Bu bayram ikiqat sevinc hissi ilə qarşılanır
Digər xəbərlər

Bu bayram ikiqat sevinc hissi ilə qarşılanır

Cəbrayıl Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsinin və V.İsmayılov adına Çərəkən kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə düşmən üzərində qazanılmış tarixi zəfərin ikinci ildönümü münasibətilə "Zəfərin mübarək, Vətən" adlı tədbir keçirildi.

Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısı vəzifəsini müvəqqəti icra edən Tapdıq Nəsirov, icra hakimiyyəti başçısının müavini Fəridə İbayeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsinin rəisi, polkovnik Anar Rəhimov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan

xalqının ümummilli lideri Heydər Əliyevin və şəhidlərin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq dərin ehtiramlarını bildirdilər.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Tədbirdə çıxış edənlər 44 gün sürən hərbi əməliyyatlarda Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyinin ölkəmizin qələbəsini təmin edən mühüm amillər olduğunu bildirdilər. Qeyd olundu ki, "Qarabağ Azərbaycandır!" devizi ilə başlanıb Zəfərlə sonlanan 44 günlük Vətən müharibəsi tarixboyu iftixar rəmzimiz, qürur mənbəyimiz olaraq qalacaqdır. Yurd yerləri işğaldan azad olunmuş Cəbrayıl sakinləri əziz bayramı ikiqat sevinc hissi ilə qarşılayırlar. Çıxış edənlər bu qələbəni xalqımıza yaşadan Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə bütün cəbrayıllılar adından minnətdarlıqlarını ifadə etdilər.

Sonda məktəb şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya dinlənildi, qazilərə medallar və şagirdlərə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsinin Fəxri fərmanları təqdim olundu.

Tofiq HÜSEYN,

"Respublika".