Cənubi Amerikadan Avropaya oradan isə Azərbaycana tranzit yolla kokain gətirən dəstə üzvləri saxlanılıb
Digər xəbərlər

Cənubi Amerikadan Avropaya oradan isə Azərbaycana tranzit yolla kokain gətirən dəstə üzvləri saxlanılıb

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə narkotik vasitələr gətirən mütəşəkkil dəstə üzvlərinə qarşı əməliyyatlar davam etdirilir. 

Respublika-news.az DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, sonuncu tədbir zamanı Xalid İsgəndərov, Xəyyam Əsədov və Elman Yusifov saxlanılıblar. Onlardan 1 kiloqrama yaxın yüksək təsiredici xassəyə malik kokain və 3284 ədəd ekstazi həbi aşkar olunub. 

Həmin narkotiklərin Cənubi Amerika ölkələrindən Avropaya, oradan isə tranzit yolla Azərbaycan ərazisinə gətirildiyi müəyyən edilib. 

Araşdırmalar zamanı saxlanılan şəxslərin ölkə ərazisində kokain və ekstazinin əsas tədarükçülərindən olmaları aşkar olunub. 

Həyata keçirilən digər əməliyyatlar zamanı İrandan ölkəmizə narkotik vasitələri qanunsuz yollarla gətirən daha 5 nəfər - Yardımlı rayon sakini Xəqani Sultanov, paytaxt sakinləri Emin Əliyev, tanışları Kamil Əliyev və Natiq Aslanov, eləcə də, Vüqar Cəfərov saxlanılıblar. Bu şəxslərdən ümumilikdə 50 kiloqram, o cümlədən 33 kiloqram heroin, tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 12 kiloqram marixuana, 5 kiloqram metamfetamin, narkotiklərin təmassız dövriyyəsində istifadə etdikləri bank kartları və 210 ədəd psixotrop tərkibli həb aşkar edilib. 

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılanlar  barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat tədbirləri davam etdirilir.

“Respublika”.