Bura ümidlə gəlir, inamla qayıdırlar
Region

Bura ümidlə gəlir, inamla qayıdırlar

Şirvan Əlillərin Regional Reabilitasiyası Mərkəzi əlilliyi olan şəxslərin kompleks tibbi-sosial reabilitasiyasının həyata keçirilməsi üçün nəzərdə tutulan regional müəssisədir. Mərkəz Şirvan şəhərində və ətraf rayonlarda yaşayan əlillərə kompleks tibbi-sosial reabilitasiya xidməti göstərməklə onların sosial statusunun bərpa edilməsi və cəmiyyətə inteqrasiyası, onların tibbi, sosial, peşə diaqnostikası və reabilitasiyası, xəstəlikləri nəzərə alınmaqla dietik və rasional qidalanmasının təşkili, yaş və sağlamlıqlarını nəzərə almaqla mədəni-kütləvi tədbirlərə, müalicə idmanına cəlb edilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində işlər görür. Müəssisədə bərpa müalicəsi alanlarla bağlı məlumat bankı yaradılır, onların reabilitasiyasında müasir metodika və texnologiyalardan istifadə edilir, qabaqcıl təcrübələrin öyrənilməsi əsasında reabilitasiya metodları hazırlanaraq təcrübədə tətbiq olunur. Mərkəzə qəbul Tibbi-sosial ekspert komissiyalarının, müalicə-profilaktika müəssisələrinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişlərinə əsasən həyata keçirilir. Mərkəzdə 18 yaşdan yuxarı bütün kateqoriyalardan olan əlillərə xidmət göstərilir. 

Şəhərin mərkəzində, abad bir guşədə yerləşən tibb müəssisəsinə əvvəllər də yolum düşmüşdü. O vaxt binanın görkəmindən tutmuş müalicə otaqlarındakı köhnə, yararsız avadanlıqlara kimi nə varsa hər şey adamda xoşagəlməz ovqat yaradırdı. Tibb işçiləri prosedurları demək olar ki, əksər hallarda əl əməyi ilə aparırdılar.

 Bu dəfə mərkəzə əlilliyi olub burada müalicə alan tanışlarımın məsləhəti ilə yollanıram. Darvazadan içəri qədəm qoyanda yamyaşıl, səliqəli həyət-bacası, yaraşıqlı fasadı ilə diqqəti cəlb edən müasir görkəmli bina ilə üz-üzə dayanıram. Xəstələrdən kimisi televizora baxır, kimisi söhbətgahda oturub dincəlir. Geniş, işıqlı dəhliz, müalicə otaqları, ən müasir tibb avadanlıqları, təmiz palatalar, gözə nə dəyirsə, hər şey adamda yalnız rahatlıq hissi yaradır. Mərkəzin direktoru Mehriban Siracova tibb müəssisəsi barədə deyir:

- Şirvan Reabilitasiya Mərkəzi 2004-cü ilin yanvar ayından fəaliyyət göstərir. Mərkəzdə 18 yaşından yuxarı bütün kateqoriyalardan olan əlilliyi olan şəxslərə (ƏOŞ) tibbi sosial psixoloji reabilitasiya xidməti göstərilir. Mərkəzdə həm stasionar, həm də ambulator müalicə aparılır. Mərkəzin 14 çarpayılıq 7 palatası var.

Mərkəz 2020-ci il oktyabr ayından əsaslı təmirdən sonra yenidən fəaliyyətə başlamışdır. Bütün prosedur otaqları müasir texnologiyalı yeni avadanlıqlarla təchiz olunmuşdur. Mərkəzdə müalicəvi bədən tərbiyəsi otağı, hidroterapiya, hovuz, müalicəvi masaj, parafin, termoterapiya, elektroterapiya, prosedur otağı və psixoloji seans otağı kimi xidmətlər mövcuddur. Əlillərin rahatlığı üçün palatalarda hər cür şərait yaradılmışdır.

Mərkəzdə bütün sanitar-gigiyenik qaydalara əməl olunur. Ayda iki dəfə dezinfeksiya işləri aparılır.

44 günlük Vətən müharibəsi zamanı yaralanmış Vətən müharibəsi iştirakçılarına və şəhid ailələrinə mərkəzdə sosial-psixoloji reabilitasiya kursları keçirilir və bu da onların yenidən cəmiyyətə inteqrasiyasına kömək edir.

Əlillərin asudə vaxtlarını maraqlı keçirmələri üçün müxtəlif yarışlar, bayram tədbirləri keçirilir.

Mərkəzin məqsədi ƏOŞ-yə tibbi sosial və psixoloji reabilitasiya müalicəsi göstərməklə cəmiyyətə inteqrasiyasını təmin etməkdir.

Mərkəzə ətraf rayonlardan, Salyan, Sabirabad, Neftçala, digər yerlərdən gələn xəstələr bir qayda olaraq tibbi personalın xidmətindən razılıq edirlər. Öyrənirik ki, mərkəzdə 44 günlük Zəfər Qələbəmizdə şücaət göstərən qazilərin müalicəsinə xüsusi qayğı və diqqət göstərilir. Çavuş Cavid Abbasov deyir:

- Tibb işçilərinin hamısından hörmət, ehtiram gördük. Buradakı xidmətin səviyyəsi digər mərkəzlərdən geri qalmır. Mərkəz Avropa standartlarına tam cavab verir.

Gizir Kənan Qocayev:

- Üçüncü qrup əlilliyim var. Mərkəzdə son dərəcə yüksək intizamı, isti, mehriban münasibəti görəndə sanki əlilliyimi unutdum. Tibbi xidmət yüksək səviyyədə təşkil olunub. Həkim və tibb işçilərinə, xidmətdə dayanan hamıya dərin təşəkkürümü bildirirəm.

Əsgər Nicat Əsədov:

- Bura kim ümidlə gəlirsə, əmin olsun ki, tibb ocağını inamla tərk edəcək.

Tofiq HÜSEYN,

"Respublika".