaltısına çevrilir, situasiyalara görə mövqeyini dəyişir. Məhz bu amildən istifadə edərək Rusiya, İran, Hindistan və bütünlükdə Qərb də daxil olmaqla, "hay"lar üzərindən Cənubi Qafqazda hegemonluq etməyə çalışırlar. Uzun müddət regionda Rusiyanın maraqlarına xidmət etmiş Ermənistan rəhbərliyi Qərbin köməkliyi ilə hakimiyyətə gətirilmiş Nikol Paşinyandan sonra Avropa İttifaqı və ABŞ-la yaxınlaşaraq öz himayədarına arxa çevirmiş oldu. Qərb, xüsusilə Fransa bundan istifadə edərək nəzarəti ələ götürmək istəyir. NATO blokuna və Avropa İttifaqına üzv olan bu dövlət Azərbaycan-Ermənistan arasındakı münaqişələri bəhanə edərək iki ölkə ərazisində sərhəd adlandırdıqları yerlərə müşahidəçi missionerlər göndərir.

Faktlar göstərir ki, indiyədək Fransanın olduğu heç bir region problemlərdən yaxa qurtara bilməyib, əksinə, qarşıdurmalar artıb, ölkələr viran qalıb, milyonlarla insanın həyatına son qoyan soyqırımları həyata keçirilib. Ermənistana cəlb olunmuş bu müşahidəçilərin tərkibində kəşfiyyatçıların da olması, Rusiyanın Gümrüdəki hərbi silah bazası, həmçinin İranın Ermənistanı silahlandırması faktı da onu deməyə əsas verir ki, bu, adıçəkilən hər iki ölkə üçün ciddi təhlükədir. Faktiki olaraq Rusiya ilə Qərb arasındakı gərginlik İkinci Dünya müharibəsindən sonra ən genişmiqyaslı münaqişə hesab olunur və Rusiya silahlarının tədqiq olunmasına Avropa və ABŞ böyük ehtiyac duyur. Bütün bunlardan ehtiyatlanan Moskva Rusiya xarici işlər nazirliyinin vasitəsilə bəyan etmişdi ki, Cənubi Qafqaz regionunda kənar qüvvələrin möhkəmləndirilməsinə münasibətdə Rusiyanın prinsipial mövqeyi dəyişməyib. Aİ "ekspert"lərinin Ermənistan-Azərbaycan sərhədi ərazisində baş verən hadisələrə nəzarət etməsinə ehtiyac görmürük. Əgər Brüsseldə Cənubi Qafqazda sülhə həqiqətən maraqlı olsaydılar, o halda öz missiyalarının fəaliyyət şərtlərini Azərbaycan ilə razılaşdırardılar. Verilən bəyanatdan da aydın olur ki, bu monitorinqin keçirilməsi şimal qonşumuzu çox qəzəbləndirib.

İran tərəfinin isə məsələyə münasibətindən aydın görünür ki, Ermənistan bu dövlətin də istəklərini ürəyində qoyub. Çünki cənub qonşumuz Qərbin ən çox sanksiyalara məruz qaldığı ölkələr sırasındadır və bəlkə də indi düşünə bilər ki, İrəvana güvənməklə böyük səhvə yol verir. Hansı ki, rəsmi Tehranın SSRİ-nin parçalanması ilə Xəzər hövzəsində və regionda siyasi gücünü artırmaq istəyi xarici siyasətinin əsas hissəsinə çevirmişdi. Azərbaycanla anlaşmaq əvəzinə, Ermənistanı özünə dost tutan və ermənilər üzərindən regiona təzyiq göstərməyə çalışan İran indi öz əli ilə şərait yaradıb ki, düşməni hesab etdiyi Qərb onun silahlarını tədqiq edə bilsin. Lakin maraqlıdır ki, regionda gedən proseslərə dərhal düşünüb daşınmadan reaksiya verən bu dövlət hələ ki, qapısına qədər gələn kəşfiyyatçı missionerlərə etiraz etməyib. Bəlkə də Ermənistan rəhbərliyi ilə bu barədə  razılığa gəlinib ki, İrana qarşı heç bir sui-istifadə halına yol verilməyəcək. Ancaq erməni xisləti nəzərə alınsa, İranın da xəyanətə uğrayacağı gözləniləndir. Bir rəhbərlik ki, ölkəsinin gənclərini öz ordusundan qat-qat güclü olan Azərbaycan Ordusu üzərinə göndərərək qırılmalarına rəvac verirsə, onda İrana və Rusiyaya nələr etməz...

M.BAĞIRLI,

"Respublika".