Bu sınaqdan da birlikdə çıxacağıq
Türk dünyası

Bu sınaqdan da birlikdə çıxacağıq

Azərbaycan-Türkiyə qardaşlığı dəfələrlə ən çətin sınaqlardan çıxmışdır. 2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı başladığı müharibə zamanı Türkiyə sona qədər Azərbaycanın yanında oldu və siyasi-mənəvi dəstəyini bir anlıq da olsun əsirgəmədi. Həmişə bir-birini dəstəkləyən, istənilən məsələdə bir-birinə dayaq duran, iki qardaş ölkə - Azərbaycan və Türkiyə bütün təbii fəlakətlər, onların nəticələrinin aradan qaldırılması zamanı da bir-birini tək qoymurlar.

Ötən il Türkiyədə güclü meşə yanğınları başlayan gündən dövlətimiz öz köməyini əsirgəmədi, yanğınsöndürənlərimiz çətin mübarizədə türk qardaşlarımızla son ana kimi bir yerdə oldular. FHN-in yanğından xilasetmə qüvvələri bütün gücünü səfərbər edərək yanğın ocaqlarının söndürülməsi istiqamətində təxirəsalınmaz əməliyyatları uğurla yerinə yetirdilər.

Bu gün Türkiyə daha bir sınaq qarşısındadır. Baş verən təbii fəlakət-zəlzələnin törətdiyi faciələrdən hamımız üzgünük. İnsan itkisi, dağıntılar, faciənin miqyasının genişliyi bütün azərbaycanlıları dərindən kədərləndirir. Güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasında Türkiyənin yanında olan ilk dövlət Azərbaycandır. Bu isə dostluğun və qardaşlığın nümunəsidir.

Kahramanmaraş şəhərinin Pazarcık rayonu ilə yanaşı, baş verən zəlzələ Qaziantep, Adıyaman, Hatay, Diyarbəkir, Mersin və bir çox şəhərlərdə də dağıntılara səbəb olub. Zəlzələdən sonra dərhal axtarış-xilasetmə işlərinə başlanılıb. İnsan tələfatının sayı isə hər dəqiqə artır. Yayımlanan kadrları izləmək isə olduqca ağrılıdır. Kimi dağıntılar arasında övladını axtarır, kimisi də valideynlərini, yaxınlarını.

Türkiyədə baş verən zəlzələdə zərərçəkənlərə kömək məqsədilə fevralın 7-dən etibarən paytaxtın bir neçə ərazisində yardım kampaniyası başlayıb. İnsanlar gecə-gündüz bilmədən kampaniyaların təşkil olunduğu ərazilərə axın edir. Təbii fəlakətdə zərərçəkənlərə isti yorğan-döşək, geyim, çadır, generator və sair ehtiyac malları, pul şəklində ianələr göndərilir.

Bu dəstək əlbəttə ki, Azərbaycan və Türkiyə qardaşlığının, dostluğunun bariz nümunəsidir. Münasibətlərin hərtərəfli inkişafı baxımından həyata keçirilən tədbirlər böyük əhəmiyyət daşıyır. Tezliklə Türkiyə bu çətin dönəmi arxada qoyacaq. Güc birlikdə, dostluqda və həmrəylikdədir.

M.MİRZƏ,

"Respublika".