Bu günədək 180-dən çox Şuşa sakini 29 illik ayrılıqdan sonra doğma şəhərini görmək imkanı qazanıb
Sosial həyat

Bu günədək 180-dən çox Şuşa sakini 29 illik ayrılıqdan sonra doğma şəhərini görmək imkanı qazanıb

Bu gün daha 80 nəfər Şuşa sakini doğma şəhərə səfər edib.

AZƏRTAC xəbər verir ki, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkil etdiyi səfərdə, ilk olaraq yaşlı nəslin nümayəndələri, Qarabağ qaziləri, şəhərin ziyalıları iştirak ediblər.

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov şuşalıları salamlayaraq bildirib ki, ölkənin “mədəniyyət paytaxtı” adını daşıyan şəhərdə yenidənqurma və bərpa işləri tam sürətlə davam edir. Şəhərin baş planına uyğun olaraq yeni məhəllələr salınır, şəhərin həyat əhəmiyyətli infrastrukturu tam yenilənir, tarixi abidələri bərpa edilir. Eyni zamanda, XXI əsrin standartlarına cavab verən müasir və ekoloji təmiz şəhərsalma yanaşması tətbiq olunur.

Şuşalıların diqqətinə çatdırılıb ki, şəhər sakinlərinin belə səfərləri mütəmadi təşkil olunacaq.

Sonra sakinlər Cıdır düzü, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Qala divarları, Gəncə qapısı, Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər. Səfər zamanı sakinlər öz evlərini də ziyarət etmək imkanı qazanıblar.

Xatırladaq ki, şuşalıların ilk səfəri avqustun 19-da baş tutub və bu günədək artıq 180-dən çox Şuşa sakini 29 illik ayrılıqdan sonra öz doğma şəhərini görmək imkanı qazanıb.

AZƏRTAC