Digər xəbərlər

"Buta Airways" Xarkov şəhərinə uçuşlar yerinə yetirməyə başlayır və Kiyev şəhərinə uçuşların sayını artırır

Azərbaycanın aşağıbüdcəli aviadaşıyıcısı "Buta Airways" may ayında Ukraynanın daha bir şəhərinə uçuşların yerinə yetirilməsini bərpa edir. Aviadaşıyıcı Xarkov şəhərinə xüsusi uçuşlar həyata keçirəcək. Uçuşlar mayın 20-də Heydər Əliyev Beynəlxalq Aeroportundan Xarkov istiqamətinə bərpa olunacaq və həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək.

Həmçinin, mayın 1-dən aviadaşıyıcı Bakı-Kiyev-Bakı marşrutu üzrə uçuşların sayını da artıracaq. Həftədə iki reysə (bazar ertəsi və cümə axşamı) daha bir reys - şənbə günləri- əlavə olunur.

Həmin uçuşlara biletləri butaairways.az rəsmi saytından ("Büdcə", "Standart" və "Super" tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız "Super" tarifi üzrə) əldə etmək olar.

Biletlərin dəyəri 29 avrodan başlayır.

Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstərilir. Daşımaya yalnız mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

Ukraynaya səfər etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl bu ölkə ərazisinə giriş zamanı tətbiq olunan qayda və məhdudiyyətlərlə tanış olmaları tövsiyə olunur. Müvafiq məlumat aviaşirkətin https://www.butaairways.az/az/covid/ukraine saytında dərc olunmuşdur.

Azərbaycana giriş qaydaları haqqında məlumatla https://www.butaairways.az/az/covid/azerbaijan saytında tanış olmaq mümkündür. Ukraynanın şəhərlərindən Azərbaycana uçuş zamanı COVİD-19 testindən keçmək zəruridir.

PCR-testin mənfi nəticəsi barədə arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə edilir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyət prosedurlarından daha sürətli keçməyə kömək edəcəkdir. COVID-19 testinin nəticəsi uçuşdan əvvəl 72 saat ərzində etibarlı olmalıdır.

"Buta Airways" aviaşirkətinin mətbuat xidməti.