Cari ilin 9 ayı ərzində 194 dövlət əmlakı özəlləşdirilib   
İQTİSADİYYAT

Cari ilin 9 ayı ərzində 194 dövlət əmlakı özəlləşdirilib   

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2021-ci ilin yanvar-sentyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsi üzrə 47 hərrac keçirilib. Hərraclarda 192 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 15-i səhmdar cəmiyyətlərinin səhm paketi, 30-u kiçik dövlət müəssisəsi, 2-si yarımçıq tikili, 145-i nəqliyyat vasitəsidir.

Hesabat dövründə investisiya müsabiqəsi vasitəsilə 2 dövlət əmlakı özəlləşdirilib. Cari ilin 9 ayı ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 55 elektron sifariş qəbul edilib, “Elektron hərrac” xidməti vasitəsilə 29 onlayn qoşulma baş tutub. Özəlləşdirmə prosesində müasir yanaşmaların tətbiqi şəffaflığın artırılmasına, vətəndaş məmnunluğunun yüksəlməsinə səbəb olub.

2021-ci ilin 9 ayı ərzində 496 qeyri-yaşayış sahəsi, 699 müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsi icarəyə verilib, 282 icarə müqaviləsinin müddəti uzadılıb. Bu ilin yanvar-sentyabr aylarında özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 58,02 milyon manat təşkil edib.

Dövlət əmlakının icarəsindən isə büdcəyə 11,6  milyon manat ödənilib. Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə icarədən dövlət büdcəsinə daxilolmaların həcmi 43,9 % artıb.

                                                                                                                                                                                    “Respublika”.