BŞİH-də şəhid ailələri ilə görüş keçirilib
Sosial həyat

 BŞİH-də şəhid ailələri ilə görüş keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən aldığımız  məlumatda bildirilir ki, Zəfər bayramı ərəfəsində Bakı Şəhər İcra Hakimiyyətində Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib. Görüşdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qonaqları salamlayaraq bildirib ki, 44 günlük Vətən müharibəsində qazandığımız Şanlı Qələbədən 1 il ötür. Ötən il sentyabrın 27-də şanlı Azərbaycan ordusu  əks-hücuma keçərək işğal altında olan torpaqlarımızı azad etdi. Son 200 il ərzində ilk dəfə olaraq ermənilərlə olan münaqişə qələbə ilə başa çatdı.

Vətən müharibəsi günlərində  ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünü dahi ictimai-siyasi xadimdən əlavə, həm də bacarıqlı sərkərdə kimi göstərdi. Onun rəhbərliyi ilə düşmən üzərində şanlı Qələbə qazanıldı və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur edildi. Qazanılan şanlı Qələbə ölkə başçısı İlham Əliyevin dahi intellekti və müdrik siyasəti sayəsində əldə olundu.

Bildirildi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində qazanılan şanlı Qələbə Ordumuzun və döyüşlərdə iştirak edən əsgər və zabitlərimizin qəhrəmanlığı xüsusi qeyd edilməlidir. Biz döyüşlərdə şəhid olmuş soydaşlarımızin ruhu qarşısında baş əyir, onlara ulu tanrıdan rəhmət diləyirik. Qədirbilən xalqımız onları heç vaxt yaddan çıxarmayacaqdır. Eyni zamanda qanlı döyüşlərdə yaralanıb qazi olmuş vətəndaşlarımız da vardır. Dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva  hər zaman şəhid ailələri və qazilərin yanındadır. Onların problemlərinin həlli istiqamətində böyük işlər görülür.  

Açıq dialoq şəklində keçirilən görüşdə şəhid ailələrinin üzvləri dinlənildi, onların sual və təklifləri, ilk növbədə şəhid adının əbədiləşdirilməsi ilə bağlı müraciətlər nəzarətə alındı.  

Çıxış edən şəhid ailələrinin üzvləri ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın onlara göstərdikləri xüsusi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

Kamil İSMAYIL,

“Respublika”.