Bulaq kompleksi istifadəyə verilib
Region

Bulaq kompleksi istifadəyə verilib

Tovuz şəhərində 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan leytenant Məcidov Aqil Aydın oğlunun xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olmuşdur.

Açılış mərasimində rayon icra hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov, RİH başçısı aparatının məsul işçiləri, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Tovuz rayon filialının sədri Əli Əliyev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsinin sədri Etibar Vəliyev, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri,  şəhidin yaxınları iştirak ediblər.

Mərasimdə rayon icra hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov çıxış edərək Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabrın 27-də başlanan və Zəfərlə başa çatan Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən danışıb. Qeyd edib ki, şərəfli döyüş yolu keçən Aqil və onun kimi oğullarımızın xatirəsi heç bir zaman unudulmayacaq.

Sonra şəhid Aqil Məcidovun valideynləri, şəhidin qardaşı, şəhid ailələri və ictimaiyyət nümayəndələri çıxış edərək xatirələrini, Vətən müharibəsi dövründə ordumuzun və xalqımızın göstərdiyi şücaətdən, qəhrəmanlıqlarından bəhs ediblər. Xatirə bulağının açılışında Tovuz Rayon Mədəniyyət Mərkəzinin işçilərinin və məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.

 Aqil Aydın oğlu Məcidov 1998-ci il aprelin 3-də Tovuz şəhərində anadan olub. 2005-2016-cı illərdə A.S.Puşkin adına Tovuz şəhər tam orta məktəbdə təhsil alıb. 2016-2020-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərbi təhsil alıb.

Azərbaycan Ordusunun leytenantı Aqil Məcidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Aqil Məcidov sentyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olub. Tovuz şəhərində dəfn olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə leytenant Məcidov Aqil Aydın oğlu “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Vəli VƏLİYEV,

“Respublika”.