BU KÖÇÜN YÖNÜ KƏLBƏCƏRƏDİR. . .
Region

BU KÖÇÜN YÖNÜ KƏLBƏCƏRƏDİR. . .

Göygöl rayonunun Toğana kəndində -Kəlbəcərə gedən yolun üstündə dayanmışıq.  Fikir bizi çox-çox uzaqlara çəkir. Aram-aram hər iki istiqamətdə irəliləyən hərbi və mülki avtomobillərə fikir veririk, hansının Kəlbəcərə getdiyini, hansının Kəlbəcərdən gəldiyini yəqin etməyə çalışırıq.  Bir vaxtlar bu yollarla Azərbaycanın varı sayılan heyvandarlıq təsərrüfatları yaylamaq üçün Kəlbəcərə- Dəlidağa, Ağcaqıza, Taxtaya, Sarıyerə, Qonura, Qoçdaşa daşınardı.  Az qala 40 rayonun qoyunçuluq təsərrüfatı sadaladığım və sadalamadığım Kəlbəcər yaylaqlarında yaylayırdı.  Elə ki, dağlar al-əlvan çiçəklərlə xalını xatırlatdı elatın köçü başlayırdı.  Bu köç arandan çıxandan yan-yön olana qədər bir ay boyu beləcə bu yollarda bir qələbəlik yaradırdı.  Kəlbəcər yaylaqları aran ellərinin heyvandarlıq təsərrüfatına qucaq açır, 100 minlərlə iri və xırdabuynuzlu heyvanlar bu yaylaqların gül-çiçək dənizinə qərq olurdu. Kəlbəcər dağları yayın üç ayında toy-büsatın, çal-çağırın, çoban tütəyinin səsiylə mürgüləyirdi. Payız özünü yetirməklə havaların soyumağa başlaması, arxaclarda dəvənin, sürünün yönü arana yatdığını görən ağsaqqalları hərəkətə gətirir, köçü qaldırmağın vaxtı çatdığını söylərdilər.  Və üzü arana köç başlayardı.  Dağların kimsəsizliyə, səssizliyə qovuşma zamanı bundan sonra başlardı…Kəlbəcərin alim-ziyalısı, el şairi  Ənvər Rza bu mənzərəni poetik duyumla belə ifadə edirdi:

Dağlar elsiz, çöl tütəksiz, çəmən lal,

Mən bu dərdi oxlamağa gəlmişəm.

Yazda nə var, yaylaqların payızda,

Vəfasını yoxlamağa gəlmişəm.  

Dağların bu müvəqqəti halı Kəlbəcərə min bir məhəbbətlə bağlı olan sakinləri beləcə qəhərləndirərdi...

1993-cü ilin soyuq, qarlı aprel günlərində isə bu yolla Kəlbəcərin “köçü” başlamışdı.  Mənfur düşmənlərin top-tüfəng yağışı altında canını qurtarmaq istəyənlər Murova üz tutmuşdular.  O günlər qarlı Murov neçə-neçə körpənin, qadın və qocanın qanına bais oldu.  Onların buz bağlamış cəsədlərini Murovun sır-sıra bağlamış sərt yamaclarından qoparmaq mümkün olmadı. 27 ildən artıq idi ki, əvvəldə xatırladığım o çal-çağır, o toy- büsat, o çoban bayatısı, çoban tütəyi acı bir xatirəyə dönüb yaddaşımızın bir küncünə atılı qalmışdı.  Bu yerlərdə insan qəh-qəhəsi, sevinci bayquş səsilə əvəzlənmişdi.  Mənfur düşmənlər tək kəlbəcərliləri deyil, aran ellərinin camaatını da bu dağlara, bu yaylaqlara həsrət qoymuşdu.  Burada təbii sərvətlər talanmaqla yaşayış üçün zəruri olan hər şey xarabalığa çevrilmişdi.  Camaatın uzun illərdən bəri alın təri ilə qazandığı var-dövlətini ermənilər mənimsəyirdi.  Bu varın sahibləri isə bir gün quruca torpağa dönmək ümidilə dözməyib canlarını tapşırırdılar.  

Azərbaycanın haqq savaşından sonra bütün Azərbaycan qürurlandı.  Yurd-yuvasından didərgin düşmüş yüz minlərlə insanın sevinci, qüruru ikiqat oldu. Qarabağda muğam səsi, məscidlərdə azan səsi ucalmağa başladı.  Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu öz qüdrətini düşmənə, liderliyini dünyaya göstərdi.  Torpaqlarımızın azadlığı üçün şəhidlərin qanı axdı, qazilərimiz can qoydu.  Azərbaycan xalqı kimliyindən asılı olmayaraq bu haqq savaşına öz mənəvi dəstəyini göstərdi.  O çətin sınaq anlarında başqa şeyə gücü çatmayan üçrəngli bayrağımızı qapı və pəncərəsindən asmaqla öz birliyini, milli mənəviyyatını göstərdi.  Azərbaycan ərazi bütövlüyünün təmin olunması ilə qalib oldu. Bu gün digər azad olunmuş rayonlar kimi Kəlbəcər də öz doğmalarının nəfəsilə üz-üzədir. Kəlbəcər dağlarının, Kəlbəcər yaylaqlarının keçmiş şöhrəti özünə qayıdır.  Yenə də qoyunçuluq, arıçılıq təsərrüfatları öz doğma ünvanına üz tutur.  Artıq Kəlbəcər dağlarına ilkin mərhələ olaraq 10 minə yaxın qoyun sürüsü və 5 yüzə qədər arı ailəsi köçürülmüşdür.  Kəlbəcər Rayon Polis Şöbəsi burada təhlükəsizlik tədbirləri görür.  Eyni zamanda Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi bu dövlət əhəmiyyətli işə öz töhfəsini verir.  Həmçinin Kəlbəcər Aqrar İnkişaf Mərkəzi və rayon Baytarlıq İdarəsinin əməkdaşları da mütəmadi burada profilaktik tədbirlər aparır, peyvəndləmə işləri həyata keçirirlər.  Bir sözlə 27 ildən sonra dağlara qaldırılmış qoyun sürüləri və arı ailələrinə xüsusi fikir verilir. Bu qüruru bizlərə yaşadan şəhidlərimizin ruhuna Tanrıdan rəhmət diləyir, Ali Baş Komandanımıza və Azərbaycan əsgərinə təşəkkürlərimizi çatdırırıq.  İnşallah o gün olacaq ki, yenə də Sarıyer yaylağı, Gəlinqayası öz doğma qonaqlarına qucaq açacaq, Kəlbəcər eli yönbəyön öz ata yurdunda yerləşəcək, bundan sonra o dağların, o yaylaqların toylu-düyünlü, çal-çağırlı günləri elə o dağlar qədər əbədi olacaqdır.

Köçəri ORUCOĞLU,

Kəlbəcər sakini.