ÇAĞDAŞ DÖVRÜMÜZÜN TƏLƏBİ
Türk dünyası

ÇAĞDAŞ DÖVRÜMÜZÜN TƏLƏBİ

Türkiyə və Azərbaycan arasında münasibətlər Cənubi Qafqazın hərtərəfli inkişafına hədəflənib

Azərbaycan Prezidenti cənab İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Cəbrayılda birgə mətbuat konfransında iki ölkə arasında əlaqələrin 44 günlük Vətən müharibəsindən sonra daha yüksək səviyyəyə çatdığını qeyd edib. Dövlətimizin başçısı bildirib ki, 20 oktyabr müasir Azərbaycan tarixində mühüm hadisədir, bu gün Zəngilan işğaldan azad edilib.

Prezident İlham Əliyev həmçinin xatırladıb ki, yenilməz qala sayılan Şuşa şəhəri noyabrın 8-də erməni işğalından azad edildi.  Bütün digər azad olunmuş rayonlarda olduğu kimi, bu şəhərdə də Azərbaycan bayrağı qaldırıldı və bununla da Ermənistan məğlubiyyətini etiraf etdi.

Müharibənin son günlərinə qədər Türkiyənin Azərbaycana siyasi-mənəvi dəstəyi dövlətimizə əlavə güc verməklə yanaşı, üçüncü qüvvələrin regiondakı vəziyyətə müdaxiləsinin də qarşısını aldı. Beləliklə, bütün dünya gördü ki, Türkiyə və Azərbaycanın birliyi növbəti dəfə qalib gəldi. Oktyabrın 20-də də iki lider Qarabağda və Şərqi Zəngəzurda yenidən həmrəylik nümayiş etdirdilər.

Sirr deyil ki, Türkiyə hər zaman Azərbaycanın Qarabağ məsələsində beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini siyasi cəhətdən dəstəkləyib. Bu gün Azərbaycan-Türkiyə münasibətləri yeni zirvəyə yüksəlib. Son üç onillikdə Azərbaycan ilə Türkiyə arasında əlaqələr uğurla inkişaf edir. Azərbaycan və Türkiyə birliyi böyük siyasi və iqtisadi potensiala malikdir və Cənubi Qafqaz regionunun hərtərəfli inkişafına yönəlib. Energetika, nəqliyyat və logistika sahələrində həyata keçirilən irimiqyaslı birgə layihələr ikitərəfli, eləcə də daha geniş regional səviyyədə ticari-iqtisadi əlaqələrin genişlənməsinə mühüm töhfələr verir. Təkcə son bir neçə ay ərzində Azərbaycan və Türkiyə dövlət başçılarının iştirakı ilə bir sıra tədbirlərin - Rize-Artvin Hava Limanının TEKNOFEST Azərbaycan festivalının açılışını və digər mərasimləri yada salmaq kifayətdir.

Azərbaycan və qardaş Türkiyəni siyasi və iqtisadi maraqlarla yanaşı, həm də milli və ortaq dəyərlər və tarixi köklər birləşdirir. Türkiyə Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətdir. 1991-ci il noyabrın 9-da Türkiyə Azərbaycanın müstəqilliyini tanıdı və 1991-ci il yanvarın 14-də diplomatik əlaqələr quruldu. Azərbaycan ilə Türkiyə arasında ikitərəfli iqtisadi əlaqələr son 30 ildə yüksək keyfiyyətə və dinamikaya çatmışdır.

Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla inkişaf etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək siyasi və diplomatik istedadı sayəsində son illər ərzində ölkəmizin dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar ilə münasibətləri daha da inkişaf edib. Bunun nəticəsində Azərbaycan təkcə regionda deyil, eyni zamanda, beynəlxalq aləmdə söz sahibinə çevrilib, dünyada cərəyan edən proseslərə təsir göstərmək imkanı qazanıb. Əminliklə deyə bilərik ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və qüdrətli Ordumuzun gücü ilə əldə etdiyi şanlı Qələbə geniş geosiyasi məkanda da ciddi dəyişikliklərə səbəb olub. Hazırda dövlətimizin başçısı cənab İlham Əliyevin və Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın sayəsində Azərbaycan ilə Türkiyə arasında inkişaf edən siyasi-iqtisadi əlaqələr strateji əməkdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Təkcə Şuşa Bəyannaməsini xatırlatmaq kifayətdir ki, bu müttəfiqliyin hansı zirvələrdə olduğunu aydın görə bilək. Qars müqaviləsindən yüz il sonra Şuşa Bəyannaməsinin imzalanması hər iki dövlətin yeni hərbi-siyasi təhlükəsizlik çətirinin - milli və regional təhlükəsizliyin yeni mexanizminin formalaşdırmasından xəbər verir. Ümumiyyətlə, danılmaz həqiqət ondan ibarətdir ki, regionda yeni geosiyasi nizam məhz Azərbaycan-Türkiyə strateji müttəfiqliyi fonunda formalaşır. Bakı və Ankaranın təşəbbüsləri regionda yeni geostrateji konfiqurasiyanın yaranmasına zəmin yaradıb. Tərəflərin ümumi siyasi iradəsinə - birgə təşəbbüslərə əsaslanan yeni əməkdaşlıq platformalarının yaradılması da aktualdır. Məlumdur ki, Azərbaycan və Türkiyənin təşəbbüsü ilə "altılıq" formatında əməkdaşlıq platforması uzun müddətdir müzakirə olunur. Bununla bağlı hətta müəyyən təmaslar - danışıqlar, görüşlər də olub. Yeni geostrateji variantlar da meydana çıxır. Şübhəsiz, iki ölkənin iradəsi və mövqeyi həlledicidir. Söhbət Azərbaycan-Türkiyə-Gürcüstan formatında həyata keçirilməsi planlaşdırılan yeni əməkdaşlıq mexanizmindən gedir. "Üçlük" platforması həm Azərbaycan, Türkiyə və Gürcüstanın strateji maraqlarını təmin etmək, həm də regional əməkdaşlığın əhatə dairəsini genişləndirmək baxımından əhəmiyyətlidir. Bu, həmçinin yeni əməkdaşlıq modellərinin yaradılmasına kömək edə bilər. Ümumiyyətlə, Bakı və Ankaranın geosiyasi iradəsi mühüm regional məsələlərin həllini təmin edir.

Enerji sahəsində də böyük irəliləyişlər əldə olunmuşdur. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum qaz layihələri təkcə dövlətimizin deyil, Avropa ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayır. Qlobal beynəlxalq əhəmiyyətə malik və mühüm nəqliyyat infrastrukturu kimi dəyərləndirilən Bakı-Tbilisi-Qars dəmir yolu da təkcə Azərbaycan və Türkiyəni deyil, həm də Avropa və Asiyanı birləşdirir.

Beləliklə, Azərbaycan və Türkiyə münasibətlərinin hazırkı səviyyəsi tam əminliklə deməyə əsas verir ki, ölkələrimiz arasında qardaşlıq və müttəfiqlik əlaqələri bundan sonra da xalqlarımızın mənafeləri naminə uğurla inkişaf edəcək.

Emin QASIMOV,

"Respublika".