Çadır düşərgəsində toy var idi...
Region

Çadır düşərgəsində toy var idi...

Həmin gün xalqın yaddaşında əbədi yer alan xoş xatirəyə çevrildi. Torpaqlarımız işğal altında idi, ürəklər qubar bağlamışdı, xalqın toy-düyün barədə düşünməyə nə vaxtı, nə həvəsi var idi. 1999-cu il mart ayının 19-u, Novruza sanılı saatlar qalır, amma ürəklərdə bayram ovqatı yaranmırdı. Axşam televizor öz xəbərlərini qeyri-adi dərəcədə gözəl bir hadisənin təqdimatı ilə başladı; Biləsuvar rayonu ərazisindəki çadır düşərgəsində bir cüt gəncin - Tuqayla Aygünün, Azərlə Kifayətin toy mərasimi keçirilib və ümummilli lider Heydər Əliyev həmin toyda iştirak edib. Sonra toydan hazırlanan reportajda ulu öndərin xeyir-duası səslənir, musiqi sədaları altında rəqslər başlayır.

Məcburi köçkün, Qarabağ əlili Tuqay Rzayevlə söhbət zamanı həmin xoşbəxt günü, öz toyunu o, belə xatırladı:

-Martın 19-u günü biz tezdən toy mərasiminə hazırlaşırdıq.

Dedilər ki, Heydər Əliyev yoldadır, toyda iştirak etməyə gəlir. Ulu öndər zala daxil olanda hamı ayağa qalxdı. Onu qarşıladılar, gözəl toy keçdi.

Heydər Əliyev çıxışında dedi ki, son illərdə birinci toydur ki, iştirak edirəm. Məclisdə anam “Süleymani” havasını sifariş elədi.

Ulu öndərlə birlikdə  rəqs etdik.

İki cütlüyün - Tuqayla Aygünün, Azərlə Kifayətin toy məclisi ulu öndərin xeyir-duası ilə şərəfləndiyindən xoş hadisə kimi yaddaşlara həkk olunub. Bu ailələrin sonrakı güzəranı ilə maraqlanıb ailə başçıları - Tuqayla yanaşı, Azərlə də telefon bağlantısı yaratdıq. Azər dedi:

-Toy insan həyatında ən xoş, ən sevindirici hadisədir. Lakin zaman bizi ağır sınaqlara çəkmişdi. Heç bir şəraiti olmayan çadırlarda çətinliklərlə üz-üzə idik. Bizim ailə daha ağır məhrumiyyətlərə düçar olmuşdu. Cəbrayıl rayonunun Çaxırlı kəndindəki ata yurdumuzdan əliboş şəkildə qaçqın düşmüşdük. Qardaşım Fariz 1997-ci ildə Hadrut ətrafında gedən döyüşlərdə şəhid olmuşdu. Bir sözlə, toya hazırlaşsaq da toy əhvalında deyildik. Amma atalar demişkən kədərlə sevinc əkiz doğulub. Ulu öndərin  toy məclisimizdə iştirakı bizə yaşam impulsu verdi. Düz 23 ildir həyat yoldaşım Kifayətlə o gözəl günün xoş xatirəsi ilə yaşayırıq.

Azər Cavadov xoşbəxt ailə başçısıdır. Cavadovlar Biləsuvar rayonu ərazisində Cəbrayıl rayon sakinləri üçün salınmış şəhərciyin dördüncü qəsəbəsində hər cür şəraiti, həyət-bacası olan ikiotaqlı evdə yaşayır. Kifayət evdar qadındır. Ailənin bir qız, bir oğlan övladı var, Ziba Bakıda işləyir, Rafət ordu sıralarında xidmət edir. Azər deyir:

-Fövqəladə Hallar Nazirliyinin Qubadlıdakı bölmələrindən birində sürücü işləyirəm. Yüksək əməkhaqqı alıram. Dolanışıq sarıdan heç bir çətinliyimiz yoxdur. İşğaldan azad olunmuş torpaqlarımıza, sözün əsl mənasında, yeni həyat bəxş olunur. Şübhə yoxdur ki, tezliklə doğma yurda Böyük Qayıdışın sevinci də bizə qismət olacaq.

Füzuli rayonunun Qorqan kəndində anadan olmuş Tuqay Rzayevin ailəsi Bakının Xətai rayonunda məskunlaşıb. Tuqay həyat yoldaşı Aygünlə birlikdə “Azərişıq” sistemində işləyir. Ailədə 3 uşaq böyüyüb tərbiyə alır. Qızlar - Zərifə ilə Fidan orta təhsili başa vurublar, Cəlil məktəblidir.

Toy sevinci yaşın hansı çağlarındasa təbir  caizsə, köhnəlir, hətta unudulur. 23 il bundan əvvəl ulu öndər Heydər Əliyevin xeyir-duası ilə qurulan bu iki ailənin xoşbəxtliyə qovuşduğu toy gününün sevinci isə daimidir.

Tofiq HÜSEYN,

“Respublika”.