Çağdaş tariximizin şanlı səhifəsi
SİYASƏT

Çağdaş tariximizin şanlı səhifəsi

Ölkə həyatının elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyev dühasının bəhrələri görünməsin. Azərbaycan xalqı, onun dövləti bu gün ümummilli liderimizin ideyalarından bəhrələnir, onun müəyyənləşdirdiyi prinsipləri rəhbər tutur, tövsiyə etdiyi istiqamətdə inamla irəliləyir. Müstəqil dövlət qurmaq xoşbəxtliyi yalnız güclü şəxsiyyət, qüdrətli lider yetişdirmiş xalqlara nəsib olur. Bu, tarixin sınağından çıxmış gerçəklikdir. Xalqı vahid milli ideya ətrafında birləşdirməyi bacaran lider onu öz müqəddəs arzularına qovuşdurmağa qadirdir. Ulu öndərimiz məhz belə bir nadir şəxsiyyət və milli lider kimi müstəqilliyimizi möhkəmləndirdi, Azərbaycanı bəlalardan qurtardı, onun suverenliyini qoruyub saxlaya bildi.

Ümummilli liderimizin siyasi hakimiyyətə qayıdışı Azərbaycanı milli müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Bununla da ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başladı. Azərbaycanın dövlət müstəqilliyi hər cür daxili və xarici təhdidlərdən qurtuldu. Ölkəmizin həqiqi müstəqil inkişafı başladı. Azərbaycanı, onun dövlət müstəqilliyini Heydər Əliyev dühası, zəngin dövlətçilik təcrübəsi, siyasi uzaqgörənliyi, Azərbaycan xalqına sonsuz məhəbbəti xilas etdi.

Ulu öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, milli ordunun formalaşdırılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən cəbhə xəttində vəziyyəti sabitləşdirmək üçün bütün siyasi və diplomatik vasitələr işə salındı, nəhayət, 1994-cü ilin mayında atəşkəs əldə edildi. Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsini böyük tarixi nailiyyət, xalqımızın əvəzsiz sərvəti adlandıran ulu öndərimiz həyat təcrübəsindən bilirdi ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətin və mürəkkəb vəzifədir. Tale elə gətirdi ki, bu şərəfli tarixi missiyanı da məhz Heydər Əliyev yerinə yetirdi. Əslində müstəqil dövlətçiliyimizin həqiqi tarixi, dönüş anı məhz Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı ilə xalqın və Vətənin taleyi üçün məsuliyyəti öz çiyinlərinə götürdüyü vaxtdan başlanır. Bu ötən illər ərzində ümummilli liderimizin hansı maneə və təhlükələri dəf etdiyi, müstəqilliyimizi, dövlətçiliyimizi necə mətanətlə, qətiyyətlə qoruduğu, inkişaf etdirdiyi təkcə xalqımıza deyil, bütün dünyaya məlumdur. Daxili sabitliyin bərqərar olması, dövlətçilik ənənələrinin yaradılması və möhkəmlənməsi, həmçinin dünya və regional əhəmiyyətli transmilli layihələrin reallaşması ümummilli liderimizin danılmaz xidmətlərinin, müstəqilliyimizin əbədiliyinin ciddi, eləcə də etibarlı əsaslara söykənməsinin nəticəsidir.

Bu bir həqiqətdir ki, Mustafa Kamal Atatürk Türkiyə Cümhuriyyətinin tarixinə onun qurucusu kimi, Heydər Əliyev də müasir və müstəqil Azərbaycanın tarixinə onun dövlətçiliyinin yaradıcısı olaraq düşmüşdür. Türkiyə Cümhuriyyəti M.K.Atatürkün əsəri olduğu kimi, müasir Azərbaycan dövlətinin müəllifi və memarı da Heydər Əliyevdir. Bu dahi şəxsiyyət olmasaydı, bugünkü inkişaf edən Azərbaycan dövləti də olmazdı. Ulu öndər Azərbaycanı və xalqımızı nəinki təhlükədən xilas etdi, həm də bu dövlətin və xalqın tərəqqisinin əsasını qoydu, milli müstəqilliyimizin əbədiyaşarlığını təmin etdi.

Ulu öndər Heydər Əliyev siyasətçi və dövlət xadimi kimi ən uca missiyanı gerçəkləşdirərək müstəqil Azərbaycan dövlətinin memarı oldu və bu tarixi öz əməlləri ilə yazdı. Onun həyatı və fəaliyyəti Azərbaycan tarixinin bir hissəsi və bəlağətsiz deyə bilərik ki, bu tarixin ən şanlı səhifələrindəndir.

Ötən dövrdə Azərbaycanda siyasi sabitlik daha da möhkəmlənmiş, mühüm regional layihələr reallaşmış, ölkəmiz regionun lider dövlətinə çevrilmişdir. Bütün bunlar dövlət müstəqilliyimizin xalqımıza bəxş etdiyi töhfələrdir. Azərbaycan ilk dəfə olaraq bu bayramı qalib xalq kimi qeyd edir. 44 günlük Vətən müharibəsi bizim gücümüzü, iradəmizi, birliyimizi göstərdi. Azərbaycan xalqı intiqamını mənfur düşməndən döyüş meydanında aldı. Xalqımız işğal altında olan torpaqlarımızı azad edərək bütün tariximizə səs salan, onu şərəfləndirən möhtəşəm Qələbəyə imza atdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğalçı Ermənistanı döyüş meydanında darmadağın edərək ərazi bütövlüyümüzü bərpa etdi. Ölkə Prezidentinin cəsarəti, uzaqgörən siyasəti, Azərbaycan Ordusunun gücü, qüdrəti və xalqımızın dəstəyi nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapdı. Yeni Azərbaycan Partiyasının VII qurultayında Prezident İlham Əliyev demişdir: “Son illərin tarixi göstərdi ki, bütün cəhdlərə baxmayaraq, heç kim Azərbaycanı öz müstəqil yolundan döndərə bilmədi. Nə qədər cəhdlər göstərildi ki, bizi bu və ya digər avantüraya cəlb etsinlər, bizi təhrik etsinlər, hətta bəzi dost ölkələrlə bizim aramıza girsinlər. Bu cəhdlər çox olub. Sadəcə olaraq, geniş ictimaiyyət bundan xəbərsizdir. İstisna edilmir ki, bundan sonra da çox olacaq. Ancaq biz müstəqil siyasət apararaq bütün bu cəhdləri alt-üst edirik. Buna görə müstəqilliyin bundan sonra da möhkəmləndirilməsi işində partiyamız və bütün cəmiyyətimiz fəal olmalıdır”.

18 oktyabr tarixinin ölkəmizdə hər il təntənəli şəkildə bayram edilməsi Azərbaycanın dövlət müstəqilliyinin möhkəm təməllər üzərində qurulduğunu və əbədi olduğunu bir daha sübut edir.

Müstəqil dövlətçiliyimizin bərpasının 30-cu ildönümünü qeyd etdiyimiz bu təntənəli gündə dərin inam və əminliklə deyə bilərik ki, Azərbaycan dahi və uzaqgörən rəhbərin yolu ilə irəliləyərək sürətlə inkişaf edir, güclənir, qüdrətlənir. Hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədaxili sabitlik təmin olunur, sosial-iqtisadi proqramlar ardıcıllıqla həyata keçirilir, xalqımızın rifah halı yaxşılaşır. Müstəqil dövlətimiz istər regionda, istərsə də bütövlükdə dünya miqyasında öz mövqelərini daha da möhkəmləndirir. Qürur və iftixar hissi ilə deyə bilərik ki, Azərbaycan iqtisadi sahədə dünyada ən sürətlə inkişaf edən ölkələrdən biridir.

Dövlət başçısı cənab İlham Əliyevin son on səkkiz ildə ölkəyə rəhbərliyinin ən parlaq nəticəsi ondan ibarətdir ki, Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən dövlətdir. Bu gün müstəqil Azərbaycanın öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu vardır. Ölkə iqtidarının milli maraqlara əsaslanan siyasəti, iqtisadi inkişaf və demokratikləşmə, hüquqi dövlət quruculuğu, effektiv diplomatiya istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyəti də məhz milli müstəqilliyin praktiki olaraq gerçəkləşdirilməsini təmin etmişdir.

Azərbaycan müstəqilliyinin bərpası yolunda inamla, qətiyyətlə irəliləyərək artıq dünyanın ən nüfuzlu dövlətləri sırasındadır. Ölkəmiz ötən müddət ərzində tarixi hadisələrlə daha da zənginləşib, dünya miqyaslı nailiyyətlərə imza atıb.

Etibar ƏLİYEV,

İqtisad elmləri üzrə fəlsəfə doktoru.