ÇAĞIRDI ELLƏR, GEDİRİK DAVAYA...
Region

ÇAĞIRDI ELLƏR, GEDİRİK DAVAYA...

Xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman-igid oğullarından birinin, Vətən müharibəsi şəhidi  Namazov Elməddin Nəsib   oğlunun şəhadətinin ildönümü mərasimi keçirilmişdi. Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatının sədri Gündüz Bayramov, hüquq-mühafizə orqanlarının, Gənclər və İdman İdarəsinin rəhbərləri  ilə birgə  döyüş yoldaşları və yaxınları  Samux rayonunun  Qovlarsarı kəndindən olan Vətən müharibəsi şəhidi  Namazov Elməddin Nəsib    oğlunun məzarını və ailəsini ziyarət etdilər. Şəhidin məzarı üzərinə tər gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev  şəhidin adının əbədiləşdirilməsi məqsədilə tikilmiş bulağın açılışında da iştirak etdi. Alı Qocayev qeyd etdi ki, biz həmişə Vətən Savaşında qurban gedən   şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik və etməliyik, bu bizim müqəddəs borcumuzdur. Vətən savaşı sübut etdi ki, Azərbaycan Ordusu nəinki Qafqaz regionunun ən güclüsüdür, əslində, dünyanın ən peşəkar, ən qətiyyətli ordularından biridir. Məhz Ali Baş Komandanımız cənab İlham Əliyev   ulu öndər Heydər  Əliyevin müqəddəs ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində öz səylərini daha da artırmış, Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olmuşdur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev ölkəmizdə Ordu quruculuğu siyasətini elə bir zirvəyə ucaltdı, elə bir Zəfərlə taclandırdı ki, artıq dünya bizim gücümüzlə hesablaşır. Dünyada nümunə kimi qəbul olunuruq, örnək model yaradırıq. Müzəffər Ali Baş Komandanımızın “Dəmir yumruğ”u elə Azərbaycan dövlətinin, Azərbaycan Silahlı Qüvvələrinin dəmir yumruğudur.  Bu dəmir yumruq  tək Azərbaycana deyil, bütün Qafqaza sülh, ədalət, inkişaf gətirir.  Sonra rayon rəhbəri  şəhid ailələrinə, qazilərə  və müharibə iştirakçılarına diqqət və qayğıdan ətraflı söhbət açdı və bildirdi ki, bütün gənclər şəhid Namazov Elməddin Nəsib oğlu ilə qürur duyur, fəxr edirlər. Döyüş yoldaşları və yaxınları şəhid Elməddinlə bağlı xatirələrini bölüşdülər.

Namazov Elməddin Nəsib oğlu   07 may 1996-cı il tarixdə Samux rayon Qovlarsarı kəndində  anadan olmuşdur. Gəncə şəhər 4 saylı internat tipli məktəbdə təhsil alıb. 21 sentyabr 2020-ci il tarixdə Azərbaycan Prezidentinin  müvafiq sərəncamı ilə səfərbərlik üzrə hərbi xidmətə çağırılıb.   26 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. 27 oktyabr 2020-ci il tarixdə Gəncə şəhər Şəhidlər Xiyabanında  dəfn olunub.  Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən "Vətən uğrunda"  və  "Döyüşdə fərqlənməyə görə" və   "Füzulinin azad olunmasına görə"   medalları ilə təltif edilib. Şəhidlərimizlə qürur duyuruq. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

Zabit XƏLİLOV,

“Respublika”.