Bu gün bütün dünya iki qardaş ölkənin birliyinə, həmrəyliyinə, müttəfiqliyinə şahidlik edir
Türk dünyası

Bu gün bütün dünya iki qardaş ölkənin birliyinə, həmrəyliyinə, müttəfiqliyinə şahidlik edir

"Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında" Şuşa Bəyannaməsi 1 fevral 2022-ci il tarixdə Milli Məclis tərəfindən təsdiq edilib

Milli dəyərlərin dirçəldilməsi, milli maraqların reallaşdırılması müasir Azərbaycanın dünyəvi, beynəlxalq birliyə inteqrasiya edən, demokratik əsaslara sadiq olan ölkə kimi inkişaf etdirilməsinə imkan verir. Ümummilli lider Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində rolu və nüfuzu getdikcə artır. Artıq Azərbaycan bölgədə öz mövqelərini daha da möhkəmləndirmiş, dövlət başçısının hərtərəfli, düşünülmüş, ölçülüb-biçilmiş siyasəti sayəsində bölgədə və dünyada regional liderliyini təmin etmişdir. Milli maraqların qorunması, milli və dini tolerantlıq kimi təməl prinsipləri əsasında müstəqil siyasət yürüdən ölkəmiz bu gün dünya ölkələri ilə əməkdaşlığı daha da genişləndirir, üzv olduğu beynəlxalq təşkilatlarda fəal iştirak edərək mövqelərini genişləndirir.

Türkiyə-Azərbaycan arasında hər zaman dostluq, qardaşlıq, geniş əməkdaşlıq əlaqələri olmuş, bu əlaqələrin daim inkişaf etməsi üçün hər iki tərəfdən böyük səylər göstərilmişdir. Yalnız iki dost, qardaş türk dövləti arasında məhdudlaşmayan münasibətlər artıq bütün türk dünyasını əhatə edir. Sağlam təməllər üzərində qurulan bu münasibətlər etibarlı tərəfdaşlıq, əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə zəmin yaradaraq müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Azərbaycan və Türkiyə müttəfiq ölkələrdir. Bu gün bütün dünya zəngin kökləri ilə bir-birinə mənəvi bağlı olan iki qardaş ölkənin birliyinə, həmrəyliyinə, müttəfiqliyinə şahidlik edir. Bu birlik yalnız dövlətlərimizin maraqlarını deyil, eyni zamanda sadiqliyi, etibarı, qarşılıqlı dəstəyi ehtiva edir. Dərin tarixi köklərə əsaslanan bu doğma münasibətlərin gündən-günə daha da inkişaf edərək yeni mərhələyə qədəm qoyması təkcə Türkiyə və Azərbaycanın deyil, bütövlükdə regionun gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın ərazi bütövlüyü uğrunda başlayan İkinci Qarabağ müharibəsində dünyanın həsəd apardığı möhtəşəm türk birliyi ortaq tarixə, soykökə malik olan xalqlarımızı bir ideya, bir amal - türk birliyi uğrunda daha da möhkəmləndirdi. Vətən müharibəsində qazandığımız Zəfər dostluğumuzu, qardaşlığımızı daha sarsılmaz etdi.

İki ölkə arasında dostluq və qardaşlıq münasibətlərini yeni müttəfiqlik səviyyəsinə qaldıran, 2021-ci il 15 iyun tarixində Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında imzalanan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" ölkələrimizin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarını birləşdirdi. Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək səviyyəli əməkdaşlığa, eyni zamanda tərəfdaşlığa, ölkələrimiz arasında tarix boyu mövcud olan münasibətlərin genişlənməsinə, dərinləşməsinə yol açdı. Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq Müqaviləsinə, Azərbaycan-Türkiyə Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım müqaviləsinə istinad edən Şuşa Bəyannaməsi tarixən mövcud olan və heç bir zaman sarsılmayan dostluq, qardaşlıq münasibətlərinin təsdiqidir. Qardaşlıq rəmzinə çevrilən, iki qardaş ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldıran Bəyannamədə göstərilən bütün müddəalar daha yüksək səviyyəli əməkdaşlığın, tərəfdaşlığın təminatıdır.

 Regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirən Azərbaycan-Türkiyə bu gün türk birliyinə, həmrəyliyinə böyük töhfələr verirlər. Bu baxımdan, 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiq qalaraq "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə"yə, "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol"a, "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə"yə, iki ölkə arasında imzalanmış bütün beynəlxalq sənədlərə istinad edən Şuşa Bəyannaməsi tarixən mövcud olan və heç bir zaman sarsılmayan dostluq, qardaşlıq münasibətlərinin təsdiqidir.

 "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannamə"sində hər iki dost, qardaş ölkənin bundan sonra da türk həmrəyliyinin daha da möhkəmləndirilməsi məqsədilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türksoy və Türkdilli ölkələrin Parlament Assambleyası çərçivəsində fəaliyyətlərinə dəstək verəcəkləri nəzərdə tutulur. Bu da öz növbəsində türk dünyasının birlik və rifahına xidmət edəcək, milli və beynəlxalq səylərin artırılmasına təkan verəcək, türk mədəni irsinin beynəlxalq səviyyədə təbliğ və təşviq edilməsində birgə əməkdaşlığı gücləndirəcək.

Şuşa Bəyannaməsi qardaşlığımızın rəmzinə çevrilmişdir. İki qardaş ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldıran Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək səviyyəli əməkdaşlığa, eyni zamanda tərəfdaşlığa təminat verir. Azərbaycan Respublikası və Türkiyə Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edir, xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edir və bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətə böyük önəm verirlər.

"Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında" Şuşa Bəyannaməsi Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ötən il fevral ayının 1-də, Türkiyə Böyük Millət Məclisi tərəfindən isə fevral ayının 3-də təsdiqlənməsi "Bir millət, iki dövlət" müdrik deyiminə əsaslanan Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığının, türk dünyasının davamlı inkişafına yönəlmiş qarşılıqlı fəaliyyətin, regional və beynəlxalq müstəvilərdə hər iki dövlətin səylərinin birləşdirilməsinin təzahürüdür.

Mehparə ƏLİYEVA,

"Respublika".