Cəbrayıl: Yaş barama tədarükü
İQTİSADİYYAT

Cəbrayıl: Yaş barama tədarükü

Kənd təsərrüfatında ən öncül sahələrdən biri baramaçılıqdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aqrar sahənin inkişafına göstərdiyi qayğı və diqqət uzun illər boyu təcrübəli kümçü kimi tanınan insanlarda öz dədə-baba peşələrinə olan marağı daha da artırmışdır. Cəbrayıl rayonunda mütərəqqi baramaçılıq ənənələri var. Biləsuvar rayonu ərazisində müvəqqəti məskunlaşan cəbrayıllılar, hər il olduğu kimi, bu il də barama istehsalına geniş meydan vermişlər. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Şahin Şirinov deyir:

-Bildiyiniz kimi, barama qurdunu bəsləyib yüksək məhsul almaq o qədər də asan deyil. Hər şeydən əvvəl, kümçülər qurdun inkişafı üçün normal şərait yaratmalıdırlar. Yemləmə üçün tut bağları salınmalıdır. Məskunlaşdığımız qəsəbələrdə bu problemlər qismən də olsa, öz müsbət həllini tapıb. Artıq istehsal başa çatıb, nəticələr sevindiricidir. Bu mövsümdə 107 nəfər kümçü 125 qutu barama qurdu götürüb istehsala başladılar. 5 ton məhsul əldə etməyi nəzərdə tutmuşduq. 5 ton 600 kiloqram yüksək keyfiyyətli yaş barama tədarük etmişik. Kümçülərdən Hüseyn Məmmədov 200 kiloqram, Zahid Əmiraslanov 135 kiloqram, Zaur Vəliyev 120 kiloqram “Şəki İpək” ASC-yə yaş barama təhvil vermişlər.

Yeri gəlmişkən deyək ki, kiloqramı 9 manatdan təhvil götürülən və istehsalına cəmisi 30-40 gün vaxt sərf olunan barama məhsulu ailə büdcəsinə mənfəət gətirir.

Kürdəmir

K ürdəmir rayonunun kümçüləri cari ildə barama istehsalında yaxşı nəticələr əldə etmişlər. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elşən Cəbrayılovun verdiyi məlumata görə, rayonun ayrı-ayrı kəndlərindən 177 nəfər kümçü barama qurdu təhvil götürüb məhsul istehsalına başlamışdır.

-Rayonun bir sıra kəndlərində, xüsusilə, Şilyan, Köhünlü kəndlərində yaxşı təcrübə qazanmış peşəkar kümçülər istehsalda fərqlənirlər, direktor deyir, cari ildə də kümçülərin əldə etdiyi göstəricilər sevindirici oldu. Köhünlü kəndindən Baxış Cəfərov 210 kiloqram, Nazim Cəfərov 180 kiloqram, Şilyan kəndindən Bəybala Mahmudov 147 kiloqram, Fariz Qocayev 145 kiloqram yaş barama istehsal etdilər.

“Azərtürk” MMC-yə təhvil verilən yaş baramanın keyfiyyəti barədə razılıqla danışılır. Rayonda cari ildə 10 min tona yaxın barama istehsal olunmuşdur.

Tofiq HÜSEYN,

“Respublika”.