Bulaq kompleksi əbədi ehtiramdır
Region

Bulaq kompleksi əbədi ehtiramdır

Beyləqan  rayonunun Qaralılar kəndində  44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Vəzirov Cəlal Bədirxan oğlunun  xatirəsinə  inşa edilən bulaq kompleksinin açılışı oldu. Açılış mərasimində rayon icra hakimiyyətinin məsul əməkdaşları, qazilər, ictimaiyyət nümayəndələri, şəhidin yaxınları iştirak etdilər.

Mərasimdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şəhidin valideynlərinə Fəxri fərman və “Xarıbülbül” simvolu təqdim olundu. Məktəblilərin ifasında Vətənə və qəhrəmanlara həsr edilən şeirlər səsləndirildi. Şəhid bulaq kompleksinin üzərindəki ağ örtük götürülərək bulağın üzərinə tər qərənfillər düzüldü.

Rayon icra hakimiyyəti başçısının birinci müavini Telman Məstanov Cəlal kimi igid, qeyrətli və mərd oğlu yetişdirən şəhid ailələrinə dərin ehtiramını bildirdi.

Şəhidin valideynləri və dostları Cəlalın qısa, lakin şərəfli həyat yolundan, onun Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqlarından danışdılar. Bildirdilər ki, Cəlal Bədirxan  oğlu Vəzirov 1993-cü il dekabrın 5-də Beyləqan rayonunun Qaralılar kəndində dünyaya göz açıb. Hələ kiçik yaşlarından vətənpərvərliyi ilə seçilən Cəlal həqiqi hərbi xidmətə də ruh yüksəkliyi ilə yollanıb. Xidməti zamanı kəşfiyyatçı olan Cəlal, general Polad Həşimovun komandanlığı altında olan hərbi hissədə xidmət keçirib. Hərbin sirlərinə peşəkarcasına yiyələnən Cəlal xidmətini də fərqlənmə ilə başa vurub. 2020-ci il iyul hadisələri zamanı general Polad Həşimovun şəhid olması Cəlalı sarsıtdığından o, könüllü olaraq səfərbərlik xidmətinə müraciət edərək qeydiyyatdan keçib.  Sentyabrın 21-də təlim toplanışı ilə ordu sıralarına qoşulub. Sentyabrın 27-də Ermənistan hərbi birləşmələrinin təxribatına qarşı başlanan əks-hücumda ilk döyüşə atılanlar sırasında Cəlal da iştirak edirdi. Onun döyüş yolu Füzuli və Cəbrayıl  uğrunda gedən ağır döyüşlərdə oldu. Cəlal bu döyüşlərdə xüsusi igidliklə vuruşub, cəbhənin yarılmasında və xüsusi tapşırıqlarda fəallığı ilə seçilib. Oktyabrın 3-də Füzuli istiqamətində gedən gərgin döyüşlər zamanı Cəlal qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirakına, hərbi hissə qarşısına qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Vəzirov Cəlal Bədirxan oğlu ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhidin valideyinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Ərəstun ABDULOV,  

"Respublika".