“Bursa-2022
Türk dünyası

“Bursa-2022" türk dünyasının mədəniyyət paytaxtının təntənəli açılış mərasimi keçirilib

Türkiyənin Bursa şəhərində "Bursa-2022" türk dünyasının mədəniyyət paytaxtının təntənəli açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycanı mədəniyyət naziri Anar Kərimov təmsil edir.

AZƏRTAC xəbər verir ki, bu il ərzində türk dünyasının əsas mədəniyyət mərasimlərinə ev sahibliyi edəcək qədim Bursa şəhəri rəsmi heyətlər başda olmaqla dünyanın dörd bir tərəfindən qonaqlarını qəbul edib.

Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Ersin Tatar, eləcə də Qırğızıstan mədəniyyət, məlumat, idman və gənclər siyasəti naziri Azamat Camanqulov, Qazaxıstan mədəniyyət və idman nazirinin müavini Nurkissa Dauyeshov, Özbəkistan mədəniyyət nazirinin müavini Muradcan Məcidov, ŞKTR-nin Baş nazirinin müavini, turizm, mədəniyyət, gənclər və ətraf mühit naziri Fikri Ataoğlunun rəhbərliyi ilə nümayəndə heyətləri qonaqlar arasında olublar.

Mərasimdə Türkmənistan Türkiyədəki səfiri İşankuli Amanlıyev, Macarıstan isə İstanbuldakı Baş konsulu Laszlo Keller səviyyəsində təmsil olunub.

Rəsmi açılışda Bursa Böyükşəhər bələdiyyəsinin sədri Alinur Aktaş, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Baş katibi Düsen Kaseinov, Bursa valisi Yakup Canpolat və Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyun, Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri, Böyük Millət Məclisinin deputatı Binəli Yıldırım və başqaları çıxış ediblər. Çıxışlarda "Türk dünyası mədəniyyət paytaxtı layihəsi" ortaq milli sərvətimiz kimi dəyərləndirilib.

Sonra türk dünyasının sənətçilərinin iştirakı ilə zəngin bədii proqram olub.

Qeyd edək ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının fövqəladə iclası martın 31-də Bursa şəhərində keçiriləcək. İclasda təşkilati və cari məsələlərə baxılacaq.

AZƏRTAC