BŞTİ ötən tədris ilini uğurlu göstəricilərlə başa vurub
Sosial həyat

BŞTİ ötən tədris ilini uğurlu göstəricilərlə başa vurub

 2020-2021-ci tədris ilində  Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil sahəsində keyfiyyətin davamlılığının təmin edilməsi istiqamətində məqsədyönlü işlər görülüb. Bu tədris ili bir tərəfdən ciddi sınaqlar ili kimi yadda qalsa da, digər tərəfdən yeni imkanlar ili kimi səciyyələndirilə bilər.

Tədris ilində, həmçinin müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən dəyişikliklərə və qarşıda duran vəzifələrin icrasına nail olmaq məqsədilə BŞTİ-nin və İdarənin tabeliyindəki ümumi təhsil məktəblərinin imkanları səfərbər edilmişdir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 309 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 317 məktəb və 5  Uşaq-Gənclər  İnkişaf  Mərkəzi fəaliyyət göstərir. 2020-2021-ci tədris ilində BŞTİ-nin tabeliyindəki məktəblərdə 456 076 şagirdin təlim-tərbiyəsi ilə 28 167 müəllim məşğul olub.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərini 44 847, IX siniflərini 34 874, XI siniflərini 20 024, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 146 nəfər bitirib. Paytaxt üzrə BŞTİ-nin tabeliyində olan ümumi təhsil müəssisələrinə və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I siniflərinə qəbul olmaq üçün elektron sistem vasitəsilə 45 791 müraciət edilib. Ümumi təhsil məktəblərinin I siniflərinə şagird qəbulu zamanı əvvəlcə elektron sistemdə qeydiyyat prosesi, daha sonra isə məktəb seçimi prosesi aktivləşdirilib. Bu yolla müəyyən səbəblərdən elektron sistemdən istifadə etməkdə çətinlik çəkən valideynlərin qeydiyyat prosesini bitirmək üçün əlavə vaxt qazanması və digər valideynlərlə eyni anda məktəb seçimi mərhələsində iştirak edə bilməsi təmin olunub. Ümumi təhsil məktəblərinin tədris digər dildə aparılan bölmələri üzrə uşaqların I sinfə qəbul zamanı şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müsahibə təşkil edilib. Müsahibə nəticəsi məqbul hesab edilməyən uşaqlar üçün isə Azərbaycan bölməsi üzrə məktəb seçimi imkanı yaradılıb. Paytaxt məktəblərində I sinfə elektron qeydiyyatla bağlı vətəndaşları düşündürən məsələlərə daha geniş aydınlıq gətirmək üçün BŞTİ-nin “Facebook” səhifəsində müvafiq suallara cavab verilib. Özü elektron qeydiyyatdan keçə bilməyən valideynlərə paytaxtın 12 rayonu üzrə 27 məktəbdə yaradılmış işçi qrupları və 4 “Whatsapp” nömrəsi vasitəsilə zəruri köməklik göstərilir.

2020-2021-ci tədris ilində paytaxt üzrə BŞTİ-nin tabeliyindəki 275 ümumi təhsil müəssisəsində 1083 məktəbəhazırlıq qrupu fəaliyyət göstərib. Məktəbəhazırlıq qruplarına 26 754 uşaq cəlb olunub.

2020-2021-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 16 040 şagirdin elektron sistem (sy.edu.az) vasitəsilə yerdəyişməsi aparılıb.

Şagird yerdəyişməsinin elektronlaşdırılması məktəb-valideyn əlaqələrinin bu proses çərçivəsində daha da təkmilləşdirilməsinə və valideynlərin təhsil müəssisələri ilə təmasının daha rahat və şəffaf təşkilinə xidmət edir.

Respublika Fənn Olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 8-i qızıl, 28-i gümüş, 26-sı bürünc  medal əldə edib. Respublika Fənn Olimpiadalarında ümumilikdə 62 məktəbli uğur qazanıb.

 Ümumi təhsil məktəblərinin VI və VII sinif şagirdləri arasında VI Respublika fənn müsabiqələri keçirilib. Fizika, kimya, biologiya, riyaziyyat və informatika üzrə keçirilən fənn müsabiqələrinin final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə 3 nəfər riyaziyyat, 8 nəfər kimya, 3 nəfər fizika, 6 nəfər biologiya, 13 nəfər isə informatika fənni üzrə yüksək bal toplayaraq I, II və III yerlərə layiq görülüb. 

 Paytaxtdakı ümumi təhsil müəssisələrində “Sağlam təhsil-sağlam millət” layihəsinin davamlılığı təmin edilib.

Layihə çərçivəsində 2020-2021-ci tədris ilində paytaxtdakı 39 ümumi təhsil müəssisəsində 170 “Sağlam təhsil” sinfi fəaliyyət göstərib. Həmçinin paytaxtdakı 20 məktəbdə 26 “Sağlam təhsil” məktəbəhazırlıq qrupu təşkil olunub.

 2020-2021-ci tədris ili ərəfəsində BŞTİ-nin tabeliyindəki əsaslı təmir edilmiş təhsil müəssisələrinin təntənəli açılış mərasimləri keçirilib. Bakı şəhəri 154, 216, 251 nömrəli tam orta məktəblərin açılış mərasimlərində ölkə Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva iştirak ediblər.

Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 28-də paytaxtın Sabunçu rayonunda yenidən inşa olunan 90 nömrəli və Suraxanı rayonundakı 97 nömrəli tam orta məktəblərdə yaradılan şəraitlə tanış olub.

Paytaxtda təhsil işçilərinin 24 978 nəfəri vaksinasiya prosesinə qoşulub.  “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq paytaxtdakı təhsil müəssisələrində çalışanların vaksinasiya prosesi həyata keçirilir. Bu məqsədlə Bakı şəhərində yerləşən ümumi təhsil məktəblərində 10 peyvənd məntəqəsi fəaliyyət göstərir. Qeyd edək ki, BŞTİ-nin kollektivi də vaksinasiya prosesində iştirak edib.  

 Tədris ilində ilk dərslər ibtidai siniflərdə “Gigiyena qaydalarına necə əməl edirəm?”, V-IX siniflərdə “Müstəqil öyrənmə bacarıqlarına yiyələnmək zamanın tələbidir”, X-XI siniflərdə isə  “Məsuliyyətli vətəndaş qüdrətli dövlət deməkdir” mövzularına həsr olunub.

 Ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişləndirilib.

BŞTİ-nin tabeliyindəki 187 məktəbdə 709 təmayül sinif təşkil olunub. Təmayülləşmə ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edir. 

Bakı şəhəri üzrə 4 ümumi təhsil müəssisəsində 86 şagird inklüziv təhsilə cəlb edilib. Həmçinin “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”na əsasən, məqsədyönlü işlər görülüb, bu sahədə müəllimlərin üzərinə düşən vəzifələr müəyyənləşdirilib.

Bu, sağlamlıq imkanları qismən məhdud uşaqlarla tam sağlam uşaqların eyni sinifdə oxuduğu siniflərdir. Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına xidmət edir.

Müəllimlərin işə qəbulu və yerdəyişməsi  müsabiqəsinə BŞTİ tərəfindən 2020-2021-ci tədris ili üçün 1 739 vakansiya təqdim olunub. Müsabiqə və müsahibələr nəticəsində 1 600 nəfər işə qəbul olunub.

Pandemiya dövründə “Məktəblinin dostu” layihəsinin əhatə dairəsi genişləndirilib və ilkin olaraq şagird sayı çox olan məktəblərə şamil edilib. Belə ki, “Məktəblinin dostu” layihəsi Bakı, Abşeron və Sumqayıt üzrə 226 ümumi təhsil müəssisəsində fəaliyyət göstərib. Layihə BŞTİ-nin tabeliyindəki 186 ümumi təhsil müəssisəsini əhatə edib.

Sözügedən layihə çərçivəsində şagirdlər arasında  “Əsgərə salam” aksiyası təşkil olunub. Həmçinin məktəblilər Vətən müharibəsində rəşadətli ordumuza dəstək olmaq üçün maraqlı videoçarxlar hazırlayıblar. “Məktəblinin dostu” layihəsinin təşkilatçılığı ilə mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, məktəblilər arasında bir sıra onlayn yarışlar təşkil olunub.

Bundan başqa, təhlükəsizlik və sağlamlığa dair biliklərin artırılması, şagirdlər üçün xüsusi günlərə həsr olunmuş təlimlərin təşkili, sosial-emosional, vətənpərvərlik mövzularında tədbirlər həyata keçirilib.

Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi çərçivəsində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələri üzrə 211 layihə qeydiyyatdan keçib. Onlardan 147-si fərdi, 64-ü isə ümumi təhsil kateqoriyası üzrə müəyyən olunub. BŞTİ tərəfindən “Virtual məktəbdə bir gün” layihəsi həyata keçirilib. Layihə çərçivəsində ümumi təhsil müəssisələrində təşkil edilən distant dərslər BŞTİ rəhbərliyi və İdarənin əməkdaşları tərəfindən dinlənilib, “Virtual məktəb” platformasında tədris və təlim-tərbiyə prosesinin təşkilinin daha da təkmilləşdirilməsi, distant təhsilə cəlbolunma səviyyəsinin təhlili istiqamətində müəllim və məktəb rəhbərlərinin iştirakı ilə müzakirələr aparılıb.  “Virtual məktəbdə bir gün” layihəsinin davamı kimi təşkil edilən müsabiqəyə ümumilikdə 193 onlayn dərs nümunəsi təqdim olunub. Onlardan 12-si qalib olub, 11-i isə fərqlənən dərs kimi qiymətləndirilib. Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.

 Paytaxtın 123 ümumi təhsil məktəbində “Rəqəmsal bacarıqlar” layihəsi həyata keçirilib. Layihədə Bakı şəhəri üzrə 950 müəllim və 83 700 şagird iştirak edib. Layihə çərçivəsində  VI sinifdə təhsil alan 1 440 şagirdin informatika fənninə olan marağının müəyyənləşdirilməsi məqsədilə qiymətləndirmə imtahanı keçirilib.

2020-2021-ci tədris ilində BŞTİ-nin tabeliyindəki 305 ümumi təhsil müəssisəsində “Kiçik akademiya” fəaliyyət göstərib. “Kiçik akademiya”ların fəaliyyətinin gücləndirilməsinə dair BŞTİ-nin Tədbirlər Planına əsasən, paytaxtın bütün məktəblərində “Kiçik akademiya” yaradılması nəzərdə tutulur.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin 12 şagirdi “Sabahın alimləri” X Respublika Müsabiqəsinin qalibi olub. Müsabiqənin ölkə mərhələsinin nəticələrinə görə, paytaxt məktəblilərindən 1-i I yerə, 3-ü II yerə, 8-i isə III yerə layiq görülüb. “Sabahın alimləri” X Respublika Müsabiqəsinin nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 260 nömrəli tam orta məktəbin şagirdləri İntel ISEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində Azərbaycanı təmsil etmək hüququ qazanıb.

 BŞTİ-nin təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır!” adlı onlayn intellektual müsabiqə keçirilib. 294 şagirdin qatıldığı müsabiqənin əsas məqsədi şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, Vətən müharibəsində şəhid olanların xatirəsini ehtiramla yad etmək, Azərbaycan Ordusunun göstərdiyi şücaətə uşaq və gənclərin diqqətini cəlb etmək, habelə xüsusi istedada malik olan uşaqları üzə çıxarmaqdan ibarətdir. Müsabiqənin nəticələrinə əsasən, 2 şagird I, 2 şagird II, 3 şagird isə III yerə layiq görülüb. Müsabiqədə fərqlənən 2 məktəbli isə həvəsləndirici yeri tutub. “Vətənin qəhrəman oğulları” adlı onlayn videotəqdimat müsabiqəsinə 250-dən artıq iş təqdim olunub.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin VII-IX sinif şagirdləri arasında təşkil olunan müsabiqə şagirdlərdə Vətənin bütövlüyü uğrunda canından keçmiş Azərbaycanın igid oğullarının xatirəsini əbədiləşdirmək və xüsusi istedada malik olan uşaqların üzə çıxarılması məqsədilə keçirilib. Müsabiqənin nəticələrinə əsasən, 6 məktəbli “Təşəkkürnamə”yə, 5 məktəbli isə "Tərifnamə"yə layiq görülüb. Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçirilib. 1 (bir) şagird ibtidai təhsil səviyyəsi üzrə eksternat imtahanlarında müvəffəqiyyət qazanıb. Müxtəlif səbəblərdən əvvəlki illərdə ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələrini başa vura bilməyən şəxslər üçün 2020-2021-ci tədris ilində təşkil edilən onlayn eksternat imtahanlarında ümumilikdə 316 nəfər iştirak edib. Onlardan 250 nəfəri imtahanın nəticələrinə görə müvəffəq olub.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən paytaxt məktəblərində fəaliyyət göstərən 3 662 müəllim üçün inklüziv sinifdə təlimin təşkili, 506 müəllim üçün məktəbəhazırlıq qruplarında işin təşkili metodikası, 863 müəllim üçün ibtidai təhsil səviyyəsində şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi metodikası, 76 müəllim üçün isə yerlərdə metodistlərin hazırlanması mövzusunda ixtisasartırma təlimləri təşkil edilib.

Ölkədə təhsilin əlçatanlığının təmin edilməsi məqsədilə həyata keçirilən “Virtual məktəb” layihəsi çərçivəsində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəbləri üzrə 447 843 şagird və 29 293 müəllim qeydiyyatdan keçib.

Teledərslərin interaktivliyini təmin etmək və məsafədən tədris imkanlarını genişləndirmək məqsədilə həyata keçirilən “Virtual məktəb” layihəsi üzrə səmərəli fəaliyyətinə, müəllim və şagirdlərə göstərdiyi dəstəyə görə İdarə tərəfindən 9 müəllim “Təşəkkürnamə”yə layiq görülüb.

Paytaxtın ümumi təhsil müəssisələrində tədris ili ərzində mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar mütəmadi olaraq dezinfeksiya işləri və qabaqlayıcı tədbirlər həyata keçirilib. Həmçinin bütün təhsil müəssisələrində xüsusi karantin rejiminin tələblərindən irəli gələn qaydaların tətbiqinə nəzarət gücləndirilib.

2020-2021-ci tədris ili ərzində Bakı məktəbliləri idman sahəsində də ciddi nailiyyətlərə imza atıblar. Paytaxt məktəbliləri idmanın müxtəlif növləri  üzrə beynəlxalq və respublika yarışlarında 112 qızıl, 89 gümüş, 97 bürünc  olmaqla, ümumilikdə 298 medal əldə ediblər.  

Paytaxtdakı ümumi təhsil müəssisələri tərəfindən  “Azərbaycan Ordusunun Vətən müharibəsindəki zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifə" mövzusunda onlayn dərslər keçirilib. Onlayn dərslərdə xalqımızın Ali Baş Komandanın qətiyyəti, ordumuzun əzmi sayəsində tariximizin ən parlaq və unudulmaz zəfərlərindən birini yaşaması, müzəffər Azərbaycan Ordusunun qüdrəti, yenilməz Azərbaycan əsgərinin qəhrəmanlığı məktəblilərin diqqətinə çatdırılıb.

Həmçinin  “Vətənpərvər Azərbaycan gəncliyi” devizi altında “Zabit olmaq, hərbi vəzifə daşımaq gənclərimizin ən müqəddəs vəzifələrindəndir” mövzusunda vebinar keçirilib. Vebinar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX), BŞTİ və Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı, Binəqədi rayonundakı ümumi təhsil məktəblərinin Gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin iştirakı ilə təşkil edilib.

BŞTİ tərəfindən Vətən müharibəsində iştirak etmiş müəllimlərlə görüş keçirilib. İdarə rəhbərliyi və qazi müəllimlərin iştirak etdiyi görüşdə qazi müəllimlərin həm cəbhədəki, həm də məktəbdəki əməli fəaliyyətləri ilə şagirdlər və yetişməkdə olan nəsillər üçün örnək olduqlarından danışılıb.

2020-2021-ci tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 22 məktəbdə tikinti, əsaslı və cari təmir işləri yerinə yetirilib. Belə ki, 6 məktəb üçün yeni bina və ya əlavə tədris korpusu inşa olunub. Ehtiyac olan ərazilərdə 3 yeni məktəbin (Hövsan qəsəbəsi, Binə qəsəbəsi, Yeni Yasamal Yaşayış Massivi) tikintisi tamamlanıb. Eyni zamanda ehtiyac olan ərazilərdə 4 yeni məktəbin (Binə qəsəbəsi və Binəqədi rayonu ərazisində) tikintisi davam etdirilir.

2020-2021-ci tədris ili ərzində BŞTİ-yə 22 123 müraciət daxil olub. Müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 9 339 zəng qəbul edilib. 9 098 sənəd (vətəndaşlar tərəfindən 3 170 ərizə, Təhsil Nazirliyindən 1 045, digər qurumlardan 1 612, məktəblərdən 2 131 məktub, 279  strukturdaxili yazışma və  861 kadr ərizəsi)  qəbul olunub. Həmçinin 3 589 elektron müraciətə baxılıb. Xüsusi karantin rejimi dövrünün tələblərinə uyğun olaraq, idarə tərəfindən vətəndaş qəbulu prosesi videoqəbul formatında həyata keçirilib. Videoqəbulda iştirak edən 97 vətəndaşın müraciəti idarənin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinlənilib, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görülüb.

Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar müəllim, şagird və valideynlər üçün sosial-maarifləndirmə layihələri həyata keçirilib, müxtəlif aktual mövzular üzrə onlayn müsahibələr təşkil olunub, xüsusi karantin rejiminin tələblərinə əməl olunması istiqamətində görülən işlərə dair ictimaiyyətə məlumatlar verilib.

Həmçinin paytaxt məktəblərinin uğurları, pandemiya vəziyyətində tədrisin təşkili və Vətən müharibəsində iştirak etmiş müəllimlər barədə layihələr də həyata keçirilib.

Əli SADIQOV,

“Respublika”.