Sosial həyat

"Çəmbərəkənd" parkı sosial layihələrin uğurlu davamıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı müəyyənləşdirdiyi strategiyanın mühüm bir istiqaməti də Bakının dünyanın ən gözəl inkişaf etmiş şəhərlərindən birinə çevrilməsidir.

Ölkə Prezidenti İlham Əliyev çıxışlarının birində deyib: "Bilirsiniz ki, mən paytaxtda gedən abadlıq-quruculuq proseslərinə şəxsən nəzarət edirəm, bir çox layihələrin təşəbbüskarı olmuşam. Bu gün Bakı dünyanın ən gözəl şəhəri kimi inkişaf edir. Bakıya gələn qonaqlar, o cümlədən mənim həmkarlarım həmişə paytaxtda gedən quruculuq-abadlıq işləri haqqında öz təəssüratlarını bölüşürlər və qeyd edirlər ki, Bakı, doğrudan da, dünyanın ən gözəl şəhərlərindən biridir".

Son illərdə Bakı şəhərində onlarla möhtəşəm, bir-birindən gözəl binalar, komplekslər, mərkəzlər və yeni salınan parklar xüsusi zövqlə qurulur, yeni yaşıllıqlar, istirahət parkları və bağlar yaradılır, mövcud yaşıllıq sahələri daha da genişləndirilir. Bakı şəhərində abadlıq-qurucu-luq işləri, şəhərin infrastrukturunun yenilənməsi, yol, nəqliyyat və digər infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində aparılan sistemli və ardıcıl işlər müntəzəm olaraq davam etdirilir.

Prezident İlham Əliyevin iştirakı ilə bu il iyunun 8-də istifadəyə verilən Səbail rayonu ərazisində yerləşən Çəmbərəkənd parkı da onlardan biridir.

Qeyd edək ki, tarixi mənbələrdə Çəmbərəkənd yaşayış məkanının XIX əsrin 40-cı illərində salındığı bildirilir. Məkanın adı "çəmbərə" - dairə, əyri, qövs, halqa və "kənd" birləşməsindən yaradılıb, "dairəvarı, qövsvarı kənd" mənasındadır. Yaşayış massivi həqiqətən də ətrafa nəzərən bir qədər yüksəklikdə, dairəvi sahədə yerləşir. Ərazinin adı burada məskunlaşmış və əsasən balıq duzlamaq, neft, mazut ixrac etmək üçün çəmbərlər hazırlayan ustaların peşəsi ilə əlaqədar yaranıb. Çəmbərəkənddə eyni zamanda, müxtəlif qoşqu arabaları, fayton da düzəldilib, sakinləri əsasən heyvandarlıq və əkinçiliklə məşğul olub.

Həsən Seyidbəyli küçəsində istifadəsiz ərazidə salınmış yeni parkda geniş yaşıllaşdırma işləri aparılıb, 1200 metr uzunluğunda piyada yolları salınıb, sakinlərin rahat istirahəti və asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılıb. Dəmir konstruksiyalı estakada üzərində piyadalar üçün 147 metr uzunluğunda körpü salınıb, şəhərin gözəl mənzərəsinə açılan iki terras düzəldilib, müasir standartlara cavab verən fəvvarələr inşa edilib, ərazidə iaşə obyekti və inzibati binalar tikilib. Ərazinin relyefinə uyğun olaraq sürüşmənin qarşısını almaq məqsədilə istinad divarı hörülüb. Parkdakı təbii ağacdan hazırlanmış idman, uşaq əyləncə qurğuları, söhbətgahlar, köşklər quraşdırılıb ki, onlar da xüsusi gözəlliyi ilə könül oxşayır. Onu da xüsusi olaraq qeyd edək ki, parkda ərazinin adı ilə yanaşı, görkəmində də tarixilik qorunub saxlanılıb. Qurulan qövsvarı körpü, çəkilən piyada yolu parkda hərəkətin rahatlılığını təmin edir.

Ərazisi 4 hektar olan parkda geniş yaşıllıq sahəsi - yaşıl qazon döşənib, müxtəlif növ ağaclar, kol və rəngbərəng güllər əkilib. Yaradılan yaşıllıq sağlamlıq və təbiətin həyat rəngidir. Bəli, dairəvi "Çəmbərəkənd" parkı da insanlara onların ən çox sevdiyi yaşıl rəngi bəxş edir. Park buraya üz tutan hər bir şəhər sakinində, şəhərimizin qonağında məmnunluq hissi yaradır. Yaşıllıq əhatəsində insanı işıqlı fikirlər öz ağuşuna alır, xoş əhvali-ruhiyyə, qurub-yaratmaq eşqi güclənir. Yaşıl rəngli "Çəmbərəkənd" parkında gül bülbülü, bülbül gülü çağırır.

Ölkəmizin başçısının təşəbbüsü ilə salınan park, sözün əsl mənasında şəhər sakinlərinə hədiyyədir. Yaradılan onlarla park və xiyabanların davamı olan bu park sakinlərin ən çox üz tutacaqları ünvan, asudə vaxtlarının ən mənalı yeridir.

"Çəmbərəkənd" parkının istifadəyə verilməsi ilk növbədə, sosial layihələrin uğurla həyata keçirilməsindən, mədəni sahənin inkişafına daim diqqət yetirilməsindən xəbər verir. Eyni zamanda, ölkə rəhbərinin həm sosial sektorun ayrı-ayrı sahələrinə göstərdiyi həssas münasibətin, həm də dövlətin iqtisadi gücünün parlaq ifadəsidir.

Bəybala BƏYBALAYEV,

"Respublika".