CƏNUB BÖLGƏSİNİN BAĞLARINDA MƏHSUL BOLDUR
Region

CƏNUB BÖLGƏSİNİN BAĞLARINDA MƏHSUL BOLDUR

Qızıl payızın barlı-bəhrəli çağıdır. Lənkəran-Astara yolu boyunca kəndlərdə həm də həyətlərdəki həm sitrus və subtropik meyvə bağları göz oxşayır. Şəxsi və fermer təsərrüfatlarında əkilmiş naringi, limon, portağal, feyxoa, xurma ağaclarının budaqları meyvələrin ağırlığından əyilib. Sarı, qızılı rəngə çalan naringi, limon və portağallar günəş şüalarının altında parıldayır, ətrafa gözəllik verir.

Astara rayonunun Təngərüd kənd sakini Saleh Əliyev 40 ildən çoxdur ki, sitrusçuluqla məşğuldur. İxtisasca aqronomdur. Uzun illər doğma kəndində baş aqronom, təsərrüfat başçısı, bələdiyyə sədri, icra nümayəndəsi vəzifələrində işləyib. Zəhmətkeş, halal adamdır.

Saleh 1980-ci illərin əvvəllərində 0,7 hektar həyətyanı torpaq sahəsində feyxoa, naringi, portağal, limon, kinkan, xurma ağacları əkib. İlin bütün fəsillərində ağacların nazını çəkir, aqrotexniki qulluq göstərir.

- Ağac da canlıdır, qayğı, diqqət istəyir, - deyə söhbətə başlayır. Yaxşı qulluq edəndə bol məhsul verir. Qışda polietilen örtük altında saxlayıb şaxtadan qorumalısan, yazda, yayda suvarıb lazımi qulluq göstərməlisən. Sitrusçuluq çox gəlirli sahədir. Götürək bu feyxoa ağacını, bir ağac orta hesabla 35-40 kiloqram məhsul verir. Bazarda kilosu manatdan aşağı deyil. Yaxud, bir hektar naringi bağının məhsuldarlığı 40-50 tondur. Mövsüm ərzində satsan, 30 min manat gəlir əldə edərsən. Qış aylarında naringi, portağal baha qiymətə gedir. Limon da ilboyu münasib qiymətə satılır. Bu bağ ailəmizin illik ehtiyaclarını ödəyir, ailə büdcəmizə 30 min manat gəlir gətirir, - deyə Saleh Əliyev bildirir.

Hamoşam, Pəlikəş, Asxanakəran və digər ucqar dağ kəndlərindən başqa Astaranın bütün kəndlərində meyvəçilik əhalinin əsas gəlir mənbəyidir. Elə ailə yoxdur ki, həyətində sitrus ağacları olmasın.

Siyakü, Kijəbə, Şüvi, Ərçivan, Təngərüd, Pensər, Şiyəkəran, Kakalos və digər kəndlərdə sitrusçuluq daha çox inkişaf edib. Yerli sakinlər həyətlərində və pay torpaqlarında sitrus və subtropik meyvə ağacları yetişdiriblər.

Gəlirli sahə olduğu üçün rayonda meyvə bağlarının sahəsi ildən-ilə genişləndirilir. Keçən illə müqayisədə bağların sahəsi 160 hektar artırılıb. Hazırda rayonda sitrus və subtropik meyvə bağlarının ümumi sahəsi 4318 hektardır. Bunun 864,8 hektarı feyxoa, 2417,6 hektarı naringi, 342,6 hektarı limon, qalanı portağal, kinkan sahələridir.

Rayonda kütləvi yığım təzə başlanıb. Mövsümün əvvəlindən 1950 ton feyxoa, 8500 ton naringi, 7,2 ton limon, 150 ton kivi yığılıb. İlkin hesablamalara görə məhsuldarlıq keçən illə müqayisədə daha yüksəkdir.

Mütəxəssislərin dediyinə görə, bağlarda məhsul çoxdur. Astaralı fermerlərin yetişdirdikləri məhsul əsasən ölkəmizin daxili bazarlarında satılır. Keçən il isə məhsulun xeyli hissəsi Rusiyanın şəhərlərinə göndərilmiş və yaxşı qazanc əldə olunmuşdu. Bu il hələlik məhsulun xarici bazarlara çıxarılmasında müəyyən çətinliklər vardır. Bu mövsümdə rayonda 59 min tona yaxın sitrus və subtropik meyvə istehsalı gözlənilir. Yığım davam edir.

Ə.HƏSƏNOV,

"Respublika".