Canından artıq sevdi  Vətəni...
Sosial həyat

Canından artıq sevdi  Vətəni...

2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsində əsgərlərimiz qəhrəmanlıq və igidlik göstərərək Vətən uğrunda şərəflə döyüşüb, öz adlarını Azərbaycanın tarixinə yazdılar. Düşmənə layiq olduğu cavab məğlubedilməz ordumuzun yüksək döyüş əzmi, ruhu ilə savaş meydanında - Qarabağın ürəyi Şuşada verildi. İgid, qəhrəman oğullarımız son damla qanları, nəfəslərinədək savaşaraq düşməni diz çökdürdülər, şücaətləri, mərdlikləri ilə dillərə dastan oldular.

Azərbaycanın İkinci Qarabağ savaşında mənfur düşmən Ermənistan üzərində qələbə çalmasında və torpaqlarımızın işğaldan azad edilməsində son damla qanlarına kimi döyüşərək şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın böyük xidmətləri olub. Düşmənlə döyüşlərdə böyük şücaətlər göstərən və qəhrəmancasına şəhid olan Qurbanov Murad Asif oğlunun da torpaqlarımıza azadlıq gətirənlərin simasında imzası var. Vətənə layiqli oğul oldu. Canından artıq sevdiyi Vətən, torpaq uğrunda, şəhidlik zirvəsinə ucaldı...

Murad Qurbanov 23 mart 1996-cı ildə Salyanda anadan olub. 2002-ci ildə Salyanda 2 saylı orta məktəbin 1-ci sinfinə gedib. Anasının işi ilə əlaqədar olaraq 2-ci sinfə Bakıda 51 saylı orta məktəbdə gedib. Təhsilinə bu məktəbdə davam edib. 2012-ci ildə orta məktəbi bitirib. Maliyyə İqtisad Kollecinə daxil olub. Murad həm orta məktəbdə, həm də kollecdə müəllimlərin sevimlisi olub. Özünəməxsus xarakter onu sinfin, qrupun sevimlisi edib.

Murad kolleci bitirdikdən sonra 2015-ci ilin iyul ayında SHXÇDX-nin Səbail rayon idarəsindən həqiqi hərbi xidmətə göndərilib. Xidmətini Tərtər rayonu, Qaradağlı kəndində edib. Murad Aprel döyüşlərində, eləcə də Tapqaraqoyunluda, Qapanlı kəndində gedən döyüşlərdə fəal iştirak edib.

Top komandiri ilə birlikdə düşmənin bir zirehli texnikasını və 3 canlı qüvvəsini məhv edib. Murad anasının səfərbərlik işçisi olmasına baxmayaraq, xidmətdən yayınmayıb. 2017-ci ildə xidmətini başa vurub və işləyərək ailəsinə kömək edib. 2020-ci ilin avqust ayının 20-də sevdiyi qızla, Nəzrinlə nişanlanıb. 2020-ci ildə sentyabr ayında qismən səfərbərlik elan edildiyi gün Murad könüllü olaraq yazılıb.

2020-ci il sentyabr ayının 29-da döyüşə yollanır. Murad evin tək oğlu olub. Cəbrayıl, Füzuli, Hadrut rayonu ərazilərində gedən döyüşlərdə qəhrəmancasına döyüşüb. Döyüş yoldaşlarına 2 dəfə yaxın kəndlərdən ərzaq gətirməklə aclıqdan qurtarıb. 11 oktyabr 2020-ci ildə Murad Qurbanov Hadrut döyüşlərində mərdlik göstərərək qəhrəmancasına şəhid olub. Badamdar qəsəbəsində təzə salınan Şəhidlər xiyabanında dəfn edilib. Ölümündən sonra Prezident İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

Heç kim unudulmur, heç kim yaddan çıxmır. Vətən müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olunub və hər zaman minnətdarlıqla anılacaqdır.

M.MİRZƏ,

"Respublika".