Cəbrayılda yaşayış kompleksi
Region

Cəbrayılda yaşayış kompleksi

Qarabağ Şərqi Zəngəzurda aparılan böyük bərpa, quruculuq işləri çərçivəsində Cəbrayıl rayonu da yenidən qurulur. İndi rayon ərazisində sözün əsl mənasında böyük canlanma var. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən Cəbrayıl rayonunda ilk çoxmənzilli yaşayış binasının təməli qoyulub.

Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Tapdıq Nəsirovdan kompleks barədə məlumat verməyi xahiş etdik:

- Cəbrayıl şəhərində tikiləcək Cəbrayıl Yaşayış Kompleksinin ümumi sahəsi 7,87 hektar təşkil edəcək. Yaşayış kompleksi 7 beşmərtəbəli 26 dördmərtəbəli olmaqla 33 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 712 mənzil olacaq ki, onlardan 8-nin birotaqlı, 136-nın ikiotaqlı, 8-nin ikiotaqlı studio tipli, 392-nin üçotaqlı, 168-nin isə dördotaqlı olması nəzərdə tutulur. Birotaqlı mənzillərin sahəsi 45-50 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi 55-90 kvadratmetr, ikiotaqlı studio tipli mənzillərin sahəsi 98-100 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 90-108 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 110-120 kvadratmetr təşkil edəcək.

Bütün mənzillər tam təmirli mətbəx mebeli qaz plitəsi, su, qaz elektrik saygacları ilə təchiz olunmuş vəziyyətdə mərkəzləşdirilmiş qazanxanadan verilən istiliklə təmin ediləcək.

Kompleks 6 kvartaldan ibarət olacaq. Ərazidə sosial-məişət obyektləri, yeraltı yerüstü avtodayanacaqlar, o cümlədən istirahət guşələri, uşaq əyləncə idman meydançaları istifadəyə veriləcək.

Tofiq HÜSEYN

"Respublika".