Cənub qonşumuz çoxəsrlik tarixi ənənələrə əsaslanan münasibətləri alt-üst edir
Digər xəbərlər

Cənub qonşumuz çoxəsrlik tarixi ənənələrə əsaslanan münasibətləri alt-üst edir

Uğurlu xarici siyasət yürüdən Azərbaycan dünya dövlətləri ilə əlaqələrini genişləndirərək beynəlxalq aləmə inteqrasiyasını sürətləndirməklə yanaşı, həmçinin etibarlı tərəfdaş imicini də formalaşdırıb. Beynəlxalq təşkilatlar, nüfuzlu qurumlar səviyyəsində həyata keçirilən əməkdaşlıq ölkə iqtisadiyyatının inkişafına müsbət təsir göstərir ki, bu da öz növbəsində respublikanın bütün sahələr üzrə tərəqqisini təmin edir.

Bir çox dövlətlərlə irimiqyaslı, beynəlxalq əhəmiyyətli layihələr reallaşdıran ölkəmiz iqtisadiyyatının dayanıqlılığına nail olmaqla bu gün böyük uğurlara imza atır. İkinci Qarabağ müharibəsində ərazi bütövlüyünü bərpa edərək sərhədlərini möhkəmləndirən, soyu bir, kökü bir olan qardaş Türkiyə ilə münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldən, Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycanın bu nailiyyətləri bəzi ölkələri narahat etməyə başlayıb. Bu ölkələr arasında eyni dinə, mədəniyyətə, tarixi köklərə, ortaq dəyərlərə malik olduğumuz İran İslam Respublikası da yer alır.

Cənub qonşumuz anti-Azərbaycan xarakterli hərəkətlər nümayiş etdirərək uzun illərdən bəri mövcud olan yaxın qonşuluq, ikitərəfli əməkdaşlıq əlaqələrinə kölgə salır. 1991-ci il dekabrın 25-də dövlətimizin müstəqilliyini tanıyan İran İslam Respublikasının bu gün ölkəmizə qarşı ikili münasibət sərgiləyərək 30 il torpaqlarımızı işğal altında saxlayan və bu yerlərdə mədəni irsimizi məhv edən, dini inanc yerlərimizi təhqir edən, məscidlərimizdə donuz saxlayan, şəhər və kəndlərimizi yer üzündən silən ermənilərin mövqeyindən çıxış etməsi İranın uğursuz və düşünülmədən atılmış addımıdır.

Ermənistanın ərazi bütövlüyümüzü pozaraq torpaqlarımızın 20 faizini işğal etdiyi ilk illərdə İran İslam Respublikası ölkəmizə humanitar yardım etmiş və hər zaman Azərbaycana dəstək olacağını bildirmişdi. Bununla gözdən pərdə asan İİR əslində, həmin dövrlərdə Azərbaycan xalqına əsrlər boyu kin, küdurət bəsləyən, onun ərazi bütövlüyünə xor baxan Ermənistana öz "mərhəmətini" göstərmiş, düşmən ölkəyə humanitar, hərbi, iqtisadi, siyasi yardımlar etmiş və bu gün də bu missiyasını canfəşanlıqla yerinə yetirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Anadolu Agentliyinə müsahibəsi zamanı bu barədə demişdir: "Bilirsiniz, İran tırlarının qanunsuz olaraq Qarabağ bölgəsinə getməsi birinci dəfə baş vermir. Bu, işğal dövründə də dəfələrlə olan hadisələrdir. Bu tırlar müntəzəm olaraq oraya gedirdi... Bu, bizə qarşı hörmətsizlikdir. Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlikdir, buna son qoyulmalıdır. Bu söhbət, səhv etmirəmsə, iyul ayında olmuşdur. Ondan sonra təbii ki, biz bunu izləməyə başladıq… Olduqca səriştəsiz bir addım atıldı - o tırın üstündə fars dilində yazılan sistern, altda da erməni nömrələri... Təbii ki, belə olan halda, bir ay keçəndən sonra biz artıq rəsmi qaydada diplomatik nota verdik".

Sirr deyil ki, vaxtilə rəsmi Tehran işğalçı ölkəyə silah-sursat ötürərək Azərbaycan ərazilərinin işğalına havadarlıq etmişdir. Yalnız 44 günlük Vətən müharibəsinin gedişində Azərbaycanın qalibiyyəti tamamilə reallaşandan sonra ikiüzlü siyasət həyata keçirən İran guya Azərbaycanı dəstəklədiyini və onun yanında olduğunu bildirmişdir.

İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad olunan ərazilərdə aparılan bərpa-quruculuq işlərində İran şirkətlərinin iştirak etməsinə Azərbaycan hökuməti tərəfindən şərait yaradılmasına, Azərbaycan Prezidenti İlham Əliyevin Xudafərin körpüsünü dostluq, qardaşlıq körpüsü adlandırmasına baxmayaraq, əməldə deyil, sözdə islam ölkəsi olan İran İslam Respublikası Vətən müharibəsində qazandığımız qələbədən sonra ölkəmizə qarşı ikili münasibətini daha nümayişkaranə şəkildə göstərdi. Belə ki, Ermənistanın işğalı altında olan 130 kilometr Azərbaycan-İran sərhədini işğalçılardan təmizləyən ölkəmizə qarşı İran rəsmilərinin əsassız ittihamlar irəli sürməsi, iki müstəqil dövlətin - Azərbaycanla İsrailin diplomatik əlaqələrindən təşvişə düşərək "Azərbaycan bu bölgələrə İsraili gətirib" deməsi və s. şər-böhtan xarakterli iftiralarla çıxış etməsi erməni havadarı olan İranın bütün başqa dövlətlərlə, eyni zamanda qonşu ölkələrlə münasibətlərini müstəqil siyasət əsnasında quran Azərbaycanın gündən-günə güclənməsindən, qüdrətlənməsindən ehtiyat etdiyinin isbatıdır. Qısa müddət ərzində Azərbaycan sərhədlərinə yaxın ərazidə üç dəfə genişmiqyaslı hərbi təlimlər keçirməsi də cənub qonşumuzun anti-Azərbaycan hərəkətlərinin ən bariz nümunəsidir. Həmçinin, Ermənistanın təhlükəsizliyini öz təhlükəsizliyi hesab edən, regionda dövlətlərin sərhədlərinin dəyişdirilməsini özünün qırmızı xətti adlandıran İranın açıq-aşkar təcavüzkar ölkənin yanında olduğunu sübut edir. Azərbaycanın öz ərazilərini işğaldan azad etməsinin İran üçün qəbuledilməzliyi isə Ermənistan tərəfindən ərazi bütövlüyümüzün pozulmasında İranın da maraqlı olduğu anlamına gəlir. Belə ki, zaman-zaman özünü Azərbaycana dost və tərəfdaş adlandıran ölkənin dövlətimizin milli maraqlarına laqeydliklə yanaşaraq terrorizmə, işğalçılığa, revanşizmə meyilli olan Ermənistana himayədarlıq etməsi bunu deməyə əsas verir.

Yaxın qonşuluq, əməkdaşlıq əlaqələrinə xələl gətirməklə bərabər, həmçinin islam dininin qanunlarına zidd siyasət yürüdən, sözdə islam dövləti olan, əməldə isə islam dininin müqəddəs inanc yerlərini təhqir edən Ermənistanla birlik yaradan İran İslam Respublikasının bu əməlləri çoxəsrlik tarixi ənənələrə əsaslanan münasibətləri sözün əsl mənasında alt-üst edir. İran rəsmilərinin Ermənistana mütəmadi səfərləri, Qafan rayonunda tez-tələsik İran konsulluğunun açılması, ölkəmizin sərhədində İranın ard-arda hərbi təlimlər keçirməsi və ölkəmizin ünvanına ittihamlar səsləndirməsi İran-Azərbaycan münasibətlərini gərginləşdirməklə bərabər, həm də bu gərginliyi yaradan İran İslam Respublikasının özünü ifşa etməsidir.

Mehparə ƏLİYEVA,

"Respublika".