Bütün sahələrdə önəmli dönüş yaradılıb
Digər xəbərlər

Bütün sahələrdə önəmli dönüş yaradılıb

Ölkə başçısının "Biz nəyi nə vaxt edəcəyimizi yaxşı bilirik" deyimi qazanılan nailiyyətlərin təməl formuludur

2003-cü ildən ölkəyə rəhbərlik edən Prezident İlham Əliyevin verdiyi müdrik qərarlar Azərbaycanı dünyada öndə gedən ölkələrdən birinə çevirmiş, həyata keçirilən sosial-iqtisadi siyasət ölkəmizdə bütün sahələrdə önəmli dönüş yaratmışdır. Ölkəyə rəhbərliyinin ilk günlərindən Prezident İlham Əliyevin respublikanı bütün sahələrdə inkişaf etdirmək, ölkə iqtisadiyyatını möhkəmləndirmək, neft amilini insan amilinə çevirmək, təhsil, səhiyyə sistemlərinin beynəlxalq aləmə inteqrasiyasına nail olmaq istiqamətində apardığı uğurlu siyasət Azərbaycanın nüfuzunu bütün dünyada artırmışdır. Yüksək, dayanıqlı iqtisadiyyatın və davamlı inkişafın təmin olunması istiqamətində reallaşdırılan islahatlar bu gün Azərbaycanı güclü bir ölkəyə çevirib.

Dövlət başçısı cənab İlham Əliyevin Ali Baş Komandanlığı dövründə ölkəmizdə ordu quruculuğunun yeni mərhələsi başlanmış və Azərbaycan Ordusunun formalaşması, təkmilləşməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülmüşdür. Ulu öndərin ordu quruculuğu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirmişdir. Bu istiqamətdə dövlət rəhbərinin atdığı çoxsaylı mühüm addımlar, həyata keçirdiyi kompleks tədbirlər cəmi bir neçə il ərzində Azərbaycan Ordusunu dünyanın ən qüdrətli orduları sırasında qərarlaşdırmışdır. Maddi-texniki bazasının möhkəmləndirilməsi, hərbçilərin sosial təminatının gücləndirilməsi bu gün Azərbaycan Ordusunu dünyanın 50 ən güclü ordusu sıralarına yüksəltmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəyə rəhbərliyinin ilk günlərindən daxili və xarici siyasətinin əsas ana xəttini ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, müstəqilliyimizin möhkəmləndirilməsi təşkil etmiş, ölkə başçımızın həyata keçirdiyi məqsədyönlü, düşünülmüş, uzaqgörən siyasət xalqımızın əzəli yurd yerlərinin, itirilmiş torpaqlarımızın düşməndən geri alınmasına xidmət etmişdir. Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirən ölkə başçısı atdığı hər bir addımda, apardığı bütün islahatlarda Azərbaycanın milli maraqlarını müdafiə etmişdir. Güclü dövlət, güclü iqtisadiyyat, xalqımızın milli ideya ətrafında birləşməsi, azərbaycançılıq fəlsəfəsi, azərbaycançılıq ideologiyası, ölkəni milli-mənəvi dəyərlər əsasında inkişaf etdirmək cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətin prioritet istiqamətidir.

30 il ərzində işğal altında qalan ərazilərin geri qaytarılması ölkənin iqtisadi və hərbi gücü ilə yanaşı, eyni zamanda dövlət rəhbərinin güclü siyasi iradəsindən, qətiyyətindən asılıdır. Bu baxımdan, nəyi necə və nə vaxt etməyi yaxşı bilən dövlətimizin rəhbəri 20 ilə yaxın bir müddətdə bütün fəaliyyətini bu istiqamətdə qurmuş, Azərbaycan həqiqətlərini dünyaya çatdırmış, xarici ölkələrə səfərləri zamanı ölkəmizin haqq işini bütün dünyanın diqqətinə çatdırmışdır. Bütün siyasi görüşlərində, xarici televiziyalara verdiyi müsahibələrində cənab Prezident Azərbaycanın haqlı mövqeyindən çıxış edərək ölkəmizin ərazi bütövlüyünün pozulması, xalqımızın soyqırımlarına məruz qalması, vətəndaşlarımızın məcburi köçkün vəziyyətinə düşməsi faktlarının öz təsdiqini tapmasına nail olmuşdur.

2020-ci il sentyabrın 27-də Ali Baş Komanda

n İlham Əliyev ölkəmizin ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi üçün əks-hücum əməliyyatının keçirilməsinə əmr verdi. Artıq müstəqil Azərbaycanın düşməni məhv etməyə yetərincə hərbi potensiala malik olduğuna, yenilməz ordusunun formalaşdığına əmin olan ölkə başçısının bu qərarı da vaxtında, zamanında verilmiş, qalibiyyətə hədəflənmiş qərar oldu. Hər zaman düşünülmüş addım atan, qarşısına qoyduğu məqsədə çatmaq üçün hədəflərini dəqiq, düzgün müəyyənləşdirən cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın 44 gündə düşməndən azad olunması bunu bir daha sübut etdi.

Dövlətçilik ənənələrini möhkəmləndirən, iqtisadi gücünü gündən-günə artıran, böyük potensiala malik olan ölkəmizin gələcəyə hesablanmış sürətli inkişafı regiona da öz müsbət təsirini göstərir. Bu gün Azərbaycanın regionda söz sahibinə çevrilməsi, bölgədə heç bir layihənin Azərbaycanın iştirakı olmadan həyata keçirilməməsi də Azərbaycanın dövlət rəhbərinin məqsədyönlü siyasətinin göstəricisidir. Belə ki, böyük uzaqgörənliklə yalnız region ölkələri ilə deyil, həmçinin dünya ölkələrinin mütləq əksəriyyəti ilə ikitərəfli və çoxşaxəli əməkdaşlıq əlaqələrinin qurulmasına önəm verən, Azərbaycanı dünyada etibarlı tərəfdaşa çevirən Prezident İlham Əliyev bu istiqamətdə düşünülmüş siyasət yürüdür. Xarici siyasətində hər zaman beynəlxalq əlaqələrin daha da möhkəmlənməsinə, dünya dövlətləri ilə sıx, qarşılıqlı əməkdaşlığın qurulmasına böyük önəm verən Azərbaycan beynəlxalq təşkilatlara üzv olmaqla regional iqtisadi əməkdaşlığın inkişafında yaxından iştirak edir, qarşılıqlı surətdə faydalı iqtisadi inteqrasiya, iqtisadi əməkdaşlığı daha da genişləndirir. İkinci Qarabağ müharibəsində qalibiyyət qazanan Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev regionda sülhün, əmin-amanlığın bərqərar olması, xalqların sülh şəraitində yaşaması üçün bölgədə sülhü təşviq edir. Hətta, uzun illər boyu ölkəsinin ərazi bütövlüyünü pozan, torpaqlarını işğal edən düşmən Ermənistana da sülh təklif edir. Bu il aprelin 29-da ADA Universitetində "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfransda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir :"Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq. Niyyətimiz budur. Hesab edirəm ki, nümayiş etdirdiyimiz və elan etdiyimiz addımlar Qafqazda sülhə töhfə vermək üçün iradəmizin bariz nümunəsidir. Biz Qarabağı yenidən qururuq, iqtisadiyyatımızı gücləndirmək üçün resurslarımızı səfərbər edirik, çünki onsuz gözəçarpan vəsaitləri ayırmaq asan olmaz. Eyni zamanda, biz Qafqazda sülh gündəliyini təşviq edirik. Hesab edirəm ki, bütün istiqamətlərdə təşəbbüs bizim əlimizdədir. Həmin təşəbbüs sülhə xidmət edir və etməlidir".

Azərbaycan Prezidenti Vətən müharibəsi zamanı imzalanan üçtərəfli Bəyanatdan irəli gələn bütün müddəaları yerinə yetirməklə bir daha xalqımızın humanist, tolerant, sülhsevər xalq olduğunu göstərir. Bununla bərabər, Azərbaycan özünün ərazi bütövlüyünə hörmətlə yanaşılmasını tələb etməyi və buna nail olmağı bacardığını da bütün dünyaya bəyan edir. İkinci Qarabağ müharibəsindən artıq iki il ötür. Hələ də Azərbaycanın qalibiyyətini qəbul edə bilməyən, məkrli siyasətindən əl çəkməyən düşmən ölkə anlamaq istəmir ki, məskunlaşdıqları ərazilər Azərbaycanın tarixi torpaqlarıdır, tarixən Azərbaycanın olub və olacaq. Onlar anlamasalar da, nəyi necə və nə vaxt etməyi çox yaxşı bilən Azərbaycan Prezidenti düşünülmüş müdrik siyasəti ilə qarşısına qoyduğu bütün vəzifələri yüksək səviyyədə yerinə yetirir. Bu günlərdə Laçın şəhərinin mərkəzində üçrəngli bayrağımızın dalğalanması bunun gözəl, qürurverən nümunəsidir.

M.VƏLİQIZI,

"Respublika".