Bu günün, sabahın partiyası
Siyasət

Bu günün, sabahın partiyası

"Yeni Azərbaycan Partiyası onu həqiqətən sevənlərin, partiya ilə eyni fikirdə,  eyni əqidədə olanların, partiyanın proqramını, nizamnaməsini qəlbən qəbul edənlərin partiyası  ola bilər".

Heydər ƏLİYEV,

Ümummilli lider.

Yeni Azərbaycan Partiyası cəmiyyətin artmaqda olan ictimai-siyasi tələbatına cavab olaraq ölkəni uçuruma doğru aparan başıpozuq  siyasi prosesləri tənzimləmək, millətə nicat yolunu göstərmək kimi məsuliyyətli və şərəfli bir tarixi vəzifəni yerinə yetirmək ehtiyacından yarandı.

İlk illərdə iqtidar partiyası olaraq YAP xalqımızın milli nicatı, böyük qüdrət sahibi Heydər Əliyevin rəhbərliyi ilə ölkədə genişmiqyaslı islahatların həyata keçirilməsi, dövlətçiliyimizin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin, demokratik prinsiplərin bərqərar olması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da artması yönündə mühüm addımlar atdı.

1994-cü ildə ölkənin valyuta ehtiyatları 10 milyon dollar  olduğu halda, 2001-ci ildə Azərbaycanın valyuta ehtiyatı 1 milyard dollara yaxınlaşdı. İqtisadiyyatın bütün sahələrində irəliləyişlər əldə olundu.

Partiyanın qısa vaxtda böyük nüfuz qazanması  Heydər Əliyev şəxsiyyətinə, onun müdrikliyinə, dövlətçilik təcrübəsinə xalqın böyük etimadı nəticəsində reallığa çevrilmişdisə, həm də partiyanın sürətli inkişafında  xalqa təmənnasız xidmət etmək, onu düçar olduğu fəlakətdən qurtarmaq yolunda mübarizə aparmaq niyyətləri, aydın ideologiyası və vəzifələri mühüm rol oynamışdı. Çünki YAP saf  amallar üzərində qurulmuş bir partiyadır.

YAP Heydər Əliyev zəkasının, siyasi nüfuzunun, dühasının  məhsuludur. Məhz elə Heydər Əliyev ziyası ilə pərvazlanan partiya ölkəmizdə  qaynar siyasi həyatın aparıcı qüvvəsi olaraq bu gün də üzərinə götürdüyü tarixi missiyasını uğurla yerinə yetirir.

Bu il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə bu barədə ətraflı danışıldı. Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tədbirdə çıxış edərək hakim partiyanın 30 illik fəaliyyətini, onun uğurlarını, əldə olunan nailiyyətləri bir daha təhlil edərək demişdir ki, partiyamızın yaranması tarixi hadisə idi. O vaxt gənc Azərbaycan Respublikası çətin günlərini yaşayırdı... Belə bir vəziyyətdə Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər, ölkənin gələcəyini düşünən insanlar nicat yolunu Heydər Əliyevin simasında görür və məhz buna görə də ulu öndərə müraciət ünvanlamışdılar. Bu müraciəti ünvanlayan məşhur "91-lər" öz tarixi missiyalarının öhdəsindən şərəflə gəldilər.

Digər çıxış edənlər də YAP-ın 30 illik fəaliyyətini dəyərləndirərək bildirdilər ki, daim   yeniləşən, mütərəqqi fikirli insanları öz ətrafında birləşdirən YAP nəsillərin müsbət mənada varislik prinsiplərinə ciddi əməl etmiş, burada yeni qüvvələrin, istedadlı gənclərin fəaliyyət göstərməsi, öz istedadlarını nümayiş etdirməsi üçün müsbət zəmin yaratmışdır. Belə ki, 1999-cu ildə YAP-ın I Qurultayında Azərbaycan gəncliyinə yüksək etimad göstərildi, gəncliyimizin ən qabaqcıl nümayəndəsi, siyasətdə öz sözü, ruhu ilə seçilən, ölkənin inkişafının bir çox sahələrində müstəsna xidmət göstərən İlham Əliyevin YAP sədrinin müavini seçilməsi gənclərə göstərilən yüksək qayğının nümunəsi idi. İlham Əliyevin istər YAP sədrinin müavini vəzifəsinə yüksəlməsi, istərsə də 2000-ci ilin parlament seçkilərində proporsional sistem üzrə YAP-ın siyahısına rəhbərlik etməsi onun çoxşaxəli əməli fəaliyyəti nəticəsində ictimai nüfuzunun artdığını sübut edirdi. O, artıq Azərbaycanda və beynəlxalq aləmdə siyasi fəallığı, diplomatik bacarığı ilə fərqlənməklə yanaşı, həm də yetkin siyasi lider kimi də tanınırdı.

1993-2003-cü illər ərzində ölkəyə rəhbərlik edən ümummilli lider Heydər Əliyevin   fəaliyyəti nəticəsində Azərbaycan xalqının həyatında qara səhifələr bağlandı, quruculuq, sabitlik və inkişaf dövrü başladı. Məhz bu səbəbdəndir ki, Azərbaycan xalqı 2003-cü ildə  yenidən Heydər Əliyev siyasətinə səs verərək, öz gələcək taleyini İlham Əliyevə etibar etdi. 2003-cü il oktyabrın 31-də isə andiçmə mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: "Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır.

Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm".

Və ötən 19 ildə Prezident İlham Əliyev ulu öndərin yolunu uğurla davam etdirdi və bu möhkəm təməl üzərində Azərbaycanın sürətli inkişafı təmin olundu.

Prezident İlham Əliyev qurultaydakı çıxışında bununla bağlı deyib:  "Mən  2003-cü ildə xalqa söz vermişdim ki, bu yoldan dönməyəcəyəm. Son 19 ilin hadisələri onu göstərir ki, belə də oldu, ulu öndərin bütün tapşırıqları, bütün tövsiyələri yerinə yetirildi".

Ulu öndərin əsas tövsiyələrindən biri güclü ordu quruculuğu ilə bağlı idi. Bu illərdə Azərbaycanda güclü, modern ordu yaradıldı və Azərbaycan Ordusu  döyüş meydanında böyük rəşadət və şücaət nümayiş etdirdi, dünyanın hərb tarixində yeni nümunələr yaratdı. Hətta güclü hərbi imkanlara malik olan dövlətlər belə,  Azərbaycan Ordusunun  44 günlük savaşdakı döyüş təcrübəsinə böyük maraq göstərirlər. Silahlı Qüvvələrimizin kompleks inkişafı və modernləşdirilməsi ilə bağlı həyata keçirilən hərbi strategiya və taktikanın səmərəliliyi döyüş meydanında öz nəticələrini verib. Silahlı Qüvvələrimiz cəmi 44 gün ərzində düşməni məhv edərək tarixi ədaləti, xalqımızın qürurunu bərpa etdi və bu gün Azərbaycan dövlətinin təhlükəsizliyinin təminatçısı oldu.

Vətən müharibəsində Şuşanın işğaldan azad edilməsi dönüş nöqtəsi oldu, düşmən məğlubiyyət aktı imzaladı. Prezident, Ali Baş Komandan İlham Əliyev işğal altında olan torpaqlarımızı azad etməklə ulu öndərin daha bir  vəsiyyətini yerinə yetirdi. Noyabrın 8-də Şəhidlər xiyabanından xalqımıza Şuşa müjdəsini verərkən  də bunu qürurla bildirdi. Bir sözlə, Prezident İlham Əliyev 19 illik fəaliyyəti dövründə ona göstərilən etimadı doğrultdu. Ötən illərdə qazanılan uğurlar bir daha sübut edir ki, Yeni Azərbaycan Partiyası ölkənin aparıcı və mütərəqqi düşüncəli, yüksək intellektə, yaradıcı potensiala malik çoxsaylı nümayəndələrini birləşdirən siyasi qüvvədir və o, Azərbaycanın gələcəyi naminə mübarizədə daim öndə olacaqdır.

Zümrüd QURBANQIZI,

"Respublika".