Bu gün Xalq artisti Həsən Seyidbəylinin anım günüdür
Mədəniyyət

Bu gün Xalq artisti Həsən Seyidbəylinin anım günüdür

Bir əsrdən çox yaşı olan Azərbaycan kinosu ötən dövr ərzində özünəməxsus inkişaf yolu keçərək xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynamışdır. XIX əsrin ikinci yarısında Bakının iqtisadi dirçəlişi milli mədəniyyətimizin bir çox sahələri ilə yanaşı, kino sənətinin də yaranmasına zəmin yaratmış, 1898-ci ilin avqust ayının 2-də neft Bakısından bəhs edən ilk xronikal kinosujet nümayiş olunmuşdur. 1935-ci ildə “Azərfilm”in Moskvanın Meyraypromfilm kinostudiyası ilə birgə yaratdığı “Mavi dənizin sahilində” bədii filmi ilə Azərbaycanda ilk səsli kinonun, bir müddət sonra isə rəngli filmlərin çəkilişinə başlanıldı.

Azərbaycan kinosunun yeni inkişaf mərhələsi 1950-ci illərdən başlayır. Bu dövrdə ssenarist, rejissor, operator, rəssam kadrları yetişir, fəhlə və kolxozçuların, müxtəlif peşə sahiblərinin əməyi, həyatı mavi ekranlarda öz əksini tapırdı.

Milli kinomuzun inkişafına öz dəsti-xətti ilə naxış vuran sənətkarlarımızdan biri də Həsən Seyidbəyli idi. Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, kinodramaturq, rejissor və ssenarist Xalq artısti Həsən Seyidbəylinin Azərbaycan kino sənəti salnaməsində silinməz, özünəməxsus layiqli yeri var.

Quruluş verdiyi yüksək bədii keyfiyyətə malik olan filmləri ilə xalqın yaddaşına mənəvi zənginlik, əxlaqi saflıq dərin zövq bəxş edən kinorejissor Həsən Seyidbəylinin mənəvi dünyamızın formalaşmasında böyük xidmətləri olmuşdur. Həmişəyaşar, həmişə sevilən filmləri arasında “Telefonçu qız” (1962), “Kimi daha çox sevirik” (1964), “Möcüzələr adası” (1970), “Sən niyə susursan” (1966), “Xoşbəxtlik qayğıları”, “O qızı tapın” filmlərinin rejissoru olmaqla bərabər, həm də ssenari müəllifi olan H.Seyidbəyli Azərbaycan kinosuna yeni uğurlar, nailiyyətlər gətirmişdi.

Nikbin, səmərəli, həyatsevər xarakteri onun yaradıcılığında da özünü biruzə verir, ərsəyə gətirdiyi ekran əsərlərində hər zaman milli ruh, milli kolorit duyulurdu. Bu mənada onun ssenarisi əsasında çəkilmiş “Doğma xalqımıza” (1954), “Qızmar günəş altında” (1956) filmləri rejissorun uğurlu sənət əsərləridir.

İmza atdığı əsərlərin, çəkdiyi filmlərin hər biri ilə milli kinomuza, ədəbiyyatımıza yeni ruh, yeni nəfəs gətirən sənətkarın əsərləri bütün dövrlərdə öz tamaşaçısını tapmış, onun bədii zövqünü oxşaya bilmişdi. “Bizim Cəbiş müəllim”, “Nəsimi”, “Qızmar günəş altında”, “O qızı tapın”, “Yolda əhvalat”, “Uzaq sahillərdə” və neçə-neçə gözəl filmlərin rejissoru və ssenari müəllifi olan Həsən Seyidbəylinin həm bədii əsərləri, həm də filmləri milli incəsənətimizin bədii salnaməsidir

Bütün filmlərində qəhrəmanının daxili aləmini açaraq, milli-mənəvi dəyərlərimizə üstünlük verən, qəhrəmanını təmiz mənəviyyatlı, saf, pak olmağa çağıran rejissor hər zaman istəyinə nail olmuş, tamaşaçısına sanballı, məzmunca bitkin əsərlər təqdim etmişdir.

İctimai-siyasi xadim kimi diqqət mərkəzində olan bu şəxsiyyət tez-tez xarici ölkələrdə müxtəlif səfərlərdə olmuş, hər səfərdən qayıdışı isə mətbuat səhifələrində oçerk, təəssürat, yol qeydləri kimi öz əksini tapmışdır. Müəllifin bu “İlk tanışlıq”, “On beş gün Yaponiyada”, “Yuqoslaviya xatirələri”, “İyirmi gün Amerikada”, “Gördüyüm yerlər” adlı publisistik kitablarında məhz səfər təəssüratlarından bəhs edilib.

Həm kinorejissor, həm də yazıçı kimi mükəmməl yaradıcılığa malik olan Həsən Seyidbəyli bir neçə çağırış Azərbaycan Ali Sovetinin və Bakı Sovetinin deputatı kimi də fəaliyyət göstərib. Filmləri ümumittifaq kino festivallarında diplomlara layiq görülüb. Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri vəzifəsində işləmiş Həsən Seyidbəylinin yaradıcı əməyi həmişə qiymətləndirilmiş, yazıçı-publisist “Şərəf” nişanı və “Qırmızı Əmək Bayrağı” orden və medalları ilə təltif olunmuşdur.

Ötən il görkəmli kinorejissor, ssenarist, kinodramaturq, Xalq artisti Həsən Seyidbəylinin anadan olmasının 100 illiyi münasibətlə Prezident İlham Əliyevin Sərəncamına əsasən, ölkəmizdə görkəmli sənətkarın yubileyi ilə bağlı müxtəlif tədbirlər həyata keçirilmişdir.

Görkəmli sənətkar 25 iyun 1980-ci ildə Bakıda vəfat edib.

Mehparə ƏLİYEVA,
“Respublika”.