Bu torpaq hər dadda nemət bitirir
Region

Bu torpaq hər dadda nemət bitirir

Bir yazıya reaksiya 

“Respublika”qəzetinin ötən saylarının birində “Günəşli havanın bol olduğu yerdə”adlı məqalə oxudum. Kürdəmir sakini, həm də uzun illər kənd təsərrüfatı sahəsində çalışan, torpaqla, əkin-biçinlə bağlı işlərin mütəxəssisi kimi deməliyəm ki, yazı mənə son dərəcə maraqlı təsir bağışladı. Məqalədə təkcə Azərbaycan üçün deyil, bütün Qafqaz üçün son dərəcə qiymətli Şahbəyi üzüm sortunun yalnız Kürdəmir torpağında yetişdirildiyi barədə əldə olunan faktlar qələmə alınıb. Tamamilə doğrudur. Əsrin əvvəlində tam təsadüf nəticəsində Şahbəyi üzüm sortu Kürdəmirdə tapılıb. Ruslar, bir qədər sonra fransızlar Şahbəyi sortundan hazırlanan “Kürdəmir” şərabının istehsalına başlayıblar. Təxminən bir əsr bu şərab bütün dünyada brend məhsul kimi şöhrət qazanıb. Nə qədər qəribə olsa da, təkcə Şahbəyi üzüm sortu deyil, bir çox bitki növü var ki, onlar da məhz Kürdəmir ərazisində yetişir. Bu bitkilər başqa yerlərdə əkilsələr də, Kürdəmirdəki qədər məhsuldarlığa malik olmurlar. Bunlardan biri-bu gün məişətdə, qida sənayesində çox istifadə olunan və heç bir başqa məhsulla əvəz olunmayan “Yerfındığı”dır.

 Yerfındığı haqqında nə bilirik? Əvvəlcə bu suala aydınlıq gətirək. Yerfındığı orqanizmə enerji və güc verir, əzələləri və sümükləri möhkəmləndirir. Yerfındığı beyində və bədəndə olan yorğunluğu aradan qaldırır və yaddaşı möhkəmləndirir, hafizəni təzələyir. Meyvə ürək xəstəliklərində də faydalıdır. Hətta cinsi fəaliyyəti artırır, sonsuzluğun aradan qaldırılmasına yardımçı olur. Bu meyvə qanda olan xolesterolu aşağı salmaq qabiliyyətinə malikdir. Hər gün bir ovuc yerfındığı yemək döş, prostat və yoğun bağırsaq xərçənginin yaranmasının qarşısını alır. Şəkər xəstəsi bu meyvədən istifadə edə bilər. Ondan alınan yağ qastriti aradan qaldırır və sair. . .

 Göründüyü kimi, Yerfındığının insan orqanizminə bəxş etdiyi sağlamlıq imkanları xeyli genişdir. Razılıq hissi ilə deməliyəm ki, əvvəllər rayonumuzda pərakəndə halda əkilən bu meyvənin geniş istehsalı məhsəti türklərinin Kürdəmirdə məskunlaşdığı dövrdən sonra başladı. Türk qardaşlarımız hazırda rayonun Mollakənd kəndində 50 hektar sahədə Yerfındığı təsərrüfatı yaradıblar. Hektara səpilən 150-200 kiloqram toxumu Özbəkistandan gətirirlər. Üç növdə əkilən bitkinin yağlılıq faizi yüksək olduğundan qırmızı növə üstünlük verilir. Fermerlər becərmə zamanı sahəyə üç dəfə su verir, üç dəfə kultivasiya çəkirlər. Cari ildə əlavə 30 hektarda da əkin aparılıb. Fermerlər keçən il 32 hektardan 46 ton məhsul götürüblər. Daxili bazarda sərfəli qiymətə satıb gəlir əldə ediblər. Bu il sahələrdən 100 ton məhsul götürmək nəzərdə tuturlar.

 Beləliklə, “günəşli havanın bol olduğu yerdə” - Kürdəmirdə Şahbəyi üzüm sortu ilə yanaşı, hər dadda nemət bitirmək mümkündür.

Ağalar HACIYEV,

Kürdəmir rayon sakini.