Bu yerlər yenidən bərpa edilib gözəlləşəcək
Region

Bu yerlər yenidən bərpa edilib gözəlləşəcək

İşğaldan azad edilən ərazilərə diqqət yetirəndə bir daha aydın olur ki, ermənilər bu yerləri qarət edəndən sonra oraları ölü zonaya çeviriblər. Erməni faşizminin ən ağır izlərinə Ağdam şəhərində və onun uzun illər ərzində işğalda qalan kəndlərində rast gəlinir. Azərbaycanlılara qarşı nifrət və qəddarlıq nümayiş etdirən Ermənistan və onun “güclü ordusu” müzəffər silahlı qüvvələrimiz tərəfindən məhv edilib, düşmən öz cəzasına çatıb, torpaqlarımız işğalçılardan təmizlənib.

Ermənilər Ağdam şəhərini və onlarla kəndi yer üzündən silməyə çalışıblar, burada həyat izinə rast gəlmək mümkün deyil. İslam aləminə nifrətini gizlətməyən ermənilər məscidləri təhqir edib, orada donuz saxlayıb, qəbiristanlıqları dağıdıb, dini və mədəni abidələri məhv ediblər.

Tağıbəyli kəndinin xarabalıqları adamı dəhşətə gətirir. Bir vaxtlar gözəl, abad, çal-çağırlı, bağlı-bağatlı bu yerlərdən indi əsər-əlamət qalmayıb.

Tağıbəyli kəndi Ağdam şəhərindən 23 kilometr şimalda - Qarabağ düzündədir. İşğaldan əvvəl bu kənddə üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıq inkişaf edib. Kənddə orta məktəb, kitabxana, klub, tibb məntəqəsi var idi. Talan edilmiş, dağıdılmış, yandırılmış evlər dünyanın heç bir yerində, heç bir müharibəsində görünməmiş vəhşiliyin göstəricisidir. Vaxtilə kənddə mövcud olmuş yaşayış evləri və sosial binalardan əsər-əlamət qalmayıb. İşğal altında olan bütün yaşayış məntəqələri kimi, Tağıbəyli kəndini də ermənilər dağıdıb xarabalığa çevirib, kəndin ərazisində yanğınlar törədərək, daşı, torpağı belə yandırıblar.

Vətən müharibəsində rayonun bizdə olan kəndləri ən çox dağıntılara məruz qalıb, 48 nəfər ağdamlı həlak olub, 300 nəfərdən çox insan yaralanıb. Ermənilər 30 ilə yaxın işğal altında saxladıqları Azərbaycan ərazilərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, mədəniyyət ocaqlarını, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini, bütün infrastrukturu talan edib, dağıdıb və yandırıblar. İşğaldan azad edilmiş şəhər və kəndlərimizi gəzdikcə ermənilərin törətdiyi ölçüyəgəlməz vəhşiliyin şahidi oluruq.

Erməni faşistlər cəzasız qalacaqlarına ümid etsələr də, artıq Azərbaycan ordusu tərəfindən layiqli cəzalarını alıblar.

Ermənilər Qarabağı əbədi itiriblər... Bu sözləri rusiyalı alim, türkoloq Viktor Nadein-Rayevski Ermənistan KİV-ə müsahibəsində qeyd edib. Ermənilərə xəbərdarlıq edən alim bildirib ki, Xankəndidə böyük problemlər var və onlar həll olunmur. Əsas problem suyun olmamasıdır. Bir az da belə davam etsə, ermənilər bu şəhərdən könüllü olaraq çıxacaqlar və onu Azərbaycana buraxacaqlar.

S.ALIOĞLU,

“Respublika”.